Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Yuxuda təhsil almaq mümkündürmü?

Bilik əldə etməyin müxtəlif yollarını axtaran  elm adamları, təhsillə yuxunun hər hansı bir  əlaqəsinin  olub-olmadığını araşdırmaqla ortaya maraqlı bir nəticə çıxarıblar. Belə ki, alimlər hər hansı bir şeyi  yuxu zamanı öyrənməyin mümkün olduğunu iddia edirlər. Onların  sözlərinə görə, nəyisə yuxuda əzbərləmək daha yaxşı nəticə verə bilər.

ULB Nevrologiya İnstitutundan Filip Peigneuxun başçılığı altında aparılmış yuxuda öyrənmə bacarığı kimi tanınan hipnopediya ilə əlaqəli  tədqiqat 1960-cı illərdən etibarən populyarlıq qazanmışdır. Bu populyarlıq isə Aldous Hakslinin "Cəsarətli yeni dünya" əsərinə dayanır. Belə ki, romanın qəhrəmanları gündəlik işlərini yuxu zamanı görürdülər. Ancaq bunun elmi əsası daha sonralar araşdırılmağa başlanmışdır.

"Live Science" jurnalında dərc olunan araşdırmaya görə, beynimiz ətrafdakı səsləri yatarkən də eşidir və bu səsləri qruplaşdırmağı bacarır. İsveçrədə aparılan tədqiqat zamanı sübut edilmişdir ki, təhsilin formalaşdırılması üçün yuxunun rolu danılmazdır. Alimlər yuxu rejiminin gün ərzində beynin  fəaliyyətinə təsir etdiyini söyləyirlər.

Məlumdur ki, kifayət qədər  yatmamaq  gün ərzində öyrənməyi çətinləşdirir, beynin fəaliyyətini passivləşdirir. Təhsil həyatında uğur qazanmaq və öyrənmə davamlılığını təmin etmək üçün atılacaq ən böyük addım müntəzəm şəkildə normal yuxu rejimidir. Mütəxəssislərə görə, hansı yaşda olursa-olsun, hər kəsin yuxu rejimi  bütünlükdə onun həyatına təsir edir.

Yuxu zamanı öyrənməklə bağlı müəyyən şübhələr olsa da, yeni bir dil öyrənmək üçün bu vaxtın daha təsirli olduğu düşünülür. Təcrübə zamanı bir qrup insana yuxuda  dinlədilən əcnəbi sözlərin uğurlu bir şəkildə yaddaşda qaldığı müəyyən olunub.

 

Üzümüzdəki xallar haqqımızda nə deyir?

Çinli elm adamları vücudumuzdakı xalların  şəxsi keyfiyyətimizdən xəbər verdiyini söyləyirlər. Alimlərin fikrincə, ilk dəfə qarşılaşdığımız şəxslərin xallarına nəzər yetirməklə  onların xarakteri  haqqında  müəyyən  fikir formalaşdırmaq  mümkündür.

Mütəxəssislər alın nahiyəsində  xalı olan insanların  son dərəcə sakit təbiətli olduğunu deyirlər. Ancaq bu nahiyədəki xallar da yerinə görə müxtəlif mənalara yozulur. Belə ki, xalı alnının sol tərəfində olan insanlar şanssız, sağ tərəfində olanlar isə uğurlu münasibət qura bilən, ortada olanlar isə xoşbəxt ailə həyatına sahib şəxslərdir.

Qaşların içində xalın olmasına isə nadir halda rast gəlinir. Bu xallara sahib olan insanlar ağıllı, yaradıcılıq qabiliyyəti yüksək və əksər hallarda varlı olurlar.

Burundakı xallar yüksək  özgüvəndən xəbər verir. Bəzi hallarda bu insanlar yüksək eqolu da ola bilir.

Yanaqda xalı olanlar isə əksər hallarda səmimi insanlar olur. Belə şəxslər cəsarətli olurlar. Üzün sağ yanağında xalı olan şəxslər ailəsini hər şeydən üstün tutur. Sol yanaqda xalı olan şəxslər isə daha çox təkəbbürlü görünürlər.

Dodaq ətrafı xallar insana cazibədarlıq gətirməklə yanaşı, həm də onlar haqqında ilk təəssürat yaradır. Belə ki, həmin şəxslər həyatı sevən və macərapərəstdirlər.

Çənəsində xal olan insanlar əzmli, yardımsevər və inadkar olur. Mütəxəssislər bu şəxslərin tez-tez ölkə və şəhər dəyişdirdiyini deyirlər. Sözün əsl mənasında,  onlar səyahətsevərlərdir. Qulaqdakı xallar isə güvən, sadiqlik və açıq ürəkdən xəbər verir.

İnformasiya "Sözcü" qəzetində dərc edilib.

 

Qadınların beyni kişilərinkindən isti imiş

İngiltərəli elm adamları ən sirli orqanlarımızdan olan beynimizlə bağlı növbəti bir araşdırmaya imza atıblar. Belə ki, Kembric şəhərinin MRC Molekulyar Biologiya Laboratoriyasının tədqiqatçıları qadınların beyninin kişilərin beynindən 0,4 dərəcə selsi isti olduğunu müəyyən ediblər.

Qadın və kişilər arasında  bioloji cəhətdən müəyyən fərqlər uzun illərdir ki, müxtəlif araşdırmaların mövzusuna çevrilmişdir.  İndiyə qədər aparılan tədqiqatlarda onların beyin strukturu arasında bir çox  fərqliliklər ortaya çıxarılmışdır. Lakin bütün bu dəyişikliklərə baxmayaraq, müxtəlif tədqiqatların nəticələri  cinsindən asılı olmayaraq onların  eyni dərəcədə intellektə sahib olduğunu göstərmişdir.

"Brain" jurnalında dərc olunan informasiyaya  görə, 20-40 yaş arası kişi və qadından ibarət 40 könüllü sınaqlara cəlb olunub. Sinir sisteminin fəaliyyətini və qan axınını  ölçmək üçün xüsusi skan metodu vasitəsilə  respondentlərin beyinləri müqayisə edilib.

Qeyd edək ki, beynin ən yüksək temperaturunun 40,9 dərəcə selsi olduğu müəyyənləşdirilib. Edinburq Kral Xəstəxanasında aparılan araşdırma zamanı  qadınların beyninin kişilərinkindən 0,4 dərəcə selsi daha isti olduğu məlum olub.

Elmə məlumdur ki, beyin gecələr soyuyur,  gündüzlər isə  isinir. Bu orqanda olan yüksək temperatur bədənin başqa yerlərində yüksək hərarət hesab edilsə də, tədqiqatçılar bunu sağlam beyin funksiyasının əlaməti olduğunu söyləyirlər. Bundan əlavə, araşdırma nəticəsində məlum olub ki,  beynin dərin bölgələrindəki temperatur yaşla əlaqədar olaraq artır. Bu isə beynin get-gedə qocalmasını göstərir.

 

Xoşbəxtlik özü də nisbidir...

İnsanlar arasında belə bir fikir formalaşıb: "pul xoşbəxtlik gətirmir". Lakin elm adamları  yeni bir araşdırma ilə bu fikri təkzib ediblər. Belə ki, Kanadanın Britaniya Kolumbiyası Universitetinin alimləri  pulun insanlara xoşbəxtlik gətirib-gətirmədiyini öyrənmək məqsədilə  yeddi ölkəni təmsil edən, müxtəlif gəliri olan  300 iştirakçı arasında maraqlı bir araşdırma aparıblar. Nəticədə məlum olub ki, pul  qismən də olsa xoşbəxtlik gətirir.

Tədqiqatçılar respondentlərin hesabına 10 min dollar pul köçürüblər və onlardan bu pulu heç bir sərmayə etmədən 3 ay müddətində öz istəklərinə uyğun xərcləmələrini istəyiblər. Həmin müddət ərzində hesabına pul köçürülən və yalnız maaşla dolanan,  əlavə gəliri olmayan qrup iştirakçıları  müqayisə edilib. Nəticədə  hesabına pul köçürülən  qrup iştirakçılarının pulu necə xərcləmələrindən asılı olmayaraq özlərini daha xoşbəxt hiss etdikləri məlum olub. 3 ay ərzində bu iştirakçıların həyatlarından razılıq hissi 72 bala çatıb.

"Daily Mail"in hesabatına görə, həm imkanlı, həm də kasıb olan insanların hesablarına pul köçdükdə xoşbəxtlik hissini eyni dərəcədə yaşadıqları ortaya çıxıb.

Həmçinin tədqiqat göstərib ki, gəliri çox olan insanlar digərlərindən müəyyən qədər xoşbəxt olur, amma pul ifrat dərəcədə artdıqca bu hiss  onlarda azalmağa, zəifləməyə başlayır. Bu səbəbdən də alimlər belə bir nəticəyə gəliblər ki,10 min dollar insanı xoşbəxt etmək üçün yetərli məbləğdir.

Bu yanaşma da nisbidir və subyektivdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".