Onun  ürəyi Vətənlə döyünürdü...
Region

Onun  ürəyi Vətənlə döyünürdü...

Lənkəran elinin qürur iftixarına dönən İqbal Bayramovun 43 ilik ömür yolu başdan-başa saflıq dünyasına bənzəyir. Yaşadığı illərin səfində onun mənəviyyat fəlsəfəsində yalnız gözəl dünya naminə qurub-yaratmaq, hər bir işdə yurduna gərək olmaq dururdu. Bütün yaxşılıqlar, nəcib əməllər, insanlara təmənnasız münasibət bu ləyaqətli dəyərli şəxsiyyətin dünyasından qaynaqlanırdı.

Qəlbində Vətənə sevgi, xalqına sonsuz məhəbbət yaşatmaqla İqbal Bayramov doğma Hirkan qəsəbəsində orta təhsilini başa vurub 1994- ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur. Tələbəlik illərində oxuyub öyrənməkdən doymur. Həm İqbalın gözəl əxlaqı, həyata sağlam baxışı, insanlığa sevgisi burada müəllimlərin, tələbələrin yanında onun nüfuzunu artırır. Ali məktəbi yüksək səviyyədə bitirəndə hamı onu layiqli vətəndaş, millətin səadəti üçün yaşamağı bacaran bir insan bilir...

Namərd erməni dığaları tərəfindən Qarabağ torpaqlarının əsarətdə saxlanması İqbalın ən yaralı yeri idi. Ali təhsildən sonra, yəni 2001-ci ildə öz arzusu, istəyi ilə Milli Ordu sıralarına yollanır. Leytenant rütbəsində cəbhə bölgəsində yerləşən Ağdam-Tərtər istiqamətində "N" saylı hərbi hissəyə taqım komandiri təyin olunur. O, Vətəninə vicdanla xidmət edir, onun qeyrətini hər şeydən əziz tutur, bu yolda canından belə keçməyə hazır durur.

Həqiqi hərbi xidmətdən sonra İqbal baş leytenant rütbəsi ilə ehtiyata buraxılır. Üç il mülki həyatda müxtəlif işlərdə çalışır. Günləri rahat, gözəl keçsə , düşmənin ədalətsiz hərəkətlərinə son qoymaqdan ötrü özünü hərbiə bağlayır. Müxtəlif vəzifələri tutmaqla yalnız Vətən torpaqlarının azadlığına çalışır. Anamız Azərbaycanın qeyrətli oğlu kimi sinəsini yanar od edib düşmənin bağrını çatladan günə hazırlaşır. ürəyi hər zaman Vətən eşqi ilə döyünür, nümunəvi xidmət göstərməklə ad qazanır. Mayor rütbəsinə qədər yüksəlir. Sıralanan medallara şəhidlik zirvəsinə ucalandan sonra aldığı "Vətən uğrunda" medalı da əlavə olundu.

Vətən müharibəsi başlanan gündən mayor İqbal Bayramov döyüşə 30 il Qarabağ torpaqlarını murdarlayan dığalara nifrət hissi ilə atılır. Sanki düşmənin kökünü kəsməkdə Vətən sevgisi ona hər savaşda yeni qüvvə verir. Təki Azərbaycanın müqəddəs torpaqları azad olunsun deyə ən ağır döyüş meydanında cəsarətlə döyüşür, öndə gedir, əsgərlərini hücuma səsləyir. Cəbrayılda da dığalara od qoyur, onların çoxlu canlı qüvvəsini məhv edir, texnikasını sıradan çıxardır. Bundan əlavə, dəfələrlə çiyin yoldaşlarını mühasirədən çıxarır. 5 oktyabrda düşmən gülləsi İqbalın ömrünə son qoyur.

İqbal Bayramov ömrünü Vətəni üçün yaşadı. Elə buna görə bütün Lənkəran camaatı öz qəhrəman oğlu ilə fəxr edir, onun şərəfli ömür yolunu özlərinə örnək bilirlər.

 Zəfər ORUCOĞLU.