İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Formula 1 Azərbaycan Qran-Prisinin təqvimi açıqlanıb

Bakı şəhər halqası aprelin 28-30-da yeddinci dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək. Hər zaman unudulmaz  anlarla yadda qalan Formula 1 Azərbaycan Qran-Prisi indiyədək keçirilən altı yarışda altı fərqli qalibi ilə təqvimdəki ən aparıcı şəhər yarışlarından birinə çevrilib. Bakıda, həmçinin mövsümün ilk sprint yarışı keçiriləcək. Aprelin 28-də saat 13:30-dan 14:30-dək sərbəst yürüşlər, daha sonra təsnifat yürüşləri baş tutacaq.  Aprelin 29-da sprint üçün təsnifat yarışları və saat 17:30-dan 18:30-dək sprint yarışları olacaq.  Aprelin 30-da saat 15:00-da isə Formula 1-in Azərbaycan Qran-Prisi yarışları keçiriləcək.    

                            

Şahmatçımız dünya çempionatında ikinci olub

Yunanıstanın Rodos şəhərində təşkil edilən məktəblilər arasında şahmat üzrə dünya çempionatına yekun vurulub. Yarışda 51 ölkədən şahmatçılar iştirak edib. 17 yaşadək məktəblilərin yarışında ölkəmizi təmsil edən Süleyman Süleymanlı gümüş medal qazanıb. Həmyerlimiz 7 xalla yaşıdları arasında ikinci olub. Bu yaş kateqoriyasında 7,5 xal toplayan Adar Tarhan (Türkiyə) qalibiyyət qazanıb. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala layiq görülüb.

 

Yığmamız çempionatda tam heyətlə iştirak edəcək

 Mayın 1-də Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı start götürəcək. On dörd gün davam edəcək mundialda Azərbaycan milli komandası tam heyətlə mübarizə aparacaq -- Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif  Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayev (+92 kq). Yığma mayın 15-də Bakıya qayıdacaq.

 

Stolüstü tennis üzrə çempionat başa çatıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun idman arenasında “Heydər Əliyev İli”nə həsr olunmuş stolüstü tennis üzrə çempionat yekunlaşıb. Çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 18 komandadan 45-ə yaxın əməkdaş həm şəxsi, həm də komanda hesabında qüvvələrini sınayıblar. Sonra çempionatda uğur qazanmış komandalar və şəxsi birincilikdə fərqlənən idmançılar təltif olunublar. Çempionatda FHN Dövlət Yanğından Mühafizə Xidmətinin komandası birinci, FHN-in Şimal-qərb Regional Mərkəzi ikinci, Mülki müdafiə qoşunlarının komandası isə üçüncü yerin sahibi olub. Şəxsi yarışlarda  Əli Bayramov qalib gəlib. İkinci yerdə İlqar Cəfərov, üçüncü yerdə isə Taleh Nəbiyev qərarlaşıb. Qaliblərə kubok, diplom, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Nərgiz İSMAYILOVA,

“Respublika”.