Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

"Coca-Cola" süni intellektlə hazırlanan yeni içkisini təqdim edib

Dünyanın ən məşhur sərinləşdirici içki istehsalçısı "Coca-Cola" süni intellektlə tamamilə fərqli dizayna və tərkibə malik yeni içki hazırlayıb.

Hazırda bir çox şirkət süni intellekt texnologiyasından istifadə edir. Lakin  "Coca-Cola" şirkəti ilk dəfə olaraq süni intellektdən yararlanıb. Belə ki, "Y3000" adlanan yeni futuristik içki  parlaq gələcəyi simvolizə edir. Qeyri-adi qablaşdırmanın dizaynı da  süni intellektin köməyi ilə yaradılıb. Qablaşdırmada olan bütün rənglərin öz mənası var. Gümüş fonda bənövşəyi və mavinin açıq tonlu rəng palitrasından istifadə futuristik hiss yaradır.

Əslində şirkət hər il  fərqli dizayna sahib içkilər hazırlasa da, uzun illərdir ki, içkilərinin formulu və ya tərkibini dəyişmirdi. Bu dəfə isə istisnalar edərək fərqli dadda içki təqdim edib. Onu da qeyd edək ki, "Coca-Cola" yeni içkinin dadı ilə bağlı heç bir açıqlama verməyib. Lakin bu içkinin 2 versiyada şəkərli və şəkərsiz olaraq istehsal ediləcəyi artıq məlumdur.

"Biz ümid edirik ki, "Coca-Cola" 3000-ci ildə də bugünkü kimi məşhur və təravətləndirici olacaq", - deyə şirkətin qlobal strategiya üzrə baş direktoru Oana Vlad bildirib.

Maye hidrogenlə işləyən ilk pilotlu təyyarə

Texnologiya hər keçən gün sürətlə inkişaf edir. Bu dəfə isə  elm dünyasında daha bir faydalı texnoloji yeniliyə imza atılıb. Belə ki, Almaniyanın Ştutqart şəhərində yerləşən "H2FLY" təyyarə istehsalçısı maye hidrogenlə işləyən elektrik təyyarəsinin dünyada ilk insanlı uçuşunu uğurla həyata keçirib. Bu barədə "Sözcü" veb saytı məlumat yayıb.

Son dövrlər bir çox sahələrdə emissiyasız yanacaqlar, hidrogen və ya elektrik üstünlük təşkil edir. Bunun əsas səbəbləri isə ətraf mühitə zərər verilməməsi və yanacağın daha ucuz başa gəlməsidir. Bu gün xüsusilə aviasiya sənayesində ciddi benzin emissiyası mövcuddur. Bu isə həm ətraf mühitə, həm də büdcəyə zərər vurur. Yeni "HY4" adlı maye hidrogenlə işləyən təyyarə isə artıq bu problemlərdən qurtulmağa səbəb ola bilər. 

Sınaq uçuşunun nəticələri göstərir ki, qaz halında hidrogen əvəzinə maye hidrogendən istifadə "HY4" təyyarəsinin maksimum uçuş məsafəsini 750 kilometrdən 1500 kilometrə qədər iki dəfə artıracaq. Bu, ekoloji cəhətdən təmiz, orta və uzun məsafəli kommersiya təyyarələrinin yaradılması istiqamətində mühüm addım olacaq. Ehtimallara görə, təyyarə 2030-cu illərin ortalarında uçuşa başlayacaq. Onu da qeyd edək ki,  şirkət gələn il ilk Hidrogen Aviasiya mərkəzini açmağı planlaşdırır.

"Xiaomi" ilk elektromobilini təqdim edəcək

Məlumata görə, dünyanın ən  böyük smartfon istehsalçılarından olan "Xiaomi" 2023-cü ilin sonuna kimi ilk elektromobilini təqdim etməyi planlaşdırır. Türkiyə mətbuatının yaydığı xəbərə görə,  şirkət "Xiaomi 14" seriyası smartfonların da təqdim ediləcəyi payız tədbirində böyük  maraqla gözlənilən elektromobilini nümayiş edəcək.

Məlumata görə, "MS11" kod adlı elektromobil 800 kilometrə qədər məsafəni təmin edən 101 kVt/saat tutumlu batareyaya malik olacaq.  Elektromobilin başlanğıc qiymətinin təxminən 200.000 yuan (27.400 dollar)  olacağı deyilir. Bu qiymət aralığında "Xiaomi" brendi, "Tesla Model 3", "BYD Seal" kimi elektrikli avtomobillərlə rəqabət aparacaq. Şirkət ilk mərhələdə ildə 150 000 elektromobili istehsal etməyi hədəfləyir. Lakin bu hədəflərin nə qədər uğurlu olacağı, insanlar arasında nə qədər rəğbət qazanacağı müzakirə mövzusudur. Çünki daha əvvəl bu rəqəmlər 300 000 səviyyəsində idi.

Onu da  qeyd edək ki, yeni elektromobil bir çox müasir texnologiyaya sahib olacaq. Hətta elektromobilin avtonom sürüş funksiyalarından əlavə LİDAR sensorları ilə təchiz ediləcəyi və "Qualcomm", "Nvidia" imzalı platformalar ilə də işləyəcəyi iddia olunur.

Bu ekzoplanetdə həyat izləri aşkar edilib

İngiltərəli alimlər "James Webb" kosmik teleskopu vasitəsilə  "K2-18 b" adlı ekzoplanet barəsində yeni məlumatlar əldə ediblər. Sözügedən ekzoplanet "K2-18" adlı qırmızı cırtdan (kiçik və nisbətən soyuq ulduz növü) ətrafında dövr edir və Yer kürəsindən 111 işıq ili uzaqlığında yerləşir. Əldə edilmiş yeni məlumatlara əsasən bu ekzoplanetin atmosferində hidrogen mövcuddur. Hidrogenin və digər faktorların mövcudluğu isə sözügedən ekzoplanetdə canlı orqanizmlərin ola biləcəyinə işarə edir.

Kembric Universitetinin alimləri "K2-18 b" haqqında daha çox informasiya əldə etmək üçün "James Webb" tərəfindən yığılmış məlumatları analiz ediblər.

Qeyd edək ki, bu ekzoplanet Yer kürəsindən 8.6 dəfə böyükdür və o öz ulduzu ətrafında tam dövrü 33 günə başa vurur. Aparılmış müşahidələr zamanı məlum olub  ki, "K2-18 b"nin atmosferində çox miqdarda CO2, metan və dimetilsulfid mövcuddur.

Karbon tərkibli molekullara sahib bu kimyəvi birləşmələr Yer kürəsində canlı orqanizmlərin fəaliyyətləri nəticəsində formalaşır. Bundan əlavə, ekzoplanetin atmosferində yetəri miqdarda ammonyakın olmadığı təyin edilib. Bu isə planetin maye şəklində okeana sahib ola biləcəyini göstərir. Belə ki, bu halda atmosferdəki ammonyak sadəcə olaraq okeanda buxarlanır.

Alimlər "K2-18 b"də potensial həyat növünün ola biləcəyinə dair sübutları hələ 2019-cu ildə "Hubble" kosmik teleskopu vasitəsilə aşkar etmişdilər. Sözügedən ekzoplanetin atmosferində su buxarının olması planetin səthində maye şəklində suyun mövcudluğundan xəbər verir. Bu isə həyat növünün formalaşması üçün vacib  faktorlardan biridir. Digər tərəfdən isə onun ulduzu olan "K2-18" ekzoplanetə öz şüalanması vasitəsilə təsir göstərir. Bu, potensial canlı orqanizmlər üçün heç də müsbət hal deyil. Ona görə də, alimlər sözügedən ekzoplaneti müşahidə etməyə davam edəcəklər.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".