AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Vestnik Kavkaza": İlham Əliyev: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları Bakıya ötürməlidir

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda işə başlayan "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

O qeyd edib ki, Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi təkcə ciddi sosial hadisə deyil, həm də ölkənin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir. Prezident əmin edib ki, Birinci Qarabağ müharibəsi zamanı həlak olanların hər birinin taleyinə aydınlıq gətirmək üçün əlindən gələni edəcək.

İşğalçılar azərbaycanlı mülki şəxslərə işgəncə verib qətlə yetiriblər, sonra isə onları əvvəllər işğal olunmuş ərazilərdə kütləvi şəkildə basdırıblar. Prezident vurğulayıb ki, bu gün Bakı Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması çərçivəsində Brüssel və Vaşinqton platformalarında tez-tez itkin düşən vətəndaşlar məsələsini qaldırır. Bununla yanaşı, beynəlxalq ictimaiyyəti Bakıya itkin düşənlərin və kütləvi məzarların taleyi ilə bağlı məlumat vermək üçün İrəvana təzyiq göstərməyə çağırıb. Prezident əlavə edib ki, humanitar məsələnin siyasiləşdirilməsi yolverilməzdir.

"Caspian news": Azərbaycan Avropa bazarlarına          daha sürətli çıxış üçün nəqliyyat əlaqələrini təkmilləşdirir

Azərbaycan Şərq-Qərb marşrutları üzrə daha sürətli yükdaşımalara töhfələrini genişləndirmək niyyətindədir.

Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə çıxış edən İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əməkdaşlığını ikitərəfli münasibətlərin hərəkətverici qüvvələrindən biri kimi qeyd edib: "Münasibətlərimizdə nəqliyyat və logistika sahəsi mühüm yer tutur. Mərkəzi Asiya ölkələri üçün Azərbaycan Türkiyə və Avropa bazarlarına gedən marşrut üzrə etibarlı tranzit ölkədir". Bununla yanaşı, digər istiqamətdə də tranzitin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

"Tagrib xəbər agentliyi": Azərbaycanın məqsədiErmənistanla problemlərin sülh yolu ilə həllinə nail olmaqdır

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu fikirləri "TASS"a müsahibəsində bildirib.

"Tagrib xəbər agentliyi" bildirib ki, Hikmət Hacıyev Azərbaycanın güc tətbiq edə biləcəyi ehtimalının olub-olmaması barədə sualı cavablandırıb: "Mən fərziyyələrə əsaslanan ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, həmişə öz konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun addımlar atır. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik".

Prezidentin köməkçisi, həmçinin Bakının İrəvanla dialoqa getmək üçün mümkün kompromislərə hazır olmasını şərh edərək qeyd edib ki, Azərbaycan tərəfi nə Ermənistanla, nə də hər hansı üçüncü ölkə ilə ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə etməyəcək: "Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycan rəhbərliyi ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu mübahisələndirmək cəhdləri regionda davamlı sülhə nail olmaq perspektivləri baxımından əks nəticə verir".

"TASS": Azərbaycan və İran xarici işlər nazirləri iki ölkə arasında münasibətləri və regional məsələləri müzakirə ediblər

Sentyabrın 17-də xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Rusiyanın "TASS" xəbər agentliyinin məlumatına görə, nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də postmünaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər. Telefon danışığı zamanı Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib. Bununla yanaşı, son həftələrdə iki ölkə arasında hərbi sahədə yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların Azərbaycan-İran münasibətlərinin inkişafına verdiyi töhfə yüksək qiymətləndirilib.

Nazirlər iki ölkə arasında münasibətlərin tam normallaşması üçün atılması zəruri olan tədbirləri müzakirə ediblər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

"Hürriyet": Türkiyə Prezidenti Ərdoğan dördtərəfli əməkdaşlıq platforması keçirilməsini təklif edir

Azərbaycan-Ermənistan arasında gərginliyin artması fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə dördtərəfli sammitin keçirilməsini təklif etdiyini açıqlayıb. Bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinə can atsa da, son vaxtlar Ermənistan gərginliyi artırmaq üçün atdığı addımlarla diqqəti cəlb edir. İrəvanın birtərəfli addımları və yol verdiyi pozuntulara görə Cənubi Qafqazda gərginlik bir müddətdir ki, artıb. Türkiyə və Azərbaycan Ermənistanla problemlərin həlli ilə bağlı son razılaşmaya cəhd etsə də, İrəvan Qərbi danışıqlara cəlb etməyə çalışır.

"Businesslend": Azərbaycanla enerji əməkdaşlığı sayəsində Macarıstan üçün yeni alternativlər açılır

"Businesslend" xəbər saytı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonun müsahibəsini yayımlayıb. Xəbərdə bildirilir ki, biz Şərqlə Qərb arasında yeni əlaqələr, yeni marşrutlar təmin etmək istəyirik. Türk dövlətləri isə bunun üçün yaxşı alternativdir: "Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sayəsində bu sahədə ciddi imkanlar açılır".

XİN başçısı Macarıstanın Türkiyə ilə müqavilə imzalaması haqqında da söz açıb. Peter Siyarto: "Macarıstan Türkiyə ilə müqavilə imzalayıb və müqaviləyə əsasən, yeni ilin əvvəlində ondan 275 milyon kubmetr qaz alacaq",- deyə vurğulayıb.

"Respublika".