İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

XXXI Ümumdünya Yay Universiadası

Azərbaycanı Çində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında 16 idman növündə 88 idmançı təmsil edəcək. İyulun 28-də baş tutacaq yarış avqustun 8-dək davam edəcək. Komandamız avqustun 9-da Vətənə qayıdacaq. Universiadada 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında olan idmançılar mübarizə aparacaqlar.

Azərbaycan komandasının bayraqdarı kişilərdə atlet Nazim Babayev, qadınlarda cüdoçumuz Gültac Məmmədəliyeva olacaq. Bu il yarışda iştirak etmək üçün 100-dən çox ölkə qeydiyyatdan keçib.

Boksçularımız Avropa birinciliyinə qələbə ilə başlayıb

Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürüb. Otuz iki ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü qalib olub. 48 kq çəkidə mübarizə aparan Zidan Hümbətovun 1/8 finalda rəqibi yunanıstanlı Angelos Karaiti ilə döyüşü iyulun 25-də olacaq.  Sübhan Babayev (50 kq) iyulun 22-də 1/8 final çərçivəsində Maksim Çekin ilə (Ukrayna) görüşəcək. Orucəli Cavadzadə iyulun 24-də İngiltərə təmsilçisi ilə mübarizə aparacaq. Cəmilə Sultanlı (48 kq) da ilk duelindən qalib ayrılıb. Onun növbəti görüşü iyulun 25-də ukraynalı idmançı ilə olacaq. Qeyd edək ki, Avropa birinciliyində final qarşılaşmaları iyulun 30-da keçiriləcək.

Ölkəmizi təmsil edəcək cüdoçular müəyyənləşib

Sloveniyanın Maribor şəhərində təşkil olunacaq Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında (EYOF) ölkəmizi 12 çəki dərəcəsində 8 oğlan və 4 qız idmançı təmsil edəcək. Turnirdə Nihad Məmişov (50 kq), Ayxan Mirzəzadə (55 kq), Məhəmməd Musayev (60 kq), Cəsur İbadlı (66 kq), Süleyman Şükürov (73 kq), Hüseyn Eyvazlı (81 kq), Aslan Kotsoyev (90 kq), Ramazan Əhmədov (+90 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Kamilla Toholiyeva (63 kq) tatamiyə çıxacaqlar.

"Sumqayıt" daha bir əcnəbi futbolçunu transfer edib

2023/24-cü il mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir əcnəbi futbolçu keçidini reallaşdırıb. Komanda pakistanlı futbolçu İsa Suliman ilə 2 illik müqavilə imzalayıb. "Aston Villa" akademiyasının yetirməsi olan 25 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində İngiltərənin "Çeltenhem", "Qrimsbi Taun", Niderlandın "Emmen", Portuqaliyanın "Nasional", "Vilafrankeze" və "Vitoria Gimaraeş" klublarında çıxış edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".