BƏƏ-də COP28 çərçivəsində ölkəmizin mina probleminə dair tədbir
Diaspora

BƏƏ-də COP28 çərçivəsində ölkəmizin mina probleminə dair tədbir

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-də iştirak edib.

Azərbaycanın COP28-dəki pavilyonunda "Mina təhlükəsi ilə mübarizə - yaşıl gələcək: minaların ətraf mühitə təsirlərinin azaldılması" adlı tədbir keçirilib. Məqsədi bu sahədə ən yaxşı təcrübələri paylaşmaq və humanitar minatəmizləmə sahəsində dayanıqlı yanaşmalar üzrə müzakirələri təşviq etmək, icma təhlükəsizliyini təmin edərkən ekosistemlərin qorunmasının vacibliyini diqqətə çatdırmaqdır.

Tədbirdə agentliyin idarə heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin miqyasını, işğal zamanı Qarabağ və Şərqi Zəngəzurun təmiz ekosisteminin Ermənistanın hərbi qüvvələri tərəfindən dağıdıldığını, təxminən 1,5 milyona yaxın minanın basdırıldığını və 9 min kvadratkilometr ərazinin təhlükəli hesab edildiyini qeyd edib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxış edərək mina və digər partlayıcı qalıqların ətraf mühitə mənfi təsiri, ekoloji tarazlığın bərpa olunması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi, eləcə də minatəmizləmə fəaliyyəti ilə ekoloji inkişaf arasında əlaqənin vacib komponent olduğunu bildirib.

Panel müzakirələrdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov, Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov, eləcə də Minaların Təmizlənməsi üzrə Qlobal Məsləhətçi, BMT İP-nin Böhran Bürosu üzrə nümayəndəsi Steinar Essen və başqaları iştirak ediblər.

Münaqişələr və Ətraf Mühit Müşahidələri üzrə qurumun Ətraf Mühit Siyasəti üzrə mütəxəssisi Linsey Cottrell mövzunun BMT-nin gündəliyi üçün maraqlı olduğunu, minaların ekosistemə təsiri istiqamətində BMT qurumları ilə tərəfdaşlığın gələcək perspektivlərinin mövcudluğunu, həmçinin minaların tərkibində olan toksik maddələrin ətraf mühitə təsirləri üzərində çalışmalara başlanıldığını qeyd edib.

"Respublika".