Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

MACARISTAN: SÜLH DANIŞIQLARI DAHA DA PİSLƏŞƏCƏK

“Rəsmi Budapeşt hesab edir ki, gələcəkdə Ukrayna üzrə sülh danışıqlarının şərtləri daha da pisləşəcək”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bəyan edib.

Nazirin sözlərinə görə, bu münaqişə döyüş meydanında həll edilə bilməz və sülh danışıqları üçün hazırda mövcud olandan daha yaxşı şərait olmayacaq.

“Dünənki şərait bugünkündən daha yaxşı idi, sabahkı şərait isə bugünkündən daha pis olacaq”, - deyə Peter Siyarto əlavə edib.

Bununla yanaşı, Türkiyə hökumətinə minnətdarlığını bildirən nazir qeyd edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında 2022-ci ildə “Taxıl sazişi”nin bağlanmasında uğurla vasitəçilik edən yeganə dövlətdir.

 

BMT NİGER PREZİDENTİNİ DƏRHAL AZAD ETMƏYƏ ÇAĞIRIB

BMT Təhlükəsizlik Şurası  Nigerdəki hərbi çevrilişi kəskin şəkildə pisləyərək, prezident Məhəmməd Bazum dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə iyulun 28-də keçirilən məsləhətləşmələrdən sonra qəbul edilən birgə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Niger Respublikasının qanuni hökumətinin konstitusiyaya zidd olaraq dəyişdirilməsi cəhdlərini qətiyyətlə pisləyib.

Şuranın üzvləri respublikanın demokratik yolla seçilmiş prezidenti Məhəmməd Bazumu qeyd-şərtsiz və dərhal azad etməyə çağırıb, onun, ailəsinin və hökumət üzvlərinin müdafiəsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, iyulun 26-da Prezident Qvardiyası Nigerdə qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu həbs edib. Qiyama 2011-ci ildə sabiq prezident Mohamed İssufu tərəfindən Prezident Qvardiyasının komandanı təyin edilən ordu generalı Abdurahman Çiani rəhbərlik edib. O, hərbi çevrilişin üçüncü günü özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti” elan edib.

 

TÜRKİYƏ DİN-i İSTANBULDA OLAN SURİYALILARA XƏBƏRDARLIQ EDİB

İstanbulda qeydiyyatda olmayan suriyalılar sentyabrın 24-nə qədər qeydiyyatda olduqları şəhər və rayonlara geri qayıtmalıdırlar. “Haber Global” telekanalının xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.

Eyni zamanda qeyd olunur ki, həmin şəxslər göstərilən tarixədək Miqrasiya İdarəsinə müraciət edərək yola düşmək üçün icazə kağızı ala bilərlər.

Məlumata əsasən, bu il fevralın 6-da baş verən zəlzələdən sonra həmin rayon və şəhərlərdən İstanbula gələn suriyaəsilli əcnəbilər ikinci müraciətə qədər qeydiyyatda olduqları ərazilərdə yaşayacaqlar.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu prezident seçkilərindən sonra Türkiyədəki 1 milyon suriyalının öz ölkələrinə qayıdacağını və bununla bağlı Qətərlə əməkdaşlığa başlanıldığını da söyləmişdi.

 

HİNDİSTAN “SWIFT”Ə ALTERNATİV YARATMAQ NİYYƏTİNDƏDİR

Hindistan hakimiyyəti beynəlxalq ticarətdə rupi ilə hesablaşmalar üçün “SWIFT” banklararası məlumat mübadiləsi sisteminə alternativin işlənib hazırlanması imkanlarını nəzərdən keçirir. Bu barədə “The Economic Times” nəşri məlumat yayıb.

Bildirilir ki, özünün beynəlxalq maliyyə məlumat mübadiləsi sisteminin yaradılması “hind valyutasının qlobal maliyyə sistemindəki rolunu artırmağa” kömək edəcək.

Verilən xəbərə əsasən, hökumət artıq bu məsələ ilə bağlı ekspert komissiyası yaradıb və tezliklə öz işinin nəticələrini təqdim etməlidir. Komissiyaya Hindistanın bank sektorunun nümayəndələri, xüsusən Hindistan Dövlət Bankı, Mərkəzi Bank, Baroda Bankı məsləhət verir.

Qeyd edilir ki, Hindistan son illərdə ikitərəfli əlaqələrdə, xüsusən də Rusiya, BRİKS ölkələri və Afrika ilə ticarətdə milli valyutalarla hesablaşmalar mövzusunu müntəzəm olaraq qaldırıb. 2023-cü ilin iyulunda Hindistan Ehtiyat Bankının idarələrarası işçi qrupunun açıqlamasına görə, Hindistan bu məqsədlə ölkədə mövcud ödəniş sistemlərindən istifadə edə bilər və onlardan ən populyarı “UPI”, “RuPay”dir.

 

PENTAQON RƏHBƏRİ: RUSİYA İLƏ ƏLAQƏLƏRİ DAVAM ETDİRİRİK

ABŞ Suriya hava məkanında əməliyyatları müzakirə etmək üçün Rusiya ilə əlaqə saxlamağa davam edir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Pentaqon rəhbəri Lloyd Ostin Brisbendə ABŞ dövlət katibi Entoni Blinken və Avstraliyanın müdafiə və xarici işlər nazirləri Riçard Marles və Penni Vonqun iştirak etdiyi “iki üstəgəl iki” (AUSMIN) formatında danışıqların yekunları üzrə çıxışı zamanı bəyan edib.

“Biz narahatlığımızı bildirmək üçün müəyyən edilmiş kanallarla Rusiyanın müvafiq olaraq yüksək səviyyəli rəhbərliyilə əlaqəni davam etdirəcəyik. Bir daha təkrar edirik ki, hava məkanında həmişəki kimi fəaliyyətdə olacaq və maraqlarımızı qoruyacağıq” - deyə Lloyd Ostin vurğulayıb.

Bununla da Pentaqon rəhbəri Rusiya qırıcılarının Suriyada İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar aparan ABŞ-ın “MQ-9 Reaper” pilotsuz uçuş aparatlarının yaxınlığında təhlükəli manevrlər etməsi ilə bağlı xəbərləri şərh etmiş olub.

 

BRAZİLİYA RUSIYA KƏŞFİYYATÇISINI ABŞ-A TƏHVİL VERMƏK ISTƏMIR

Braziliya ABŞ-ın Rusiya vətəndaşı Sergey Çerkasovun ekstradisiyası tələbini rədd edib. Bildirilir ki, bu şəxs Rusiya hərbi kəşfiyyatının zabiti ola bilər. “Report” xəbər verir ki, bu barədə Braziliyanın Ədliyyə və İctimai Təhlükəsizlik Nazirliyinin bəyanatında qeyd olunur.

Eyni zamanda, nazirlik ABŞ-ın rusiyalının ekstradisiyası tələbini əsassız adlandırıb. Onlar həmçinin əlavə ediblər ki, Sergey Çerkasov narkotik alverində ittiham olunub və artıq Rusiyaya ekstradisiyası ilə bağlı razılıq əldə edilib.

Məlumata əsasən, Çerkasov yalnız Braziliyada həbs cəzasını çəkdikdən sonra Rusiyaya ekstradisiya ediləcək.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Çerkasov 2018-ci ildə ölkəyə daxil olub. Amerika hüquq-mühafizə orqanları onun Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ərəfəsində casusluq etmək üçün saxta adla ölkədə olmasından şübhələnirlər.

Verilən xəbərə görə, Çerkasovun saxta adı Viktor Müller Ferreyradır və o, özünü Braziliyada ölmüş şəxsin oğlu kimi təqdim edib.

 

BƏƏ DÜYÜ İXRACINA QADAĞA Qoyub

Birləşmiş Ərəb Əmirlikləri daxili bazarda tədarükün lazımi səviyyədə olmasını təmin etmək üçün cümə günündən etibarən düyü ixracına və təkrar ixracına müvəqqəti qadağa qoyur. “Report” agentliyinin verdiyi xəbərə görə, müvafiq qərarı ölkənin iqtisadiyyat naziri Abdullah bin Tuk əl-Mari imzalayıb.

Bildirilir ki, sözügedən məhdudiyyət dörd ay müddətinə tətbiq edilib. Həmçinin qərarın ləğvi ilə bağlı müvafiq göstəriş olmasa, onun müddəti avtomatik olaraq uzadıla bilər.

Məlumata əsasən, bu qadağa, xüsusilə, iyulun 20-dən sonra BƏƏ-yə idxal edilən Hindistan düyülərinin təkrar ixracına şamil edilir.

Xatırladaq ki, dünyada düyü ixracının 40 faizini təşkil edən Hindistanın hakimiyyət orqanları da  düyünün “Basmati” növü istisna olmaqla, bu məhsulun təmizlənmiş sortlarının ixracına qadağa qoyub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.