Nəsillərə nümunə ömür yolu
Digər xəbərlər

Nəsillərə nümunə ömür yolu

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin əsasında gənclərimizin Vətən sevgisi dayanırdı. Düşmənə nifrət hissi ilə yetişən məhz bu gənc nəsil torpaqlarımızı işğalçılardan təmizlədi. Neçə-neçə igid oğullar torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər.

Torpaq, Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanları xatırlamaq mənəvi borcumuzdur. Hər bir şəhid ömrü bir tarixdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq vardır. Belə şəhidlərdən biri də Gərayev Tural Şahin oğludur.

O, 1991-ci il aprelin 29-da Bakıda dünyaya gəlib. 1997-ci ildə Bakı şəhəri 274 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2008-ci ildə məktəbi bitirdikdən sonra qısa bir müddət əmək fəaliyyətilə məşğul olub. 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Gürcüstanda NATO-nun Sülhməramlı kontingentində xidmətini davam etdirib. Sonrakı aylarda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarına qəbul olunub. Xidməti müddət ərzində keçirilən təlimlərdə xüsusi fərqlənib.

Tural Gərayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı böyük rəşadət göstərərək oktyabrın 1-dən 2-nə keçən gecə Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Qobustan rayonunun Bəklə kənd məzarlığında dəfn edilib. Bir oğlu vətənə yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Tural Gərayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuzdur.

Tural Gərayev yaşasaydı 33 yaşı tamam olacaqdı. Ömrünü Vətən yolunda qurban verən Tural qısa bir ömür yaşadı. Lakin unudulmaz qəhrəmanlığı, şücaəti ilə əbədiyyətə qovuşdu, əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcunu şərəflə yerinə yetirdi.

Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Tural kimi bütün şəhidlərimiz sübut etdilər ki, bu xalqın qəhrəmanları minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Nə qədər ki, canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var, Azərbaycan daim yaşayacaq, ucalacaq və qalib gələcək.

Nurəngiz ADİLQIZI,

"Respublika".