GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ƏHƏD FƏRƏHMƏNDİ

1960- ildə Təbrizdə doğulub. İlk orta məktəbi Təbrizdə bitirdikdən sonra qrafika üzrə ali təhsil alıb. Həmin ixtisasın tədrisi ilə məşğuldur. Ali jurnalist kursu keçib 1995-ci ildən bu günədək çap nəşr işlərində çalışır. 2012-ci ildən Təbrizdə nəşr olan "El bilimi" dərgisinin baş yazarı - redaktorudur. İranda nəşr olunan bir sıra jurnal qəzetlərlə ardıcıl əməkdaşlıq edir.

 "Oyaq dünya" şeir toplusunun, "Bağməruf folkloru", "İnci sözlər (aforizmlər)", "Azərbaycanda su dəyirmanı (folklor)", "Qaradağ mahalları (folklor)" adlı kitabların müəllifidir.

Münirə Hüseyninin "Zümrüdlü pıçıltılar (şeir)", Abbas Mərufinin "Ölülər simfoniyası (roman)", Əliəşrəf Dərvişiyanın "Aşura (roman)" kitablarını, Səməd Behrənginin bütün nağıllarını, Əbdülrəhman Diyəcinin İran türkmənləri ilə bağlı "Gülcamal" sevgi romanını fars dilindən Azərbaycan türkcəsinə çevirib.

 

Qar ağac

Qar altında qalan ağac,

Yuxlayıbsan gözəl.

Ürəyində günəş gəzir,

Oxuyursan qəzəl-qəzəl.

 

Uşaqları özləyirsən,

Gəlib sənlə oynayalar.

Sığınalar naz qoynuna

Kölgəndən heç doymayalar.

 

Xəyalında gəzir hər an,

Gülüşürlər çiçəklərin.

Hey açalar, hey yumalar

Yaşıl-yaşıl ləçəklərin.

 

Çox darıxma ömrü azdı,

Dondurucu qarlı qışın.

Yaz gələcək ətrin saça,

Dərin-dərin bunu düşün.

 

ƏLİ FƏRZİZADƏ (SELOĞLU)

1963- ildə Qaradağın Cəfərqulu uşağı kəndində yoxsul bir ailədə dünyaya göz açıb. Ailənin vəziyyəti çox ağır olduğundan kiçik yaşlarından işləyib yalnız ibtidai təhsil ala bilib. Yeniyetməlik yaşından Tehrana köçüb burada tikinti sahəsində çalışıb. Sonralar Təbrizə qayıdıb bir neçə il nəqqaşlıq edib. Nəhayət, yenidən Tehrana qayıdıb ömrünün sonuna qədər o şəhərdə həmin işlə, yəni nəqqaşlıqla məşğul olub.

Əli Fərzizadə Seloğlu 2011-ci ildə Tehranda dünyasını dəyişib.

 

Fəsillər

Gün gəldi, ay dolandı,

Yaz keçdi yay dolandı.

Payız çatdı, çatdı!

Yel səsini ucaltdı,

Bağçaların, bağların,

Bostanların, tağların.

Öz hökmünü yeritdi,

Qanadların qurutdu.

Soyuq düşdü dağlara,

Qondu xəzəl bağlara.

Qış payızı xoşladı,

Dağda qarı başladı.

Qış dağa qar sərəndə,

Payız belə görəndə.

Gördü verib təxtini,

Danladı öz bəxtini.

Çox çalışdı, olmadı,

Arzuları dolmadı.

Oldu payız köçməli,

Öz həqqindən keçməli.

Qış payızı qatladı,

Payız yandı çartladı.

Qaldı, yarımcan qaldı,

Qış meydanı dolandı.

 

Təqdim etdi: Esmira FUAD,

filologiya elmləri doktoru.