DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDEN TAYVANA SİLAH SATIŞINI NƏZƏRDƏN KEÇİRİR

ABŞ prezidenti Cozef Baydenin administrasiyası Tayvana təxminən 1,1 milyard dollarlıq silah satışı üçün rəsmi olaraq Konqresin icazəsini almağı planlaşdırır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə öz mənbələrinə istinadən “Politico” qəzeti məlumat yayıb.

Mənbələrin açıqlamasına görə, sözügedən silah paketinə 60 ədəd “AGM-84L Harpoon Block II” raketi və 100 ədəd “AIM-9X Block II Sidewinder” taktiki raketləri daxildir.

Qeyd edilir ki, hazırda bu məsələ ilkin mərhələdədir. Bununla belə, “Politico” hesab edir ki, prezidentin müraciətinə Nümayəndələr Palatasının və Senatın müvafiq komitələrində baxıldıqdan sonra “qanunvericilər çox güman ki, satışı təsdiq edəcəklər”.

Eyni zamanda, bildirilir ki, Konqresdə davam edən məzuniyyətlər nəzərə alındıqda, proses bir qədər gecikə bilər.

 

İRAQDA IĞTIŞAŞLAR ZAMANI ÖLƏNLƏRIN SAYI ARTIB

İraqın paytaxtı Bağdadın “yaşıl zonası”nda baş verən iğtişaşlar zamanı 30-dan çox insan həlak olub, 350-dən çoxu isə yaralanıb. “Report”un xəbərinə görə, bu barədə “Al Jazeera” telekanalı tibb müəssisələrinin əməkdaşlarına istinadən məlumat yayıb. Qeyd edək ki, yüzlərlə iraqlı şiələrin məşhur lideri Müqtəda əs-Sədrin istefasına etiraz olaraqan küçələrə çıxıb. Ölkənin silahlı qüvvələri və Müqtəda əs-Sədrin siyasi rəqibləri ilə şiddətli toqquşmalar nəticəsində yüzlərcə insan güllə yaraları alıb və gözyaşardıcı qaza məruz qalıblar.

Bildirilir ki, ölənlər arasında İraq ordusunun iki əsgəri də var. Bundan əlavə, Bağdadın “yaşıl zona”sında baş verən atışmalarda İraq polisinin qərargah rəisi yaralanıb.

Müqtəda əs-Sədr tərəfdarlarını Hökumət Sarayından çıxaran təhlükəsizlik qüvvələri sarayın qapılarını bağlayıb və binanı mühafizə altına alıb. İraqın cənubunda da küçələri dolduran Müqtəda əs-Sədr tərəfdarları etirazlara başlayıb və ölkə daxilində müddətsiz komendant saatı elan edilib.

 

LATVİYA BELARUSLA ƏMƏKDAŞLIQ MÜQAVİLƏsiNİ LƏĞV EDƏ BİLƏR

Latviya Belarusla sərhəd əməkdaşlığına dair müqaviləni birtərəfli qaydada ləğv etmək niyyətindədir. “Report” agentliyinin xəbərinə görə, bu barədə Latviyanın Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, nazirlik müqaviləyə xitam verilməsi qərarını Belarusun Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləməsi və bununla da beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri pozması ilə izah edib. Məlumata əsasən, artıq məsələ hökumətin gündəmindədir.  Qeyd edək ki, sözügedən müqavilə 1998-ci ildə imzalanıb və qüvvəyə minib, bundan sonra tərəflərdən heç biri onu ləğv etmək istəyini bildirmədiyi üçün o, avtomatik olaraq uzadılıb.

 

İQLİM BÖHRANINDAN ƏN ÇOX ƏZİYYƏT ÇƏKƏN ÖLKƏLƏR TOPLANDI

Afrika ölkələrinin başçıları və qeyri-hökumət təşkilatları Qabonun paytaxtı Librevildə bir araya gələrək qitədə iqlim dəyişikliyinin yaratdığı təbii fəlakətləri müzakirə ediblər. “TRT” telekanalının xəbərinə görə, toplantı iştirakçıları sentyabrın 2-dək davam edəcək Afrika İqlim Həftəsində bu böhranın həlli istiqamətində atılacaq addımları müzakirə edəcəklər.

Qitədə iqlim böhranı ilə mübarizədə inkişaf etmiş dövlətlərin yoxsul ölkələr qarşısında maliyyə öhdəlikləri ilə yanaşı, iqlim risklərinə qarşı fəaliyyətlərin artırılması, aşağı emissiyalara keçidin sürətləndirilməsi və aktual problemlərin həlli üçün tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi məsələləri yığıncağın əsas müzakirə mövzularıdır.

İqlim böhranına ən az səbəb olan, lakin ən çox əziyyət çəkən qitənin Afrika olduğuna dair ortaq fikrə malik olan qeyri-hökumət təşkilatları iqlim böhranı ilə mübarizədə inkişaf etmiş ölkələrin qitədəki yoxsul bölgələrə 100 milyard dollarlıq dəstək öhdəliklərini yerinə yetirmələrini istəyirlər.

 

RUSİYA-ÇİN BİRGƏ HƏRBİ TƏLİMLƏRİ QƏRBİ CIDDI NARAHAT EDİR

Rəsmi Moskva ilə Pekin arasında artan hərbi əməkdaşlıq Vaşinqtonu və Avropa İttifaqını ciddi şəkildə narahat edir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Almaniyanın “Der Tagesspiegel” qəzeti Çin hərbi kontingentinin iştirakı ilə keçiriləcək “Vostok-2022” hərbi təlimlər öncəsi yazıb. Məlumata əsasən, Avropa İttifaqının Xarici Əlaqələr Şurasının Londondakı təhlükəsizlik üzrə eksperti Ulrike Franke bildirib ki, Çin və Rusiya öz aralarında ittifaq yaratsalar, bu, geostrateji problem olacaq. Çin-Rusiya münasibətlərini Qərb ölkələri üçün problem adlandıran Merkator Fondunun Çin Araşdırmaları İnstitutundan Elena Leqarada da eyni fikri bölüşür. O bildirib ki, Çin və Rusiya qarşılıqlı olaraq mövqelərini möhkəmləndirir və qlobal nizam ideyalarını yayırlar.

Xatırladaq ki, “Vostok-2022” strateji hərbi təlimləri 2022-ci il sentyabrın 1-dən 7-dək Rusiyanın Şərq Hərbi Dairəsinin 7 poliqonunda keçiriləcək, onlarda 50 mindən çox insan iştirak edəcək.

 

İRAN İRAQLA QURU SƏRHƏDLƏRİNİ BAĞLADI

İran İraqda baş verən iğtişaşlarla əlaqədar bu ölkə ilə bütün quru sərhədlərinin bağlandığını və Bağdada uçuşların dayandırıldığını açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, İran daxili işlər nazirinin müavini Məcid Mirəhmedinin sözlərinə görə, İraqdakı qeyri-sabit mühitə görə iki ölkənin bütün quru sərhədləri bağlanıb və heç kəsə sərhədləri keçməyə icazə verilməyəcək.

Məlumata əsasən, qərar milyonlarla iranlının ərbəin mərasimləri üçün İraqın Kərbəla və Nəcəf şəhərlərini ziyarət etməyə hazırlaşdığı bir vaxtda verilib.

Eni zamanda, İran Aviasiya İdarəsinin sözçüsü Mir Əkbər Rezevi ərbəin mərasimləri üçün Nəcəfdə olan İran vətəndaşlarını gətirmək üçün Nəcəf şəhərinə fövqəladə uçuş planı hazırladıqlarını bildirib.

 

İSVEÇRƏDƏ AES TİKİNTİSİNƏ İCAZƏ VERİLMƏSİ ÜÇÜN PETİSİYA BAŞLAYIB

İsveçrə parlamentariləri və iqtisadiyyat nümayəndələrindən ibarət komitə ölkədə atom elektrik stansiyalarının tikintisinə qoyulan qadağanın aradan qaldırılmasına yönəlmiş petisiyaya start verildiyini elan edib. “Report”un verdiyi xəbərə görə, bu barədə “The Straits Times” nəşri məlumat yayıb.

Bildirilir ki, başlanılan ictimai kampaniyanın əsas məqsədi elektrik enerjisi çatışmazlığının qarşısını almaqdır. Qeyd edək ki, beş il öncə isveçrəlilər referendumda ölkədə yeni atom elektrik stansiyalarının tikintisini qadağan etmək üçün səs vermişdilər.

Verilən xəbərə əsasən, “Hər kəs üçün istənilən vaxt elektrik enerjisi. Elektrik enerjisinin söndürülməsini dayandırın" adlanan petisiya üçün gələn həftə aktiv imza toplanmasına başlanılacaq.

 

NİDERLANDDA QATARLARIN HƏRƏKƏTİ İFLİC OLUB

Niderlandın Utrext şəhərində dəmiryolu işçilərinin tətili nəticəsində demək olar ki, bütün ölkə ərazisində qatarların hərəkəti iflic olub. “Trend”in məlumatına görə, əməkdaşlar əməkhaqlarının artırılmasını və iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edir.

Verilən xəbərə görə, Utrext şəhəri Niderlandın başlıca dəmiryolu qovşağı olduğu üçün tətil bütün ölkə ərazisinə təsir edib.

Bildirilir ki, istisna olaraq yalnız paytaxt Amsterdamdan Sxipxol hava limanına gedən dəmir yolu işini davam etdirib.

Eyni zamanda, həmkarlar ittifaqları tələblərin yerinə yetirilməyəcəyi təqdirdə digər tətillərin keçirilməsinin istisna olunmadığını qeyd ediblər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.