Ölməz Vətən oğlu
Digər xəbərlər

Ölməz Vətən oğlu

İkinci Qarabağ müharibəsində tarix yazan, ordumuzun sıralarında yağıya qan udduran Vüsal Əlifağa oğlu Muradovun xüsusi yeri vardır. Vətənin dar günündə mərdliklə döyüşüb canını ona qurban verəndə Vüsal ömrünün 35-ci ilini yaşayırdı. Lakin onun həyat yolu gələn nəsillərə örnək olacaq.

Vüsalın özündən sonra xalqına, elinə əmanət qoyduğu Vüsalə, Yusif, Qəmər və Natiq adlı övladlar var. Onlar üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli olacaq. Həmçinin Vüsal Muradovun ölümündən sonra dövlət tərəfindən təltif olunduğu, ağır müharibə meydanında göstərdiyi şücaət və rəşadətini özündə yaşadan "Vətən uğrunda", "Cəsur döyüşçü", Füzulinin, Cəbrayılın azad olunmasına görə medalları onun yadigarları sırasında yer alıb.

Vüsal Muradov 1985-ci ildə Cəlilabad rayon, Babaxanlı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirib yağı düşməndən qisas almaq, torpaqları azad etmək istəyi Vüsalı ordu sıralarına aparıb. Vətənə olan borcunu cəbhə bölgəsində yerinə yetirib. İgidliyi mərdliyi, dürüstlüyü ona əsgərlərin, zabitlərin hörmətini qazandırıb. Vətən torpağının düşmən tapdağı altında qalması onu narahat edib. Onun azadlığı naminə Vüsal həmişə döyüşə can atıb. Müqəddəs amalı isə Qarabağın azadlığı olub.

Vüsal ordudan tərxis olunandan sonra öcü qalır.

Bir müddət dinc əməkdən yapışıb. Xalqın ağrı-acılarını, yurd təəssübkeşliyini ürəyindən keçirən gənc Vətənin qisasını almaqdan ötrü yenidən orduya qayıtmaq və döyüşçü olmaq istəyib. Bu məqsədlə TTM-də piyada döyüş maşının mexanik-sürücü kursunu bitirib. 2007-ci ildən MAHHXHQ kimi əyninə forma geyinib özünü hərbiyə bağlayıb. İçdiyi and da belə olub: "Vətən torpağı azad olmamış silahı yerə qoymaram!".

Köksündə Vətən məhəbbətini gəzdirməklə Vüsal böyük həvəslə ona tapşırılan işləri yerinə yetirib. Hərbi texnikanın sirlərinə tez, mükəmməl yiyələnib. Eləcə təlimdən-təlimə bərkiyib, mərdlik, cəsurluq nümunəsi göstərib.

Vüsalın yağı düşmənlə üz-üzə gəldiyi birinci ağır döyüşü 2016-cı ilin aprelin əvvəllərində olub. Bu qanlı savaşda - Lələtəpə yüksəkliyinin alınmasında misilsiz şücaət göstərib. Düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib, hərbi texnikasını sıradan çıxarıb. Lələtəpədə üçrəngli qələbə bayrağımızı yüksəldən qeyrətli oğullardan olub. İkinci Qarabağ müharibəsi başlananda da yağıya sarsıdıcı zərbələr vurub. Vətən sevdalı ürəyi düşmən gülləsinə tuş gəlsə də göstərdiyi hünərlə adını tarixə yaza bilib. İgid döyüşçü torpağı Vətən etməklə əbədiyyət adlı dünyasına qovuşub...

Zəfər ORUCOĞLU.