DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

BAYDENİN MƏRKƏZİ ASİYA LİDERLƏRİ İLƏ MÜZAKIRƏ EDƏCƏYI MƏSƏLƏLƏR MƏLUM OLUB

ABŞ prezidenti Cozef Baydenin Mərkəzi Asiyadan olan həmkarları ilə gözlənilən görüşü heç bir ölkəyə qarşı yönəlməyib və pozitiv gündəmə malikdir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib.

Məlumata əsasən, müşavir bildirib ki, görüşün yekununda birgə iş sahələrini müəyyənləşdirən bəyanatın qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, gələn həftə Nyu-Yorkda ABŞ, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan prezidentlərinin iştirakı ilə tarixdə ilk dəfə “C5+1” sammiti keçiriləcək.

Bu ərəfədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev bildirib ki, sentyabrın ikinci yarısında Birləşmiş Ştatlarda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasında şəxsən iştirak etmək niyyətindədir. Dövlət başçısının mətbuat katibi Şerzod Əsədov qeyd edib ki, bu il “Mərkəzi Asiya+ABŞ” forumu ən yüksək səviyyədə keçirilməlidir.

MAKRON: AVROPA ÖZ SƏRHƏDLƏRİNİ DAHA YAXŞI MÜDAFİƏ ETMƏLİDİR

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Avropa öz sərhədlərini daha yaxşı qorumalıdır. “TRT” telekanlının verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti jurnalistlərə açıqlamasında bildirib.

Emmanuel Makron qaçqın axınına məruz qalan İtaliyanın Lampeduza adasındakı vəziyyəti qiymətləndirib.

Miqrasiya məsələsinin bütün avropalılara təsir etdiyini ifadə edən dövlət başçısı insanların həyatları bahasına Aralıq dənizini keçərək Avropaya daxil olduqlarına diqqət çəkib.

Eyni zamanda, Emmanuel Makron qeyd edib ki, İtaliyanın yanında olmaq bütün Avropa İttifaqının borcudur.

Bununla yanaşı, Emmanuel Makron Fransa daxili işlər naziri Gerald Darmaninin İtaliyanın daxili işlər naziri Matteo Piantedosi ilə Lampeduza adasındakı vəziyyəti müzakirə etdiyini vurğulayıb.

UKRAYNA ORDUSU ADDIM-ADDIM İRƏLİLƏYİR

Ukrayna ordusu şərq və cənubda müdafiəni davam etdirir, həmçinin qismən uğur qazandığı Melitopol və Baxmut istiqamətlərində hücum əməliyyatları aparır. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində cəbhədə 24 toqquşmanın baş verdiyini açıqlayıb.

Məlumata əsasən, Rusiya qoşunları Baxmut istiqamətində Yaqıdnı və Boqdanovkada Ukraynanın müdafiəsini yarmağa uğursuz cəhd göstərib. Öz növbəsində Ukrayna qüvvələri Klişçivkada müsbət nəticənin əldə edildiyi əməliyyat keçirib.

Qeyd olunur ki, Ukrayna ordusu Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir, qarşı tərəfi tutduğu mövqelərdən geri çəkilməyə məcbur edir.

Açıqlamaya görə, Ukrayna hərbçiləri Avdiv, Marin və Şaxtyor istiqamətlərində təşəbbüsü əlində saxlayır, rusları sıxışdırır, hücumlar həyata keçirir və əraziləri addım-addım geri alır.

Eyni zamanda, bildirilir ki, Rusiya qoşunları Marin istiqamətində nəticəsiz hücum əməliyyatları keçirib, burada Ukrayna bölmələrini tutduqları mövqelərdən çıxarmaq üçün 13 uğursuz cəhd göstərib.

İTALİYADA KORONAVİRUSA YOLUXANLARINSAYI KƏSKİN ARTIB

İtaliyada bir həftə ərzində koronavirusa yoluxanların sayında 44 faiz artım qeydə alınıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə İtaliyanın Səhiyyə Nazirliyinin xüsusi bülletenində qeyd olunur.

Belə ki, sentyabrın 7-dən 13-dək ölkədə 31 minə yaxın yoluxma halı qeydə alınıb, bundan əvvəlki həftə isə yoluxanların sayı 23 min nəfər təşkil edib.

Məlumata əsasən, ümumi əhaliyə nisbətdə yoluxma eyni şəkildə artıb - son bir həftədə hər 100 min sakinə 52 yoluxma düşüb.

“Epidemioloji vəziyyət və ölkədə yeni tədris ilinin başlanması nəzərə alınaraq, peyvənd kampaniyasına xüsusi diqqət yetirilməli, profilaktik tədbirlər gücləndirilməlidir”, - deyə bülletendə qeyd edilir.

Artan infeksiyalar fonunda Səhiyyə Nazirliyi müvafiq simptomlarla təcili yardım şöbələrinə daxil olanlar üçün yenidən “COVID-19” testini məcburi edib.

VLADİMİR PUTİNİN FİKİRLƏRİ TRAMPIN XOŞUNA GƏLİB

Ağ Evin keçmiş rəhbəri Donald Tramp Rusiya prezidenti Vladimir Putinin amerikalı siyasətçinin Ukraynadakı münaqişəni həll etməyə hazır olması ilə bağlı şərhini müsbət qiymətləndirib. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə “NBC News” telekanlı xəbər verib.

“Vladimir Putinin bunu deməsi xoşuma gəlib, çünki bu, o deməkdir ki, mən düzgün məsələlər haqda danışıram”, - deyə ABŞ-ın keçmiş rəhbəri televiziya kanalına verdiyi müsahibədə vurğulayıb.

Eyni zamanda, Donald Tramp bir daha bəyan edib ki, 2024-ci ildə ABŞ prezidenti vəzifəsinə seçiləcəyi təqdirdə Ukrayna münaqişəsinin cəmi 24 saat ərzində başa çatdırılması barədə razılıq əldə edə bilər. Bununla yanaşı, siyasətçi planının təfərrüatlarını açıqlamaqdan imtina edib.

Xatırladaq ki, Vladimir Putin də daha əvvəl Donald Trampla bağlı baş verənlərin hamısının siyasi səbəblərə görə təqib olduğunu bildirmişdi. Onun sözlərinə görə, Ağ Evin keçmiş rəhbəri ilə bağlı vəziyyət “Amerika siyasi sisteminin çürüklüyünü göstərir”.

QIRĞIZISTAN TACİKİSTANA QARŞI ƏRAZİ İDDİALARI İRƏLİ SÜRƏ BİLƏR

Qırğızıstan aşkarlanan yeni hüquqi və tarixi sənədlər əsasında Tacikistana qarşı ərazi iddiaları irəli sürə bilər. “Trend” agentliyinin xəbərinə görə, bunu Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamıçbek Taşiev bəyan edib.

“Tacikistan bizə qarşı ərazi iddiaları irəli sürür. Bir neçə gün əvvəl Qırğızıstanın bəzi ərazilərinin Tacikistana verildiyinə dair yeni sənədlər tapmışıq. Biz bunu hüquqi və tarixi sənədlərlə təsdiqləyə bilərik. Əgər Tacikistan bundan əl çəkməsə, biz də həmin sənədlərə əsasən onlara qarşı ərazi iddiaları irəli sürə bilərik”, - deyə Taşiev bildirib.

Komitə rəhbərinin sözlərinə görə, Qırğızıstanın on və yüz illər əvvəl qonşularına verilən torpaqları qaytarmaq üçün gücü və imkanları var. Lakin rəsmi Bişkek bundan sonra da mübahisəli məsələləri yalnız sülh və danışıqlar yolu ilə həll etmək niyyətindədir.

Qeyd edək ki, 2022-ci il sentyabrın 14-də Qırğızıstan-Tacikistan sərhədində ağır silahlardan istifadə olunmaqla toqquşmalar qeydə alınıb. Toqquşmalar nəticəsində Qırğızıstan tərəfindən 63, Tacikistan tərəfindən isə 59 nəfər həlak olub.

İRAQ VƏ KÜVEYT ARASINDA GƏRGİNLİK YARANIB

İraqın Küveytdəki səfiri Əl-Mənhəl əs-Safi ölkəsinin “Xor Abdullah” sazişini etibarsız saymasından sonra Küveyt Xarici İşlər Nazirliyinə çağırılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, XİN-də səfirə Küveytin etiraz notası təqdim edilib.

Sentyabrın 4-də İraq Federal Məhkəməsi iki ölkə arasında uzun müddətdir müzakirə mövzusu olan dəniz sərhədinin müəyyənləşdirilməsi və naviqasiyanı tənzimləmək üçün 2012-ci ildə imzalanan, 2013-cü ildə təsdiqlənən “Xor Abdullah” sərhəd müqaviləsinin etibarsız olduğuna qərar verib.

İraqın 1990-cı ildə Küveytə hücumundan sonra BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə verdiyi 833 saylı qərarla iki ölkə arasındakı quru sərhədi müəyyən edilmiş, lakin dəniz sərhədinin çəkilişi onların öhdəsinə buraxılmışdı.

2003-cü ildə İraq və Küveyt arasında diplomatik münasibətlərin bərpasından sonra sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara başlanılıb. Bu çərçivədə,  naviqasiyanı tənzimləyən müqavilə imalanıb. Bununla belə, sözügedən razılaşma bəzi iraqlı rəsmilər tərəfindən İraqı suverenliyindən uzaqlaşdırdığı iddiası ilə tənqid olunur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.