DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ VƏ RUSİYA PREZİDENTLƏRİ ARASINDA GÖRÜŞ KEÇIRILIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmaq üçün sentyabrın 4-də Soçiyə səfər edib. Bu barədə “Report” agentliyinin yaydığı məlumatda bildirilir.

Verilən xəbərə görə, tərəflər Türkiyə-Rusiya ikitərəfli əlaqələri, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparıblar. İki ölkə lideri arasında keçirilən geniştərkibli görüşdə Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Yaşar Gülər, xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan da iştirak ediblər.

Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə ikitərəfli görüşdən sonra açıqlamasında deyib: “Biz “Taxıl sazişi”nin bərpası üçün yeni təkliflər paketi hazırlamışıq, müsbət nəticə əldə edəcəyimizə ümid edirik”.

Eyni zamanda, Türkiyə lideri qeyd edib ki, Rusiyanın kasıb ölkələrə ərzaq göndərilməsinin zəruriliyi ilə bağlı qərarını düzgün hesab edir. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin bildirib ki, bir neçə həftədən sonra ölkəsi Afrikanın 6 dövlətinə pulsuz taxıl tədarük etməyə başlayacaq.

Vladimir Putin həmçinin “Taxıl sazişi”nin bərpası üçün şərti açıqlayıb: “Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra “Taxıl sazişi”nin bərpası haqqında düşünməyə hazırdır. Əgər bu olarsa, biz sazişi bərpa edərik”.

Qeyd edək ki, Soçidə Rusiya-Türkiyə danışıqları ümumilikdə üç saat davam edib. Ərdoğanla Putin arasında söhbət 90 dəqiqə, nümayəndə heyətinin iştirakı ilə keçirilən görüş isə bir saat yarım sürüb.

 

NATO 2025-ci İLƏ QƏDƏR PARÇALANA BİLƏR

Şimali Atlantika alyansı Ukraynadakı münaqişə və ABŞ-ın Rusiya prezidenti Vladimir Putinlə ehtimal yaxınlaşması səbəbindən 2025-ci ilə qədər parçalana bilər. Bu barədə “The Atlantic” nəşri xəbər verib.

“Parçalanmanın bilavasitə katalizatoru Ukraynadakı müharibə olacaq. Bu, Şimali Atlantika Müqaviləsi Təşkilatının dağılmasına gətirib çıxaracaq və Avropa dövlətləri hadisələrin belə inkişafına hazır deyillər”, - deyə nəşr qeyd edib.

Bununla yanaşı, məqalədə vurğulanır ki, Avropanın təhlükəsizlik sahəsində maraqları və ABŞ Respublikaçılar Partiyasının prioritetləri çox fərqlidir. Ona görə də avropalılar Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə müstəqil siyasətə hazırlaşmalıdırlar.

“Bu, ABŞ-ı Avropa üçün daha az etibarlı müttəfiq edəcək və o, belə bir dönüşə hazır olmalı olacaq. Əgər Vaşinqton Ukraynanı maliyyələşdirməyi dayandırsa, o zaman Avropa yardım itkisini kompensasiya edə bilməyəcək”, - deyə məqalədə bildirilir.

 

ALMANİYADA HÖKUMƏT KOALİSİYASINA DƏSTƏK ƏN AŞAĞI SƏVİYYƏYƏ ENİB

Almaniyada hökumət koalisiyasını dəstəkləyən almanların sayı 2021-ci il seçkilərindən sonra ən aşağı səviyyəyə çatıb. Bu barədə “Bild” nəşri İnsa İnstitutunun araşdırmasının nəticələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, tədqiqat iştirakçılarından növbəti seçkilərdə bu və ya digər partiyaya səs verib-verməyəcəyi soruşulub. Sorğunun nəticələrinə görə, hakim koalisiyaya ümumi dəstək səviyyəsi 38 faiz təşkil edib.

Eyni zamanda, qeyd edilir ki, seçicilər koalisiyaya daxil olan Sosial Demokrat Partiyasına (SPD) 18 faiz, “Yaşıllar”a 13 faiz, Azad Demokrat Partiyasına (FDP) 7 faiz səs verməyə hazırdır.

Bununla yanaşı, Xristian Demokrat və Xristian Sosial Birlikləri bloku ən populyar siyasi qüvvə olaraq qalır. Seçicilərin 27 faizi onlara səs verməyə hazırdır.

 

İSPANİYADA LEYSAN YAĞIŞLARı SƏBƏBİNDƏN HƏYAT İFLİC OLUB

İspaniyanın xüsusilə mərkəzi və şərq bölgələrinə yağan şiddətli leysan yağışları səbəbindən həyat iflic olub. Bu barədə “TRT” telekanalı ispan mətbuatına istinadən məlumat yayıb.

Paytaxt Madrid və Toledoda şəhərlərində “qırmızı xəbərdarlıq” elan edilib, çox sayda  qatar reysi ləğv edilib, bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Məlumatda  vətəndaşlara leysan yağışların yağacağı ilə bağlı  mesajın əvvəlcədən göndərildiyi bildirilib. Mesajda  vətəndaşlara güclü yağıntıya görə avtomobillərdən istifadə etməmələri  və küçəyə çıxmamaları tövsiyə edilib.

Həmçinin Kastilya-La-Mança, Valensiya və Kataloniya bölgələrində yağıntı və güclü külək nəticəsində bəzi evlər və iş yerləri su altında qalıb, ağaclar aşıb. Hueska şəhərində 31 və 34 yaşlı iki alpinistin həyatını itirdiyi açıqlanıb.

 

AFRİKADAKI SON PROSESLƏR FRANSA ÜÇÜN CİDDİ TƏHLÜKƏ YARADACAQ

Afrikada müstəmləkəçiliyin ləğvi prosesi Fransa üçün ciddi təhlükə yaradacaq. Çünki Fransız siyasi elitaları Afrikanın uzun müddət istismarı ilə var-dövlət qazanıblar. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı və BMT müfəttişi Skott Ritter bəyan edib.

BMT rəsmisinin sözlərinə görə, hazırda Qabonda baş verənlər Afrikada, xüsusən də Fransa ilə bağlı müstəmləkəçiliyin ləğvi prosesinin davamlı təzahürüdür.

Skott Ritterin fikrincə, Afrikada baş verən hadisələr qitədəki keçmiş müstəmləkələrini iqtisadi, siyasi və hərbi cəhətdən nəzarətdə saxlamaq istəyən rəsmi Parisə xüsusilə nəzərəçarpacaq təsir göstərəcək.

“Qabon Fransa üçün uran mənbəyi olub və ona nüvə enerjisi sahəsində ABŞ-dan müstəqillik verib. Fransanın üzərində ekzistensial təhlükə var. Fransanın Afrika ilə geniş iqtisadi əlaqələri mövcuddur, onun qəfil pozulması siyasətə təsir edəcək. İnanıram ki, Afrika oyanır və başa düşməyə başlayır ki, Mali, Burkina Faso, Qvineya, Niger, Qabon və digər ölkələrin xalqı daxili xaos və yoxsulluq bataqlığındadır, siyasi və iqtisadi elita isə çiçəklənir”, - deyə Skott Ritter bildirib.

 

PRİQOJİNİN BİZNES İMPERİYASI UĞRUNDA “SAVAŞ” BAŞLADI

“Vaqner” qruplaşmasının mərhum lideri Yevgeni Priqojinin qohumları və iş ortaqları arasında onun 1 milyard dollardan çox qiymətləndirilən sərvəti uğrunda mübarizə başlayıb. “Teleqraf.com” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Priqojin Rusiya lideri Vladimir Putinlə yaxın dostluğu dövründə xeyli var-dövlət əldə etməyi bacarıb. Onun 8 böyük şirkətinin təkcə 2022-ci ildə qazancı 20 milyon dollara yaxın olub. Bundan əlavə, onun çoxlu bahalı daşınmaz əmlakı, lüks avtomobilləri, şəxsi təyyarələri və dəbdəbəli yaxtası var.

Priqojinin oğlu Pavel ən azı 6 şirkətə sahibdir. O cümlədən Sankt-Peterburqda biznes mərkəzləri, otellər və yaşayış binaları tikən “Laxta Plaza”nın sahibidir. Priqojinin anası Violetta özü haqda məlumatları dövlət reyestrlərində gizlədib. Lakin onun rəsm əsərləri sərgiləri təşkil edən “Farbi Jittya” fondunun sahibi olduğu bəllidir.

Eyni zamanda, Priqojin həyat yoldaşına Sankt-Peterburqda tarixi binalara sahib olan iki şirkət və “Aqat” tikinti şirkətini miras qoyub. Lakin iddiaya görə, Priqojinin həyat yoldaşı iki ən böyük şirkətinin sahibliyindən çıxarılıb, bunlar onun uzunmüddətli biznes ortağı Dmitri Koşaranın nəzarətinə keçib.

 

YAPONİYADA SON 125 İLİN ƏN İSTİ YAYI QEYDƏ ALINIB

Yaponiyada son 125 ilin ən isti yayı qeydə alınıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə məlumatı Yaponiya Meteorologiya Agentliyi açıqlayıb.

Bildirilir ki, iyun-avqust ayları arasında ölkənin 15 fərqli bölgəsində temperatur ölçmələri aparılıb. Məlum olub ki, yay mövsümündə orta temperatur 1,76 dərəcə artıb.

İyulun 16-dan avqustun 23-dək ölkə üzrə 915 nöqtədən 106-da ən yüksək temperatur müşahidə edilib.

“2023-cü ilin yayında Yaponiyanın şimal, şərq və qərbində orta yay temperaturu kifayət qədər yüksəkdir. Yaponiyada orta yay temperaturu 1898-ci ilin yayından bəri ən yüksək göstəricidir”, - deyə məlumatda bildirilir.

Avqustun əvvəlində Fukusima şəhərində temperatur 40 dərəcə təşkil edib. Bu temperatur Yaponiyada 2023-cü ilin ən isti günüdür.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.