İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Şahmatçımız yarımfinalda

Azərbaycan təmsilçisi Nicat Abasov 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoş üzərində qələbə qazanıb. Şahmatçımızın növbəti mərhələdə rəqibi, dünya reytinqinin lideri, beşqat dünya çempionu Maqnus Karlsen olacaq. Dünya Kubokunda yarımfinal oyunları avqustun 19-da başlayacaq. Yarışlara avqustun 24-də yekun vurulacaq.

 

Parataekvondoçumuz Avropa çempionu olub

Azərbaycanın daha bir parataekvondoçusu Avropa Paralimpiya Çempionatında qızıl medal qazanıb. Əbülfəz Abuzərli (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İndiyədək Azərbaycan idmançıları qitə birinciliyində 10 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq), Amin Şıxalıyev (taekvondo, 63 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.

 

Beynəlxalq cüdo turniri keçiriləcək

Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarı ilə "Dünya Cüdo Turu" çərçivəsində bu il 22-24 sentyabrda Bakıda keçiriləcək Böyük dəbilqə yarışı ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib. "Heydar Aliyev Baku Grand Slam 2023" adlandırılacaq yarış Milli Gimnastika Arenasında baş tutacaq. Turnirdə 60-dan çox ölkədən 350-dən artıq idmançının iştirak etməsi gözlənilir. Yarışın dünyanın 100-dən çox ölkəsinə canlı yayımlanması planlaşdırılır.

 

Güləş üzrə hakimlərimiz I kateqoriyaya yüksəlib

Azərbaycanın iki güləş hakiminin kateqoriyası dəyişib. Bəşir İsazadə və Həbib Nurulu 12-18 iyunda Albaniyanın paytaxtı Tiranada təşkil olunan U-17 Avropa çempionatında görüşləri yüksək səviyyədə idarə etdikləri üçün I kateqoriyaya yüksəliblər. Bu kateqoriyada yer alan hakimlərimizin sayı 8-ə çatıb. Qeyd edək ki, güləşdə beynəlxalq dərəcəli hakimlik 4 kateqoriyadan (I-S, I, II, III) ibarətdir.

Nərgiz İSMAYILOVA,

"Respublika".