Mükəmməl Mürəkkəb Memarlıq
Maraqlı

Mükəmməl Mürəkkəb Memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Esplanade" Beynəlxalq İncəsənət Mərkəzi

Asiyanın ən mühüm mədəniyyət məkanlarından olan "Esplanade" Beynəlxalq İncəsənət Mərkəzi Sinqapurda inşa olunub. Tikintisinə 11 avqust 1992-ci ildə başlanan kompleksin rəsmi açılış mərasimi isə 2002-ci ildə baş tutub. Kompleksin layihəsi üzərində "DP Architects Michael Sparkle & Partners" memarlıq bürosunun dizaynerləri çalışıb. Alüminium örtüklə üzlənmiş kompleksin əsas binası cənubi-şərqi Asiyada məşhur olan "durian" meyvəsini xatırlatdığı üçün, yerli əhali tikilini "meyvələrin şahı" adlandırıb. Kompleksin tikintisi 600 milyon dollara başa gəlib.

Binanın fasadında günəşdən qoruyan və tikilini təbii  işıqla təmin edən üçbucaq formalı alüminium üzlüklərdən istifadə olunub. Xüsusi led lampalar sayəsində nəhəng fənərə bənzəyən və yarımkürə şəklində dizayn edilən, mükəmməl akustikaya malik kompleksdə beş geniş konsert zalı var.  Şüşəli günbəzlərdən ibarət kompleks 2000 yerlik teatr və 1800 yerlik konsert zalından ibarətdir. Əsas binada ictimai kitabxana, kafe, konfrans zalı və sərgi salonu, həmçinin böyük ticarət mərkəzi yerləşir.

Sinqapurun əsas simvollarından biri olan "Esplanade" Beynəlxalq İncəsənət Mərkəzində dünyaşöhrətli ulduzların konsertləri və musiqili tamaşalar da nümayiş etdirilir.

 

"Əl Cahili" qalası

Ərəb memarlığının mü

haribə dövrünə aid abidələrindən olan "Əl Cahili" qalası XIX əsrin sonlarında inşa olunmuşdur. Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərinin mərkəzi hissəsində parkın yaxınlığında ucalan qala Şeyx I Zayed bin Xəlifə Əl Nəhyanın göstərişi ilə tikilmişdir. Şeyx qalanı təkcə hərbi istehkam məqsədilə deyil, həm də daxili çəkişmələr zamanı yerli əhalinin sığına biləcəyi bir məkan kimi hazırlamışdı. Qala həmçinin şeyx və ailəsi üçün yay iqamətgahı kimi də xidmət etmişdir.

Bünövrəsi olmayan, saxsı bloklardan tikilən qalanın qapı və pəncərələri ağacdan, divarları isə yerli gildən hazırlanıb.  Qalanın çox hissəsini XX əsrin ortalarında çəkilmiş unikal fotoşəkillərlə zəngin "Mumbara ibn London" ekspozisiyası təşkil edir. Burada ərəb xalqını çox sevən ingilisəsilli səyyah, coğrafiyaşünas və tədqiqatçı Vilfrid Tesigerin fotoşəkilləri olan sərgi salonu da yerləşir. Tarixi abidənin ətrafında xurma ağacları, fəvvarələr və uşaq meydançaları da mövcuddur. Qalada fəaliyyət göstərən muzeyin əsas eksponatları isə Cəbəl Hafit dağında aparılan arxeoloji qazıntılar zamanı  tapılan məişət əşyaları, zərgərlik məmulatları, musiqi alətləri və bədəvilərə məxsus çadırlardan ibarətdir.

 

"Biomuzey" binası

Dünyanın ən orijinal yeddi muzeyindən biri olan  "Biomuzey" binası Panamada kiçik Ambador şəhərində inşa olunub.  Futuristik dizaynı ilə tanınan layihənin müəllifi məşhur memar, "Pritzker" mükafatı laureatı Frenk Geri olub. Tikintisi 2006-cı ildə başlanan muzeyin açılışı isə 2014-cü ilin oktyabrında baş tutub. Əldə edilən məlumata əsasən həyat yoldaşı Panamadan olduğu üçün F.Geri binanın layihəsini təmənnasız hazırlayıb. Tikinti işləri başa çatdıqdan sonra isə muzeyin tərtibatı Vaşinqton Smitson İnstitutuna həvalə edilib. Ümumilikdə layihə 95 milyon dollara başa gəlib.

Dekonstruktivizm üslubunda dizayn edilən muzey 75 000 kvadratmetr ərazini əhatə edir. Sakit okeanın panoramik mənzərəsinə açılan bina yerləşdiyi ərazinin canlı təbiəti və infranstrukturu ilə ahəng təşkil edir. Burada quşlar, sürünənlər və bir çox bitki növləri saxlanılır. Panama paytaxtının ən görməli yerlərindən birinə çevrilən bu müasir memarlıq abidəsini dünyanın hər yerindən gələn minlərlə turist ziyarət edir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".