Qürur və ehtiram məkanı
Sosial həyat

Qürur və ehtiram məkanı

Hacıqabul

O, Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olmuşdu. Sonra ailəliklə Hacıqabul rayonunun Navahı qəsəbəsinə köçmüşdülər. Ailənin tək oğlu idi. Dövlət Sərhəd Xidməti Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusu gizir İbrahimov Elnur Dönməz oğlu! İndi bu ad təkcə Hacıqabulda, Ələtdə, Navahıda deyil, Azərbaycanın bütün guşələrində xüsusi hörmət və ehtiramla yad edilir.

2016-cı ildə həqiqi hərbi xidmətə yollanmışdı. Hərbi xidməti Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ilə İran sərhədində keçirdi. 2018-ci ilin aprel ayında isə hərbi xidməti bitirdi. Hərbi xidməti bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin gizir kursunda təhsil aldı. 2019-cu ilin aprel ayında Dövlət Sərhəd Xidmətinin Lənkəran korpusunda gizir rütbəsi qrup komandiri vəzifəsi ilə işə başladı. Şərəfli və çətin xidmət dövrü belə başlayıb. 2020-ci il avqust ayında könüllü olaraq Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibinə keçib. Avqust ayından Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində Daşkəsən rayonunda təlimlər keçib. Sentyabrın 27-də müharibə başlayan gündən döyüşlərdə iştirak edib. Əvvəl Kəlbəcər istiqamətində Murov zirvəsinin alınmasında iştirak edib. Sonra Cəbrayıl, Zəngilan şəhərlərinin, Xudafərin körpüsünün alınmasında və hamısının bayraq ucaldılmasında, onlarla kəndlərin, o cümlədən Araz çayı boyunca kəndlərin alınmasında iştirak edib. Düşmənin 50-dən çox canlı qüvvəsini məhv edib. Yoldaşları ilə birlikdə düşmənin çoxlu sayda hərbi texnikasını, silah-sursatını qənimət götürüblər. Lakin özü təkbaşına düşməni məhv edib. O, düşmənin qumbaraatanını da qənimət götürüb. Döyüş zamanı başlarına qumbara yağışı yağmasına baxmayaraq, yanındakı şəhidləri, yaralıları qorxmadan döyüş meydanından çıxarıb. Qumbara yağışı altında yoldaşlarına qorxmadan kömək etdiyinə görə yoldaşları Elnura nur işığı adı qoyublar.

Oktyabrın 21-də Zəngilan ərazisində düşmən tərəfindən basqın olub. Elnur onlarla düşməni məhv etdikdən sonra düşmən gülləsinə tuş gəlib və döyüş meydanında qəhrəmancasına şəhid olub. Oktyabrın 22-də Hacıqabul rayonunun Navahı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elnur İbrahimov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Tofiq HÜSEYN,

"Respublika".