MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

O, tarixin ən ağıllı adamı seçildi

Bu yaxınlarda tarixən yaşayıb yaratmış dahi şəxsiyyətlər içərisində öz zəkası ilə elmə daha çox töhfələr verən alimlərin siyahısı tərtib edilib və onlardan böyük  ingilis fiziki, riyaziyyatçısı, astronomu İsaak Nyuton dünyanın ən ağıllı adamı seçilib.

Nyutonun irsi bu gün də elm adamlarını və mütəfəkkirləri ruhlandırmaqda davam edir. Bu universal insanın  dərin  zəkası ilə  dünyaya təsir etməsi danılmaz faktdır. Tədqiqatçıların fikrincə, Nyuton təkcə zəkası ilə deyil, həm də dərin biliyi və yaradıcılıq qabiliyyəti ilə seçilir. Elm adamları XVII əsrdə zəka testləri olmadığı üçün İsaak Nyutonun İQ (İntelligence Quotient - Zəka əmsalı) səviyyəsinin sirr olaraq qaldığını düşünürlər. Onlar Nyutonu rasional insan idealının nümunəsi adlandırırlar.

"Nyutonu həqiqətən fərqləndirən onun misilsiz yaradıcılığıdır. Onun elmə, riyaziyyata, ilahiyyata və digər sahələrə verdiyi töhfələr misilsizdir.  O, elmdə inqilab edən mühüm alətlər və cihazlar icad etdi. Sürətlənməni öyrənmək üçün o, riyaziyyatda fundamental konsepsiya olan törəməni yaratdı, həmçinin ərazini tapmaq üçün hesablamalarda mühüm alət olan inteqrasiyanı inkişaf etdirdi. Bu yeniliklər Nyuton onları həyata keçirməzdən əvvəl mövcud deyildi". Ekspertlərdən biri belə qeyd edib.

Sən demə, bu asılılığı olan insanların...

Belçikalı elm adamları spirtli içki qəbulu ilə rədd edilmə qorxusu arasında əlaqə tapıblar. Belə ki, aparılan yeni bir araşdırma zamanı məlum olub ki, alkoqol asılılığı olan insanların sosial münasibətlərdə rədd edilmə qorxusu digərləri ilə müqayisədə daha çoxdur.

Tədqiqat zamanı içki asılılığı səbəbindən reabilitasiya edilən 105 pasient və  73 nəfər  sağlam  iştirakçıdan  rədd edilmə duyğusu ilə bağlı anketin cavablandırılması istənilib. Bundan əlavə, respondentlərə sosial davranış pozğunluğu, depressiya və insanlar arasındakı qarşılıqlı ünsiyyətlə bağlı testlər də verilib. Sorğunun nəticələri alkoqol asılılığı olan insanlarda rədd edilmə qorxusunun sözügedən vərdişi olmayanlara nisbətən daha çox olduğunu göstərib.

Qeyd edək ki, insanlarda rədd edilmə qorxusu, özünə güvənsizliyin olması yeni mühitdə tərəddüd yaşama, qorxma, yemək yeyə bilməmə və danışmaqda çətinlik çəkmə kimi vəziyyətlərlə özünü göstərir.

Tədqiqat müəlliflərindən Artur Pabst alkoqoldan istifadə edən insanların psixoloji olaraq daha çox problemlə qarşılaşmaması üçün  onlara spirt istehlakından imtina  etməyi tövsiyə edib. O, bunun  üçün ətrafdakılardan və ya bir mütəxəssisdən kömək almağı məsləhət bilib.

Araşdırmanın nəticələri "Journal of Psychiatric Research" jurnalında  dərc olunub.

Dünyanın ən təhlükəli yerləri

Turistlər tərəfindən ziyarət olunan dünyanın  ən təhlükəli təbii məkanlarının siyahısı tərtib edilib. Qərbi Avropanın dağ sistemi olan Alp dağlarının 4810 metr hündürlüyündəki Monblan zirvəsi birinci yerdə qərarlaşıb.

Ekstremal turizm üzrə ekspertlər bu yüksəkliyi turistlərə ölüm gətirən yer adlandırıblar. Bu zirvədə hər il dağ səyahətini sevən onlarla insan həlak olur. Qeyd edək ki, antireytinq onluğunda yer alan təbii məkanların əksəriyyəti dağ zirvələridir. İkinci yeri Şotlandiyada ən yüksək dağ olan Ben-Nevis, üçüncü yeri isə Yaponiyadakı Fudziyama supervulkanı tutur. Dördüncü yer planetimizin ən yüksək zirvəsi Everestə məxsusdur. Beşinci yerdə Afrikanın məşhur stratovulkanı olan Kilimancaro qərarlaşıb.

Beləliklə, dünyadakı ən təhlükəli təbii məkanların TOP-10 siyahısını ardıcıl sıralama ilə Yosemit milli parkı (ABŞ), CAR-dakı Tafelberq dağı, Matterhorn (İsveçrə), Böyük Kanyon (ABŞ), Moher qayalıqları (İrlandiya) davam etdirir.

Sevdiyimiz musiqi ağrılarımızı azalda bilər

Adətən sevdiyimiz hər hansı bir mahnını dinlədikdə "bu mahnı mənə xoş təsir bağışlayır" deyirik. Bunun həqiqətən də belə olub-olmadığını araşdıran elm adamları sevilən mahnıların ağrı hissini azaltdığını aşkar ediblər.

Kanadalı elm adamları müəyyən ediblər ki,  bəyənilən musiqiyə qulaq  asmaqla dərmana ehtiyac duymadan  ağrıların öhdəsindən gəlmək olar. Belə ki, araşdırmaya cəlb olunan sınaq  iştirakçılarında  sevdikləri musiqiyə qulaq asdıqdan sonra  ağrı və narahatlıq hissinin tədricən azaldığı ortaya çıxıb. Bundan əlavə, həmçinin məlum olub ki, həzin mahnılar ritmik  mahnılara nisbətən ağrını daha çox aradan qaldırır.

Tədqiqatçıların məqsədi musiqidən istifadə edərək ağrı hissini dərmansız azaltmaqdır. Təcrübə zamanı iştirakçılar əllərinin iç tərəfinə yerləşdirilən lentlərin yaratdığı süni ağrıya məruz qalıb. Qeyd edək ki, bu lentlər əlin toxunduğu bir stəkan isti çay kimi eyni təşviş yaradıb. Həmçinin  iştirakçıların heç bir musiqi dinləmədikləri halda  ağrıya nə qədər dözə bildikləri də öyrənilib. Nəticədə məlum olub ki, insanlar sevdikləri musiqini dinləyərkən ağrı siqnallarına maneə törədən neyrofizioloji proseslə qarşılaşırlar. Lakin bu təsir yalnız müəyyən bir müddət üçün etibarlıdır. Elm adamları mövzu ilə bağlı daha ətraflı araşdırmalar aparacaqlarını bildiriblər. Araşdırmanın nəticələri "Frontiers in Pain Research" jurnalında dərc olunub.  

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".