Praqmatik dövlət başçısı, möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində, Naftalan məşhur kurort şəhərinin infrastrukturu tamamilə yenilənmiş və müasir yeni müalicə-istirahət mərkəzləri istifadəyə verilmişdir. Məhz, bu baxımdan sözün əsl mənasında, son illər bu sağlamlıq ocaqları öz əvvəlki şöhrətini qaytarmış, dünyavi turizm-müalicə məkanına çevrilmişdir. Hər il minlərlə insanlar xarici ölkələrdən və öz vətənimizdən burada şəfalarını taparaq, sağlam əhval ruhiyyə ilə öz diyarlarına dönürlər. 44 günlük Vətən müharibəsində Şəhid olmuş hərbçilərin ailə üzvlərinin, qazilərin və müharibə iştirakçılarının sağlamlığın bərpası üçün məhz bu müalicə məkanlarında geniş imkanlar yaradılmışdır.
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və “Gold Naftalan” Müalicə Mərkəzinin dəstəyi ilə şəhid, qazi ailələri və onların övladlarının iştirak ilə növbəti əyləncəli konsert təşkil olunmuşdur. Konsert proqramında şəhid və qazi övladları tanınmış ulduzlarla bərabər əyləniblər. Balaca fidanların sevinclərinin həddi-hüdudu yox idi. Konsert proqramına Naftalanda digər müalicə mərkəzlərində yerləşmiş şəhid ailələri də dəvət olunmuşlar.
Zabit XƏLİLOV,
“Respublika”.