Fərid Qayıbov beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb
İdman

Fərid Qayıbov beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

"Respublika" xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra “Azərbaycan Respublikasının idman ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançılara təbriklərini çatdırıb və onlara yeni uğurlar arzulayıb.

Tədbirdə ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.