Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

UKRAYNA İLƏ TÜRKİYƏ ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB

Ukrayna ilə Türkiyə arasında strateji sənaye sahəsində Anlaşma Memorandumu imzalanıb. Bu barədə “Report” agentliyi Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilir ki, memorandumu Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin, o cümlədən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır imzalayıblar.

Məlumata görə, əməkdaşlığın əsas istiqamətləri arasında, pilotsuz uçuş aparatlarının istehsalı üçün imkanların inkişafı, müxtəlif tipli PUA-ların istehsalının artırılması,  kosmik və digər texnoloji sektorları sahəsində tədqiqat və inkişaf, eyni zamanda strateji sənaye sahələrinin tərəqqisi üçün zəruri olan digər texniki əməkdaşlıq var.

Açıqlamaya əsasən, memorandum dövlətlər arasında tərəfdaşlığın möhkəmlənməsinə, böyük strateji əhəmiyyət kəsb edən texnologiyaların və sənaye sahələrinin inkişafına kömək edəcək. Sənəd Ukrayna və Türkiyə prezidentlərinin iştirakı ilə imzalanıb.

Xatırladaq ki, Ukrayna prezidenti iyulun 7-də Türkiyəyə səfər edib.

 

İRANDA NAMƏLUM ŞƏXSLƏR POLİS BÖLMƏSİNƏ HÜCUM EDİB

İranın Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin polis məntəqəsinə hücumu nəticəsində iki polis əməkdaşı həlak olub. Həmçinin 4 silahlının öldürüldüyü bildirilir. Bu barədə “IRNA” agentliyi məlumat yayıb.

Hücum əyalətin paytaxtı Zahedan şəhərində yerli vaxtla 07:15 radələrində baş verib. Şəhər prokuroruna istinad edən agentliyin məlumatına əsasən, bir neçə silahlı şəxs polis bölməsinə yaxınlaşıb, bundan sonra partlayışlar baş verib. Yaraqlılar polis idarəsinin nəzarət qülləsinə çıxaraq, oradan polislərə atəş açıblar.

Hücum edənlərin qalan hissəsi polis idarəsinin binasına daxil olaraq atıcı silahlardan atəş açıblar. “Mehr” agentliyinin məlumatına görə, hücum edənlər polis bölməsinə girməzdən əvvəl idarənin girişinə qumbaraatanlardan zərbələr endiriblər.

 

NİDERLAND HÖKUMƏTİ İSTEFA VERİB

Niderlandın baş naziri Mark Ruttenin rəhbərlik etdiyi ölkə hökuməti istefa verib. “Report”un verdiyi xəbərə görə, bu barədə Niderland Nazirlər Kabinetinin rəhbəri mətbuat konfransında bildirib.

Nazirlər Kabineti rəhbərinin sözlərinə görə, yaxın vaxtlarda hökumətin istefası Kral Villem-Aleksandra təqdim olunacaq: “Hakim koalisiyanın dağılması miqrasiya siyasətindəki fikir ayrılıqları ilə bağlıdır. Bu, son dərəcə məyusedici siyasi reallıqdır”.

Məlumata əsasən, növbəti addım yeni parlament seçkilərinin keçirilməsi olacaq. Onların nəticələrinə görə, yeni hakim koalisiya yaradılmalıdır. Bu baş verənə qədər indiki hökumət müvəqqəti olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

Eyni zamanda, ölkənin Seçki Şurasının məlumatına görə, yeni parlament seçkilərinin keçirilməsi noyabrın ortalarına qədər mümkün olmayacaq. Belə ki, seçkilərə hazırlıq vaxt aparır, ona görə də səsvermə noyabrın ortalarından gec olmayaraq keçiriləcək.

 

PAKİSTANDA DAŞQINLAR AZI 50 NƏFƏRİN HƏYATINA SON QOYUB

Pakistanda son iki həftədə musson yağışlarının yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 50 nəfər həlak olub. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Dawn” qəzeti Pakistanın Fövqəladə Hallar İdarəsindəki mənbələrə istinadən xəbər verib.

“İyunun 25-dən bəri ölkə üzrə ən azı 50 nəfər leysan yağışlarının fəsadlarının qurbanı olub, daha 87 nəfər xəsarət alıb. Ən çox ölənlərin sayı Pəncab əyalətində olub. Burada çökmələr və sürüşmələr 20-yə yaxın insanın ölümü ilə nəticələnib”, - deyə açıqlamada bildirilir.

Verilən xəbərə görə, bu ərəfədə ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətinin Şanqla bölgəsində güclü torpaq sürüşməsi nəticəsində 8 yeniyetmə həlak olub. Hazırda xilasedicilər dağıntılar altında qalan uşaqların axtarışını davam etdirirlər.

Eyni zamanda, daşqınlar Pəncabın inzibati mərkəzi olan Lahor şəhərinə ciddi ziyan vurub.

 

BMT: “TAXIL SAZİŞİ”nin UZADILMAMASI AĞIR NƏTİCƏLƏRƏ YOL AÇA BİLƏR

Dünyanın taxıl ehtiyacının əhəmiyyətli hissəsini təmin edən “Taxıl sazişi”nin müddətinin uzadılmaması ağır nəticələrə səbəb ola bilər. “Report” agentliyinin ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandıran BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits bildirib.

BMT rəsmisi yaxın günlərdə müddəti bitəcək sazişin yenilənməsi üçün danışıqların davam etdiyini vurğulayıb. Ankara ilə mütəmadi əlaqədə olduğunu bəyan edən M.Qriffits problemin həlli istiqamətində səylərin nəticələnməsi üçün gələn həftə İstanbula səfər edəcəyini qeyd edib.

“Mən İstanbula, BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan “Taxıl sazişi” üzrə danışıqlar aparmaq üçün Rusiyaya səfərə gedir. Türkiyə taxıl müqaviləsində diplomatik aktyor rolunu oynayır”, - deyə Martin Qriffits əlavə edib.

Eyni zamanda, BMT rəsmisinin sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə də, razılaşmanın uzadılması məsələsini gündəmə gətirib. Əgər razılığa gəlinməzsə, bunun nəticələri çox ağır olacaq.

 

RUSİYA ORDUSU UKRAYNA SƏDDİNİ YARA BİLMƏDİ

Rusiya qüvvələri son sutka ərzində Liman istiqamətində Ukrayna qoşunlarını Berestovonun şimal-qərbində yerləşən mövqelərindən çıxarmağa cəhd ediblər, lakin buna nail olmayıblar. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, Rusiya ordusu əsas səylərini Liman, Marin, Baxmut, Kupyan və Avdiv istiqamətlərinə yönəldib. Gün ərzində bu ərazilərdə ümumilikdə 36 toqquşma qeydə alınıb.

Rusiya qoşunlarının Marin və Avdiv şəhərlərini işğal etmək cəhdləri uğursuz nəticələnib və bütün hücumları Ukrayna ordusu tərəfindən dəf edilib.

Ruslar Baxmut istiqamətində Berxovka yaxınlığında da hücum əməliyyatı keçiriblər. Ərazilərə aviasiya və artilleriyadan atəş açıblar, lakin ciddi nəticə əldə edə bilməyiblər.

Eyni zamanda, Rusiya qoşunları Kupyan istiqamətində Novoselovsk və Stelmaxovka rayonlarında irəliləməyə cəhd edib. Ukrayna müdafiəni möhkəm saxlayıb, bütün hücumların qarşısı alınıb. Bundan əlavə, ruslar Şaxtyor istiqamətində Blaqodatnı yaxınlığında irəliləməyə çalışıb, lakin bu səyləri də nəticəsiz bitib.

 

DONALD TRAMPIN KÖMƏKÇİSİ ÖZÜNÜ TƏQSİRLİ SAYMAYIB

ABŞ-nin keçmiş prezidenti Donald Trampın köməkçisi Uolt Nauta sabiq dövlət başçısının 2021-ci ildə Ağ Evdən çıxarkən özü ilə apardığı çox məxfi sənədləri gizlətməkdə kömək etdiyi üçün ittiham olunur. “Teleqraf.com”un xəbərinə görə, məhkəmə iclasında U.Nauta özünü təqsirli bilməyib.

Məlumata əsasən, Uolt Nauta iyunun 13-də Donald Trampla ilk dəfə məhkəmə qarşısına çıxıb, lakin vəkili olmadığı üçün ittiham olunmayıb. İyunun sonunda eyni səbəbdən onun ittiham aktı ikinci dəfə təxirə salınıb.

Qeyd edək ki, 2024-cü ildə Respubl

ikaçılar Partiyasından prezidentliyə namizəd olan Tramp, milli təhlükəsizlik sənədlərinə order olmadan və ədalət mühakiməsinə mane olmaqda ittiham olunan 37 fakt üzrə özünü təqsirli bilməyib.

Xatırladaq ki, Ağ Evin keçmiş rəsmisi və hazırda Donald Trampın köməkçisi olan Uolt Nauta ədalətə mane olmaq, yalan ifadələr vermək, sənədləri gizlətmək və saxlamaqda ittiham olunur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.