Bakıda məhəllələrarası mini futbol turnirinə yekun vurulub
İdman

Bakıda məhəllələrarası mini futbol turnirinə yekun vurulub

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası mini futbol turnirinə yekun vurulub.

"Respublika" xəbər verir ki, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki mini-futbol stadionlarında təşkil edilən yarışlar olimpia sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edib.

Turnirin ilk turu aprelin 20-nə kimi paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 3-də final oyunları ilə yekun vurulub. Final oyununda Səbail rayonunun “Bayıl” kollektivi və Nizami rayonunun “Flaqman” komandası görüşüblər. 3:2 hesabı ilə qalib gələn birincilər turnirin qalibi olub.

3-cü yer uğrunda yarışda Qaradağın “Lökbatan” klubu Xətai rayonunun “Qarabağ” komandasına 6:1 hesabı ilə qalib gəlib.

Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.