İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Universiada üçün heyət açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadası üçün heyəti açıqlanıb. Yığmaya 12 oyunçu dəvət edilib. Heyətdə hücumçular - Yusif Bunyatov, Aqil Ağazadə, Ruslan Əliyev, Cavid Əzimov, Sənan Dünyamalıyev, blokçular - Əli Rüstəmov, Fərda Dəryayev, Yeqor Nikulenko, Ramazan Ağabəyov, oyunqurucu - Roman Qurski, liberolar - Rəşad Əliyev və Fərhat Cenkel yer alıblar. Qeyd edək ki, Universiada iyulun 28-dən avqustun 8-dək təşkil olunacaq.

 

Stolüstü tennisçilərimiz mübarizəyə başlayırlar

Yeniyetmə və gənc stolüstü tennisçilərimiz bu gün Polşanın Qliviçe şəhərində başlayan Avropa çempionatında mübarizəyə qoşulacaqlar. Gənclərin yarışında Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə və Nigar Mahmudova, yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova güclərini sınayacaqlar. Qeyd edək ki, seçmə komandamızın üzvləri məsul yarışa Çexiyada hazırlaşıblar. İdmançılarımız məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə iyulun 3-dən 13-dək sözügedən ölkənin Havirov şəhərində təlim-məşq toplanışında olublar.

 

Yeni mövsümdə ölkəmiz iki voleybol klubu ilə təmsil olunacaq

Yeni mövsümdə ölkəmizi avrokuboklarda iki voleybol klubu təmsil edəcək. Kişi voleybolçulardan ibarət "Xarı bülbül" və qadın idmançılardan təşkil olunan "Azərreyl" komandaları "Çağırış" kuboku yarışlarında güclərini sınayacaqlar. Yarışın püşkatma mərasimi iyulun 19-da Avropa Voleybol Konfederasiyasının Lüksemburqdakı mənzil qərargahında təşkil olunacaq.

 

Cüdoçularımız Qran-pri turnirində iştirak edəcəklər

Avqustun 18-20-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-pri turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub. Kişilərin yarışında ölkəmizi Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), İbrahim Əliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Murad Fətiyev və Aslan Mirzəyev (hər ikisi 90 kq) təmsil edəcəklər. Qadınların mübarizəsində isə Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (57 kq) və Südabə Ağayeva (70 kq) tatami üzərinə çıxacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".