ƏMƏK YARMARKASI      
Region

ƏMƏK YARMARKASI      

Lənkəran Olimpiya  İdman Kompleksində növbəti əmək yarmarkası keçirilib. Yarmarkada Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının əməkdaşları, işəgötürən sifarişçi təşkilatların təmsilçiləri və işaxtaranlar iştirak ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə çıxışında bildirib ki, ölkəmizdə əhalinin məşğulluğunun təmin olunmasına dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir. Regionda sayca üçüncü olan əmək yarmarkasına  iqtisadi rayonda fəaliyyət göstərən 31 idarə, müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 900-dən çox iş yeri çıxarılıb.

Yarmarkada işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq istiqamətləri barədə məlumatlar verilib, işaxtaran gənclərlə ilkin sorğular aparılıb. Vakansiyalar üzrə müraciət edən şəxslərin anket məlumatları nəzərdən keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət olunub. 

İlin sonuna kimi Lənkəran-Astara iqtisadi rayonunda daha bir əmək yarmakasının keçiriləcəyi nəzərdə tutulub.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.