O GÜN UZAQDA DEYİL
Digər xəbərlər

O GÜN UZAQDA DEYİL

Mövlud Feyiz oğlu Təhməzov əslən Qərbi Azərbaycandandır. O, 1963-cü ildə ermənilərin "Kalinino" adlandırdıqları rayonda - İlməzli kəndində anadan olub. Qaçqın düşdükləri vaxtlar, ermənilərin kənd camaatına qarşı törətdikləri cinayətlər, olmazın əzab və işgəncələr, azərbaycanlıların çəkdikləri min bir əzab-əziyyətlər onun da yaddaşında çox izlər qoyub.

Mövlud müəllim deyir ki, ata-babalarının, ulularının tarix boyu yaşadıqları yerlərin adları zaman-zaman dəyişdirilib. Buna səbəb yaxın yüzillikdə məqsədli və planlı şəkildə həmin yerlərdə ermənilərin məskunlaşdırılması olub. Getdikcə yerli əhali sıxışdırılıb, yalnız soydaşlarımız deyil, onlara məxsus toponimlər, oykonimlər, hidronimlər və s. də təcavüzə məruz qalıb, qondarma erməni adları ilə əvəzlənib. Xislətlərinə xas olan hiyləgərlik, yalançılıq, alçaqlıq, vəhşilik, namərdlik kimi xüsusiyyətləri sayəsində düşmən addım-addım yurdlarımıza sahib çıxıb.

O yaraların ağrı-acısını yalnız doğma yurda dönmək unutdura bilər, - deyir Mövlud müəllim. 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın ümidləri yenidən baş qaldırdı. İnam hissi yenidən ürəklərdə "göyərdi". Çünki bizi o müqəddəs arzuya qovuşduracaq güclü Liderimiz, qüdrətli ordumuz, möhkəm birliyimiz var.

1918-1920-ci illərdə Cənubi Qafqazda baş verən etnik təmizləmələr Loru nahiyəsində, ən çox da Kalinino rayonunun azərbaycanlılar yaşayan kəndlərində aparılmışdır. Yerli əhali amansız işgəncələrə, qətliamlara məruz qalmışdır.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ata-baba yurdlarından qovulmuş azərbaycanlıların bir hissəsi doğma yurdlarına döndü. Yandırılmış evlərinin yerində böyük əzab-əziyyətlərlə ev tikdilər. Amma onların dincliyi uzun sürmədi. 1948-1953-cü illər deportasiyası zamanı Kalinino camaatı yenidən öz yurdlarından qovuldular.

1980-ci illərin sonlarında başlanan erməni vəhşiliyi Qərbi Azərbaycandan olan soydaşlarımızın son nəfərinədək (1987-ci ildə İlməzlinin 3.126 nəfər əhalisi vardı-red.) doğma torpaqlarımızdan məcburi köçkün düşməsi ilə nəticələndi. Həmin vaxtlar da soydaşlarımıza misli görünməmiş zülmlər edilib.

Ötən əsrin 80-ci illərinin sonunda baş verənlər isə daha dəhşətli oldu. Mövlud müəllim deyir ki, o vaxt hər yandan ermənilərin "Qarabağ bizimdir" qışqırıqları gəlirdi. Qarşılarına çıxan azərbaycanlılarla qəddarlıqla davranırdılar. O vaxt "Qaraboğaz Məhəmməd" deyilən bir kişi vardı. Çox cəsarətli insan idi. O, ermənilərə qarşı təkbaşına müqavimət göstərirdi. Erməni qonşusu günlərin birində silahla Məhəmmədi vurub öldürdü.

"Doğma yurdumuzdan qovulandan sonra Basarkeçərdə - ana qohumumuzun yaşadığı Yırğançaya gəldik. Bir ay orada qaldıq. İki ay da Qardabani rayonunun Kosalı kəndində - atamın xalasının evinə yığışmalı olduq. Sonra məcburiyyətdən 5-6 ay Rusiyanın Krasnodar şəhərində yaşadıq. 1989-cu il avqust ayının 8-də Azərbaycana qayıtdıq. Şamaxının Saqiyan kəndində məskunlaşdıq", - deyə Mövlud müəllim bildirir.

Həmsöhbətimin iki övladı var. Qızı da, oğlu da ailə sahibidir... Bu xoşbəxtliyin içində Mövlud müəllimin nisgili hələ də çöhrəsindən çəkilməyib. Gözü ilə çəkdiyi, xəyalı ilə canlanlandırdığı yollar onu doğma kəndlərinə aparır. Uca dağlara boylanıb köksünü ötürür. Əl uzadıb buz bulağın gözündən bir ovuc götürüb çırpınan ürəyinə sakitlik gətirir.

Mövlud müəllim deyir ki, ötən illər varımızı əlimizdən aldı, yurdumuzu aldı, amma nə şirin ləhcəmizi, nə də adət-ənənələrimizi unutdura bilmədi, buna gücü yetmədi. Yurdumuza qayıdacaq, babalarımızın əmanətinə mütləq sahib çıxacağıq. Ermənilər qarşımızda yenə diz çökəcək, 44 günlük müharibədə olduğu kimi. O gün uzaqda deyil.

Könül MƏMMƏDOVA,

"Şirvan" qəzetinin baş redaktoru.