DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

YENS STOLTENBERQ UKRAYNA İLƏ BAĞLI TƏCILI İCLAS ÇAĞIRIB

NATO-nun baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb. “Report” agentliyinin məlumatına görə, bunu NATO nümayəndəsi Oan Lunqesku bildirib.

Alyans rəsmisinin sözlərinə görə, tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər. O, həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək.

Qeyd edək ki, iyulun 23-də Rusiya “Oniks”, “X-22” və “Kalibr” qanadlı raketlərindən istifadə etməklə Odessa və regiona növbəti hücuma keçib. Zərbələr nəticəsində mülki obyektlərə və yaşayış binalarına ciddi ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, Odessaya ballistik də daxil olmaqla müxtəlif tipli 19 raket atılıb. Hava hücumundan müdafiə qüvvələri onların yarısını vurub. Bundan başqa Rusiya ordusunun Odessanı bombalaması nəticəsində kafedral kilsə dağılıb.

 

ÇİNDƏN YAPONIYA VƏ CƏNUBI KOREYAYA TƏKLIF

Çin Yaponiya və Koreya Respublikası ilə yüksək səviyyəli üçtərəfli görüş keçirməyi təklif edib. Bu barədə “Kyodo” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Verilən xəbərə görə, müvafiq təkliflə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin  Xarici Əlaqələr Komissiyasının aparat rəhbəri Van İ çıxış edib.

Agentlik qeyd edib ki, tərəflər nazir müavinləri səviyyəsində danışıqlar təşkil edə və iqtisadi əməkdaşlığı, eləcə də ekoloji məsələləri, o cümlədən Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasından radiasiyadan təmizlənmiş suyun okeana axıdılmasını müzakirə edə bilərlər.

Eyni zamanda, Yaponiya rəsmilərinin fikrincə, məsləhətləşmələrin müsbət nəticələri olacağı təqdirdə üç ölkənin xarici işlər nazirlərinin görüşünün, daha sonra isə rəhbərlik nümayəndələrinin görüşünün keçirilməsi barədə düşünmək olar. Sonuncu dəfə bu səviyyədə təmaslar 2019-cu ildə keçirilib.

 

ABŞ UKRAYNADAN HESABAT GÖZLƏYİR

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bu həftə Pentaqona ölkədə ABŞ-ın tədarük etdiyi kasetli sursatların istifadəsi ilə bağlı ilk hesabatını təqdim edəcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, nazir bu barədə “CNN” telekanalına müsahibəsində bildirib.

Bununla yanaşı, nazir hazırda kaset sursatlarının təsiri ilə bağlı hesabatı gözlədiyini vurğulayıb və əlavə edib ki, ehtimallara görə, hesabatı yaxın bir neçə gün ərzində Pentaqona təhvil verəcək.

“Ümid edirəm ki, onlar adi döyüş sursatlarından daha effektiv olacaq”, - deyə Aleksey Reznikov əlavə edib.

Müdafiə naziri kaset bombalarının artilleriya sistemlərinə qarşı, xüsusən də əks-batareya döyüşləri zamanı, zirehli personal daşıyıcılarına, piyadaların döyüş maşınlarına, həmçinin piyadalara qarşı daha təsirli olacağını gözləyir.

Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın kaset sursatlarının təsirsiz olduğunu açıqlamışdı.

 

VLADİMİR PUTİNDƏN HƏRBİ XİDMƏTLƏ BAĞLI YENİ QANUN

Rusiya prezidenti Vladimir Putin hərbi rütbəsi zabit rütbəsindən aşağı olan vətəndaşlar üçün ehtiyatda olmanın yaş həddini 5 il artıran qanun imzalayıb. “Trend” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sənəd hüquqi informasiya portalında dərc olunub.

Məlumata görə, qanun əsgər, matros, serjant, komandir, gizir və miçman rütbələrində olanlara şamil edilir. Birinci kateqoriyaya aid olan hərbi qulluqçular üçün yaş həddi 35-dən 40-a, ikinci kateqoriyalar üçün 45-dən 50-yə, üçüncülər üçün 50-dən 55-ə qaldırılır. Bildirilir ki, dərəcələr yaş, rütbə və cinsdən asılıdır.

Eyni zamanda, vətəndaşların səfərbərlik ehtiyatında qalmasının yuxarı yaş həddi beş il artırılıb: yüksək rütbəli zabitlər üçün 60 yaşdan 65 yaşa, kiçik zabitlər üçün 55 yaşdan 60 yaşa, digər rütbələrdə olanlar üçün 45 yaşdan 55 yaşadək.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

 

UKRAYNA ORDUSU ƏKS-HÜCUMUN İKİNCİ DALĞASINA HAZIRLAŞIR

Ukrayna ordusu əks-hücum əməliyyatının ikinci dalğasına hazırlaşır. “Report” agentliyinin xəbərinə görə, bu barədə Almaniyanın “Bild” qəzetinin yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Aspene şəhərində təhlükəsizlik məsələləri üzrə forumdakı çıxışı zamanı Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər ehtiyatla hücuma keçdiyini etiraf edib: “Lakin indi əks-hücumların sürətinin arta biləcəyi an yaxınlaşır”.

Eyni zamanda, ABŞ dövlət katibi Entoni Blinken də bu yaxınlarda oxşar bəyanatla çıxış edərək, Ukrayna ordusunun əks-hücum əməliyyatının nəticələrindən danışmağın hələ tez olduğunu vurğulamışdı.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Silahlı Qüvvələrinin polkovniki Sergey Baranov bildirib ki, Rusiya ordusunun itkilərinin təxminən 90 faizi Ukraynanın raket və artilleriya bölmələrinin payına düşür. O, yaradılan zərbə qruplarını və Qərbin uzaqmənzilli silahlarını “odlu yumruq” adlandırıb.

 

KREML MOSKVAYA EDİLƏN DRON HÜCUMU ILƏ BAĞLI BƏYANAT YAYIB

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov iyulun 24-də paytaxt Moskvaya pilotsuz uçuş aparatı ilə edilən hücumla bağlı jurnalistlərə açıqlama verib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Dmitri Peskov sözügedən PUA-ların məhv edildiyini qeyd edərək deyib: “Hava hücumundan müdafiə ilə əlaqədar tədbirlər görülür”.

Ukraynanın Krıma pilotsuz uçuş aparatı ilə etdiyi hücuma da münasibət bildirən Dmitri Peskov bölgədə təhlükəsizliyin təmin edilməsi üçün hər kəsin diqqətli olduğunu və lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Eyni zamanda, mətbuat katibi Krım körpüsünə hücum təhlükəsinin davam etdiyini də vurğulayıb.

Qeyd edək ki, Rusiyanın paytaxtı Moskva şəhəri iyulun 24-də Ukraynaya məxsus iki PUA-nın hücumuna məruz qalıb. Hücum nəticəsində ölən və ya yaralananın olmadığı bildirilir.

Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi iyulun 24-də Ukraynanın Krıma 17 PUA hücumunun qarşısının alındığını açıqlayıb.

 

TÜRKİYƏNIN YENİ SILAHI DÜŞMƏNIN “ƏL-QOLUNU” BAĞLAYACAQ

Türkiyə Milli Müdafiə Sənayesi “UÇA” adlı təyyarələrdən atıla biləcək  və düşmənin gəmilərini, eləcə də sualtı qayıqlarını məhv edəcək “ağıllı” dərinlik minası hazırlayıb. Bu barədə “Anadolu” agentliyinin  yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, “UÇA” iyulun 25-28 tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək XVI Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdiriləcək.

Məlumata əsasən, “UÇA” layihəsi hədəf aşkarlama və mina atış qurğusunun “MK-84” tipli ümumi təyinatlı bombalara inteqrasiyasını, hücum dəniz minalarına çevrilməsini əhatə edir.

“F-16”, “F-4”, “Bayraktar AKINCI”, “AKSUNGUR”dəki “MK-84” ümumi təyinatlı təyyarə bombaları kimi “UÇA” da bu hava vasitələrində daşına bilir.

Açıqlamaya görə, bu texnikada sualtı “Akustik IFF” (“dost-düşmən tanıma”) sistemi, təzyiq, vibrasiya, maqnit anomaliyası və akustik sensorları mövcuddur. “UÇA” bu qabaqcıl sensor birləşmə texnologiyası ilə hədəf gəmiləri aşkar etmək və məhv etmək qabiliyyətinə malik olacaq.

Məlumata görə, “UÇA” layihəsi Maşınqayırma və Kimya Sənayesi, “Koç Savunma” və “TÜBİTAK SAGE”nin öz qaynaqları və təşəbbüsü ilə həyata keçirilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.