DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ RUSİYA ARASINDA NÜVƏ QARŞIDURMASI FƏLAKƏTLİ HƏDDƏ ÇATIB

ABŞ-ın Rusiya ilə bağlı xarici siyasəti dünyanı nüvə müharibəsi təhlükəsi həddinə çatdırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Harpers Magazine” jurnalında dərc olunmuş məqalədə qeyd olunur.

Məqalədə amerikalı tarixçi və diplomat Corc Kennan səsləndirdiyi fikirlərdən sitat gətirilib. O, 1997-ci ildə bildirmişdi ki, Vaşinqtonun soyuq müharibə atmosferini bərpa etmək səyləri Ağ Evin üzləşəcəyi ciddi səhv addım olacaq.

“ABŞ nüvə təhlükəsizliyi və təminatları sahəsindəki öhdəliklərini yersiz şəkildə artırıb. Buna görə də təhlükəsizliyi olmayan sərhədləri daim genişlənir. Onlar Rusiyanın nüvə arsenalına sahib olduğunu anlayaraq bunu ediblər”, - deyə məlumatda bildirilir.

Eyni zamanda, məqalədə vurğulanıb ki, Ağ Ev Rusiya ilə açıq münaqişəyə getməyə yaxınlaşır. Bütün bunlar ABŞ və Rusiyanın nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib çıxarıb. Hazırki məqamda iki ölkə arasında nüvə qarşıdurması tarixdə görünməmiş şəkildə fəlakətli həddə çatıb.

 

NATO-nun YENİ MÜDAFİƏ PLANINI HƏYATA KEÇİRMƏYƏ UZUN İLLƏR LAZIM OLACAQ

NATO-nun hərbi komandanlığına yeni müdafiə və çəkindirmə planları üçün qoşunları hazırlamağa illər tələb olunacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu NATO Hərbi Komitəsinin sədri Rob Bauer bəyan edib.

“Bu, vaxt aparacaq. Dəyişikliyə dərhal nail olmaq mümkün olmayacaq. Tapşırığı yerinə yetirmək üçün bizə uzun illər lazımdır. Hər bir NATO ölkəsi bununla bağlı iş görməlidir”, - deyə Rob Bauer vurğulayıb.

Eyni zamanda, komitə sədri bildirib ki, yeni planlar hələ tamamlanmadan öncə də alyansa müxtəlif təhdidlərlə daha effektiv mübarizə aparmağa kömək edəcək.

Rob Bauerin sözlərinə görə, planların bu ay Vilnüsdə keçiriləcək NATO sammitinin iştirakçıları tərəfindən təsdiqlənməsi gözlənilir.

 

İĞTİŞAŞLAR FRANSA İQTİSADİYYATINA 1 MİLYARD AVRODAN ÇOX ZİYAN VURUB

Fransada polisin əlcəzair əsilli 17 yaşlı yeniyetməni öldürməsindən sonra bir neçə gün ərzində respublikanın hər yerində baş verən iğtişaşlar nəticəsində iş adamları və bankirləri 1 milyard avrodan çox itki ilə üzləşib. Bunu Fransa Sahibkarlar Hərəkatının (MEDEF) rəhbəri Jofru Ru de Bezyo “Le Parisien” qəzetinə müsahibəsində bildirib.

Hərəkat rəhbəri bununla belə, dəqiq rəqəm söyləməyin hələ tez olduğunu vurğulayıb: “Turizmə dəyən zərəri saymasaq, söhbət 1 milyard avrodan çox vəsaitdən gedir. Dünyada yayılan iğtişaşların videoları Fransanın imicinə xələl gətirir”.

Bununla yanaşı, MEDEF rəhbəri vurğulayıb ki, son günlər ərzində 200 mağaza tamamilə talan edilib, 300 bank filialı dağıdılıb. 250-yə yaxın tütün mağazası da qarət edilib. Bəzi ticarətçilər soyğunçuluqla yanaşı, iğtişaşçılar tərəfindən törədilən yanğınlardan da əziyyət çəkirlər.

Xatırladaq ki, Fransada iğtişaşlar iyunun 27-də əlcəzair əsilli 17 yaşlı sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayıb. Polisin qətli ölkədə geniş narazılığa səbəb olub. Etiraz və qarşıdurmalar zamanı minlərlə insan saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.

 

TALİBLƏR ƏFQANISTANDA GÖZƏLLİK SALONLARINI BAĞLAMAĞI ƏMR EDİBLƏR

Taliblər Əfqanıstanda qadınlara qarşı son məhdudiyyətlər çərçivəsində bərbər və gözəllik salonlarının bağlanmasını tələb edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, şirkətlərə bu barədə iyulun 2-də məlumat verilib və bu tarixdən etibarən bir ay ərzində tələbə əməl etməlidirlər.

Qeyd edək ki, Əfqanıstanda 2021-ci ildə “Taliban” hərəkatı hakimiyyətə gəldikdən sonra qadınların azadlığı davamlı şəkildə məhdudlaşdırılıb. Onlar yeniyetmə qızların və qadınların dərslərdə iştirak etməsini, idman zallarına və parklara getməsini qadağan edirlər. Bu yaxınlarda hətta qadınların BMT-də çalışması da taliblər tərəfindən qadağan olunub.

Eyni zamanda, taliblər qadınların yalnız gözləri görünəcək şəkildə geyinməli olduqları və evlərindən 72 kilometrdən uzaq məsafəyə getdikləri təqdirdə kişi cinsindən olan qohumları tərəfindən müşayiət edilməli olduqları barədə qərar verib.

Qeyd edək ki, beynəlxalq qınağa və qadınların etirazına baxmayaraq Əfqanıstanda məhdudlaşmalar qüvvədə qalmaqdadır.

 

VLADİMIR PUTİN: DÜNYADA GEOSİYASİ ZİDDİYYƏTLƏR GETDİKCƏ KƏSKİNLƏŞİR

Hazırda dünyada geosiyasi ziddiyyətlərin kəskinləşməsi müşahidə olunur. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası zamanı bəyan edib.

Məlumata əsasən, dövlət başçısının sözlərinə görə, beynəlxalq təhlükəsizlik sistemi deqradasiyaya uğrayır.

Eyni zamanda, Vladimir Putin inkişaf etmiş ölkələrin borclarının nəzarətsiz toplanması, sosial təbəqələşmə, habelə ərzaq və ekoloji təhlükəsizliyin pisləşməsi ilə nəticələnən iqtisadiyyat və maliyyə sahəsində qlobal böhran risklərinin artdığını bildirib.

Bununla əlaqədar olaraq, dövlət başçısı təşkilata üzv olan ölkələrdə və onların xarici sərhədlərində təhlükəsizliyin təmin edilməsini ŞƏT-in əsas vəzifələrindən adlandırıb.

 

HAKAN FİDANDAN İSVEÇİN NATO ÜZVLÜYÜ MƏSƏLƏSİNƏ MÜNASİBƏT

“İsveçin NATO-ya üzv olmaq istədiyi gündən əlavə güc deyil, problem yaradan bir ölkə kimi görünməsi bizi düşündürür”. “Report” agentliyinin xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında bildirib.

XİN başçısının sözlərinə görə, Türkiyə İsveçin strateji və təhlükəsizlik baxımdan NATO-ya üzvlüyünün bir yük, yaxud fayda verəcəyi müzakirələr üçün açıqdır.

Türkiyəli nazir Stokholmda terrorçu qruplaşmanın aksiyalar keçirdiyi, pul toplaya bildiyi bir şəraitdə müsbət mənzərənin yaranmadığını qeyd edib: “Biz öz prinsiplərimizlə hərəkət edirik. İsveç öz öhdəliklərini yerinə yetirərsə, başqa alternativlər nəzərdən keçirilə bilər”.

Hakan Fidan həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələləri diqqətlə izlədiyini vurğulayıb. O, kabinetin iyulun 6-da keçiriləcək toplantısından sonra İsveçlə bağlı məsələyə baxacaqlarını da əlavə edib.

Qeyd edək ki, İsveçdə bugünlərdə Quran-Kərimin yandırılması ilə bağlı hökumət məsələyə fərdin azadlığı kimi yanaşaraq hadisəni törədəni cəzalandırmayıb. Bu da müsəlman ölkələrində kəskin etirazla qarşılanıb.

 

İRANDA UN VƏ ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞIB

İranda un və un məmulatlarının, o cümlədən çörəyin qiyməti bahalaşıb. “Iran International” telekanalının verdiyi xəbərə görə, hökumət buna səbəb kimi qonşu ölkələrə qaçaqmalçılıq yolu ilə unun daşınmasını və ildə 4 milyon tondan çox çörəyin tullantı kimi atılmasını göstərib.

İranın iqtisadiyyat nazirinin müavini Məhəmməd Cəlalın sözlərinə görə, ölkədə çörək istehsalçılarına 10 faiz subsidiya verilib. “Səngah” Çörəkçilər İttifaqının rəhbəri Məhəmməd Süleymani isə bildirib ki, subsidiya az olduğu üçün qiymətin artırılması barədə qərar qəbul ediblər.

İranın rəsmi mətbuatı yazır ki, hökumətin bu sahədəki “ağıllı plan”ının həyata keçilməsində problemlər müşahidə olunur: “Çörək hökumətin tətbiq etdiyi qiymətdən bir neçə dəfə baha satılır”.

Məlumata əsasən, subsidiyalar çörək istehsalını məhdudlaşdırırdı. Hökumət “ağıllı plan”a uyğun olaraq subsidiyaların 30-40 faiz artırıldığını açıqlayıb. Lakin onların da tətbiqi mexanizmi yoxdur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.