DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİLDƏ NETANYAHU VƏ BLİNKENİN BİRGƏ MƏTBUAT KONFRANSI KEÇİRİLİB

İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ-ın dövlət katibi Entoni Blinkenin oktyabrın 12-də Təl-Əvivdə təkbətək görüşündən sonra birgə mətbuat konfransı keçirilib. Bu barədə “Report” agentliyi “The Times of Israel” nəşrinə istinadən xəbər verib.

Benyamin Netanyahu çıxışı zamanı İsrailə verdiyi dəstəyə görə ABŞ-a təşəkkür edib: “Prezident Baydenə və Amerika xalqına HƏMAS-a qarşı müharibəmizdə İsrailə verdiyi inanılmaz dəstəyə görə təşəkkür edirəm. Bu səfər Amerikanın İsrailə birmənalı dəstəyinin daha bir nümunəsidir”.

Eyni zamanda, B.Netanyahu qeyd edib ki, HƏMAS açıq havada keçirilən musiqi festivalına hücum təşkil etməklə sivilizasiyanın düşməni olduğunu göstərib.

“Musiqi festivalında gənclərin qətlə yetirilməsi, valideynlərin övladlarının, uşaqların da valideynlərinin gözü qarşısında öldürülməsi, insanların diri-diri yandırılması, oğurlanması barbarlıqdır”, - deyə baş nazir əlavə edib.

TÜRKİYƏNİN SON BİR İLDƏ ZƏRƏRSİZLƏŞDİRDİYİ TERRORÇULARIN SAYI

İraq və Suriyanın şimalında aparılan antiterror tədbirləri də daxil olmaqla, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən son bir həftə ərzində 252, son bir ildə isə 1640 terrorçu zərərsizləşdirilib. Beləliklə, antiterror tədbirlərinin başladığı 2015-ci il iyulun 24-dən indiyədək zərərsizləşdirilən terrorçu sayı 38 min 983-ə çatıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk bəyan edib.

Müşavirin sözlərinə görə, bu müddət ərzində Türk Silahlı Qüvvələri tərəfindən Suriya və İraqda terrorçulara aid 194 müxtəlif sığınacaq məhv edilib. Ötən bir il ərzində Suriyada terrorçular tərəfindən türk əsgərlərinə qarşı 388 təxribat və hücum olub.

Eyni zamanda, admiral qeyd edib ki, son bir həftədə qanunsuz yollarla Türkiyə sərhədini keçməyə cəhd göstərən 637 nəfər saxlanılıb, 4771 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. İl ərzində isə sərhədi qeyri-qanuni yollarla keçməyə cəhd edərkən saxlanılanların sayı 9230 nəfər olub. Onlardan 537-nin terror təşkilatının üzvü olduğu müəyyənləşib.

İSRAİLDƏ 25 YAŞLI QADIN QƏSƏBƏNİ SİLAHLILARDAN XİLAS EDİB

HƏMAS silahlılarının İsrailə hücumu nəticəsində Nir-Am Qəzza ilə həmsərhəd zolağında ciddi ziyan çəkməyən yeganə qəsəbə olub. Bu, 25 yaşlı gənc qadın İnbal Rabin-Libermanın cəsurluğu sayəsində baş verib. Bu barədə “Report” agentliyinin məlumatında qeyd olunur.

Bildirilir, İnbal Nir-Am qəsəbəsində doğulub, boya-başa çatıb, İsrailin Müdafiə Ordusunun döyüş bölmələrində xidmət edib. 2022-ci ilin dekabrında qəsəbənin təhlükəsizlik koordinatoru vəzifəsinə təyin edib.

İnbal oktyabrın 7-də səhər, təhlükəni düzgün qiymətləndirib və qısa zamanda qəsəbə sakinlərindən olan “çevik reaksiya dəstəsi”nə silah paylayıb. Gənc qadın evdən-evə qaçaraq özünümüdafiə dəstəsi təşkil edib, qəsəbəni qorumaq üçün plan hazırlayıb və silahlıları pusquya salıb.

Dinc sakinləri öldürməyə gələn terrorçular atəşlə qarşılanıb. Qəsəbəyə girməyə cəhd edən bütün HƏMAS yaraqlıları öldürülüb. Sonradan ərazidə 25 silahlının meyiti aşkarlanıb.

“STARLINK” QAZAXISTANDA  FƏALİYYƏTİNİ GENİŞLƏNDİRIR

“StarLink” Qazaxıstanda ucqar kəndlərin peyk interneti ilə təmin olunması layihəsi çərçivəsində fəaliyyətini genişləndirməyi planlaşdırır. “Trend”in məlumatına görə, bu barədə “SpaceX” şirkətinin “StarLink” məsələləri üzrə vitse-prezidenti Loren Dreyer “Digital Bridge” forumunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı bildirib.

Məlumata əsasən, Kasım-Jomart Tokayev “SpaceX” şirkətini kosmik telekommunikasiyalar sahəsində dünya liderlərindən biri adlandırıb. Dövlət başçısının sözlərinə görə, “SpaceX”in nailiyyətləri yüksək texnologiyaların inkişafını stimullaşdırmaq üçün strateji alətə çevrilib.

Bildirilir ki, Qazaxıstan bu şirkəti qarşılıqlı faydalı əməkdaşlığın qurulması istiqamətində etibarlı tərəfdaş kimi nəzərdən keçirir.

Loren Dreyer öz növbəsində, “StarLink”in Qazaxıstanda fəaliyyətini genişləndirmək istiqamətində planlarından danışıb.

YOAV QALANT: HƏMAS-I TAM MƏHV ETMƏKDƏ QƏRARLIYIQ

“HƏMAS-ı tam şəkildə məhv etməkdə qərarlıyıq”. “Report” agentliyinin xəbərinə görə, bunu İsrailin müdafiə naziri Yoav Qalant jurnalistlərə açıqlamasında bəyan edib.

Müdafiə nazirinin sözlərinə görə, bu müharibə İsrailin gələcəyinə təsir edəcək. “Biz yer üzündəki reallığı dəyişəcəyik. Bu müharibə uzun və çətin olacaq, lakin biz qalib gələcəyik. Bütün çətinliklərə baxmayaraq, vətəndaşlarımızı istənilən təhlükədən qorumağa hazırıq”, - deyə nazir vurğulayıb.

Yoav Qalant bildirib ki, oktyabrın 7-də baş verən hücum zamanı HƏMAS-ın minlərlə silahlısı İsrailə sızıb: “1945-ci ildən bəri yəhudi xalqının başına belə bir hadisə gəlməyib. Bu toqquşma nəticəsində 100-dən çox adam oğurlanıb, 1000-dən çox insan öldürülüb, 3000-dən çox adam yaralanıb. Ölkəyə 5000-dən çox raket atılıb”.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ümumilikdə həlak olanların sayı 1300-ə çatıb, 3300 nəfər isə yaralanıb.

TÜRKİYƏ VƏ RUSİYA ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏCƏK

Türkiyə və Rusiya arasında enerji sahəsində əməkdaşlıqlar davam etdiriləcək. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın açıqlamasında qeyd olunur.

Nazir deyib: “Qazprom” şirkətinin rəsmiləri ilə görüşlərimizdə qərara gəldik ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı yol xəritəsini qarşılıqlı razılaşdıraq, daha sonra isə qarşıdakı dövrdə təbii qaz mərkəzinin reallaşdırılması istiqamətində birgə iş aparaq”.

Eyni zamanda, Alparslan Bayraktar onu da vurğulayıb ki, Türkiyənin məqsədi həm təbii qaz, həm elektrik enerjisi, həm də faydalı qazıntıları özündə birləşdirən İstanbul Maliyyə Mərkəzi və daha böyük bir ticarət mərkəzi yaratmaqdır.

Qeyd edək ki, oktyabrın 11-də Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Aşağı Karbon Emissiyalı Enerji” sessiyasında iştirak etmək üçün Rusiya paytaxtına səfər edib.

ABŞ VƏ VENESUELA SANKSİYA REJİMİNİ YUMŞALTMAĞA YAXINDIR

ABŞ və Venesuela Cənubi Amerika ölkəsinin vətəndaşlarının repatriasiyası haqqında saziş imzalamağa yaxındır. “Bloomberg” agentliyinin verdiyi xəbərə görə, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Açıqlamaya əsasən, iki ölkənin səlahiyyətli orqanları arasında aparılan danışıqlar nəticəsində imzalanacaq sənəd Venesuela vətəndaşlarının ABŞ-dan “nizamlı, təhlükəsiz və qanuni şəkildə geri qaytarılmasına” şərait yaradacaq.

Bununla yanaşı, diqqətə çatdırılıb ki, son illərdə ölkə vətəndaşlarının miqrasiyası birtərəfli sanksiyaların “birbaşa nəticəsidir”.

Eyni zamanda, “Röyters” agentliyinin məlumatına görə, söhbət Meksika-ABŞ sərhədini qanunsuz şəkildə keçmiş venesuelalıların deportasiyasından gedir.

Agentlik qeyd edib ki, son iki ildə yüz minlərlə venesuelalı Meksika-ABŞ sərhədinə çatmaq üçün Darien aralığı kimi tanınan təhlükəli cunqli bölgəsindən keçir. Miqrantların rekord axını Birləşmiş Ştatların şəhərlərinin resurslarının tükənməsinə yol açıb.

Hazırladı:

Vamiq ABBASOV,

"Respublika".