İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Avarçəkmə üzrə Bakı çempionatı

Bu gün Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə avarçəkmə üzrə paytaxt çempionatı təşkil olunacaq.  Bulvar ərazisində, "Milan Expo"nun qarşısında keçiriləcək çempionatda paytaxtla yanaşı, Mingəçevirdən olan 70-dək yeniyetmə və gənc avarçəkən yarışacaq. İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar. Yarışlar saat 17:00-dan etibarən başlayacaq. Bakı çempionatı bir gün davam edəcək. Çempionatda fərqlənən idmançılar gələcəkdə milli komandanın heyətinə cəlb olunacaqlar.

 

Yelkənçilərimiz beynəlxalq turnirdə

Azərbaycan yelkənçiləri iyulun 14-16-da Gürcüstanda keçiriləcək "Tbilisi Open Championship 2023"də iştirak edəcəklər. Yarışda Furkan Mustafayev, Nurlan Ağazadə, Amira Bayramova, Muhammed Məmmədzadə və Kamal Bəşirli qüvvələrini sınayacaqlar. Qeyd edək ki, daha əvvəl Gürcüstan yığması "Baku Sailing Regatta 2023"də iştirak üçün Azərbaycana gəlmişdi.

 

Avropa çempionatında iştirak edəcək heyət açıqlanıb

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin geniş heyəti açıqlanıb. Heyətdə hücumçular - Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova, blokçular - Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko, oyunqurucular - Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova, liberolar - Yuliya Kərimova və Bəyaz Quluyeva yer alıblar.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu il avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".