Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin qurucusu
Tarix

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin qurucusu

Azərbaycan xalqının dövlətçilik, ictimai-siyasi fikir və qəhrəmanlıq tarixində müstəsna xidmətlərə malik olan, hər zaman qürur və maraqla xatırlanan çoxlu sayda şəxsiyyətləri olmuşdur ki, onlardan biri də Şah İsmayıl Səfəvidir. O, öz fenomenal keyfiyyətləri ilə insan zəkasını heyrətdə saxlayan bir sima olmaqla yalnız Azərbaycan xalqının deyil, bütünlükdə bəşər tarixinin yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri sayıla bilər. Çünki Şah İsmayıl öz həyatı və fəaliyyəti ilə nadir dövlətçilik təcrübəsini ortaya qoymuş dahilərdən biridir.

Böyük bir imperiyanın yaradıcısı, Şərqin, İslam aləminin və bütünlükdə, dünya tarixində silinməz izlər buraxmış Səfəvilər şah nəslinin banisi kimi Şah İsmayıl təxminən beş əsrdən çoxdur ki, ən müxtəlif salnamələrin, tədqiqatların, araşdırmaların, elmi və bədii əsərlərin mövzusu olmuş və bu gün də olmaqdadır. Çünki Şah İsmayıl geniş fəaliyyət meydadına qədəm qoymaqla bölgənin hərbi, siyasi, dini tarixində tamamilə yeni bir səhifənin başlanğıcını qoydu. Onun dühasının yaratdığı tarixin ümumi mənzərəsinin işıqlandırılması, mahiyyətinin dərk edilməsi yalnız elm və bilik adamları üçün deyil, elə xalq kütlələrinin özü üçün də hər zaman maraq kəsb etmişdir. Şah İsmayılın adına dastanlar qoşulması, onun haqqında çoxlu sayda xalq yaradıcılıq nümunələrinin meydana gəlməsi, həyat yolu ilə bağlı məxəzlər yaradılması da həmin maraqdan irəli gəlmişdir.

Şah İsmayılın 12-13 yaşlarında ətrafına toplanmış bir neçə məsləkdaşı ilə sonda Səfəvi dövlətinin yaradılmasına gətirib çıxarmış böyük siyasi, hərbi və dini hərəkata başlaması dünya tarixində nadir hadisə idi və elə bu gün də nadir hadisə olaraq qalmaqdadır. Konkret tarixi şəraitin sərt sınaqları qarşısında belə böyük bir hərəkatın başlanması, onun təşkilatlandırılması və bölgənin siyasi və tarixi mənzərəsində köklü dəyişikliklər yaradan bir prosesə çevrilməsi Şah İsmayılın şəxsiyyətinin böyüklüyünü nümayiş etdirən bir hadisə idi.

Fiziki və mənəvi keyfiyyətlərin bir-birini tamamlaması Şah İsmayıl şəxsiyyətinin mühüm tərəflərindən biridir. O, Mürşidi-kamil kimi dərin etiqad sahibi və bütün müridləri üçün inam və güvənc yeri idi. Şah İsmayıl yeni bir dövlət qurulması ideologiyasının təbliğatçısı idi və bu ideologiyanın ətrafına çoxsaylı tərəfdar toplayaraq onu reallığa çevirə bilmişdi. Şah İsmayıl eyni zamanda güc-qüvvət sahibi idi, 12 yaşında ikən Gilandan başladığı hərəkatının vuran əli idi. 12 yaşından başlayaraq Təbrizdə Səfəvi dövlətinin əsasını qurduğu vaxta qədər (o zaman Şah İsmayılın 14 yaşı var idi) və hakimiyyətə gəlməsindən Çaldıran döyüşünə qədər son dərəcə ağır, məsuliyyətli döyüşlərə özü rəhbərlik etmişdi və bu döyüşlərin hamısını da qələbə ilə başa vurmuşdu. Dünya tarixi üçün 12-13 yaşında uşağın həm böyük siyasi hərəkata, həm də böyük sayda qoşunlara rəhbərlik etməsi və bu qoşunların qələbəsinin əsas ağırlığını öz üzərinə götürməsi bənzərsiz bir hadisə olaraq Şah İsmayılın şəxsində özünü nümayiş etdirmişdi.

Səfəvilər dövlətinin əsası qoyulana qədər Şah İsmayıl (İsmayıl Mirzə) Şirvanda, Şamaxı və Bakı qalaları ətrafında, Şərurda Ağqoyunlu Əlvənd Mirzənin qoşunlarına qarşı ağır və məsuliyyətli döyüşlər aparmışdı. Bu yaşda belə ağır döyüşlərə atılması, həmin döyüşlərdə xüsusi şücaət göstərməsi heç şübhəsiz ki, Şah İsmayıldan güclü fiziki keyfiyyətlər tələb edirdi. Həmin keyfiyyətlər Şah İsmayılda var idi.

Hələ uşaq yaşlarından malik olduğu fiziki keyfiyyətləri Şah İsmayıl iştirak etdiyi döyüşlərdə və ov mərasimlərində daha da təkmilləşdirdi və dövrünün mahir sərkərdəsi kimi formalaşdı. Şah İsmayıl dünyasını dəyişdiyi günə kimi, Səfəvi qoşunlarının ən güclü döyüşçüsü kimi qaldı.

Fiziki gücü və keyfiyyətləri ona imkan vermişdi ki, bacarıqlı döyüşçü olmaqdan əlavə, həm də qüdrətli bir sərkərdə olsun. Dövrün tələbləri sərkərdələrdən həm fiziki və əqli keyfiyyətlərin vəhdətini tələb edirdi. Şah İsmayıl sərkərdə kimi həm qoşunlara rəhbərlik edirdi, döyüşləri təşkil edirdi, müvafiq qərarları qəbul edirdi, həm də qəbul olunmuş qərarların əməli icrasının əsas ağırlığını öz üzərinə götürürdü. Şah İsmayıl döyüş meydanında bir qayda olaraq qoşunların mərkəzində dayanırdı. Başqa sözlə, qarşı tərəfə vurulacaq zərbənin əsas ağırlığını öz üzərinə götürürdü. Çevikliyi, qorxmazlığı, qolunun gücü ilə Şah İsmayıl bütün qoşunu da ən gərgin döyüşə ilhamlandırırdı. Şah İsmayıl fiziki keyfiyyətlərinə və döyüşkənliyinə görə də öz qoşunlarının lideri olaraq qalmaqda idi. Şah İsmayıl dövrünün tədqiqatçıları da qeyd edirlər ki, Səfəvi qoşunlarının saysız-hesabsız tarixi qələbələrində Şah İsmayılın fərdi keyfiyyətlərinin çox böyük rolu var idi. Belə ki, o, möhkəm iradəsi və cəsurluğu ilə başladığı hərəkatın uğurla başa çatdırılması üçün hər cür çətinliyi və təhlükəni qorxmadan qarşılayırdı, onun vücudunda qorxu və ürkü yox idi. İsgəndər bəy Münşi şöhrət və qüdrət zirvəsinə qalxan Şeyx Heydər oğlu İsmayıl haqqında yazır: "İsmayıl azyaşlı olsa da, fəhm və fərasətdə, ağıl və bilikdə elə təəccüblü bir əlaməti vardı ki, ilk baxışda dünyanı idarə etmək bacarığı onun mübarək çöhrəsindən görünür, işıqlı alnından ilahi nur saçılırdı... Ali məiyyətin mülazimləri xilafət çəməninin bəzəyi olan o yeniyetməni gözəl etiqad zülalı ilə bəsləyirdilər, qeybdən ilham alaraq, onu yüksək şahlıq ünvanı ilə adlandırırdılar və azyaşlı olmasına baxmayaraq, mətin əqidə və iradə ilə onu Mürşidi-kamil və şah deyə çağırırdılar".

Şah İsmayıl haqqında elmi-tarixi dövriyyədə olan ilk xatirələrdən biri venesiyalı Katerino Zenoya məxsusdur. O, Şah İsmayıl haqqında belə yazırdı: "Nəcib siması və şahanə rəftarı var idi. Bilmirəm onun gözündə və üzündə nə gizlənmişdi. Hər nə vardısa o dərəcədə valehedici və amiranə idi ki, aydın şəkildə bir gün böyük padşah olacağından xəbər verirdi. Onun əqli fəzilətləri ilə zahiri gözəlliyi heç də ziddiyyət təşkil etmirdi. Yüksək dühası və misilsiz ideyaları onun belə gənc yaşları üçün bəlkə də qeyri-adi görünürdü".

1518-ci ildə Şah İsmayılı Təbrizdə görmüş və hətta onunla söhbət etmiş venesiyalı tacir onun zahiri və əqli kamilliyə malik olduğunu, öz ətrafındakılardan bütün cəhətlərinə görə seçildiyini bildirərək yazırdı: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır... O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir".

Həsən bəy Rumlu onun haqqında yazırdı: "O həzrət döyüş meydanında xəncər vuran cəngavər, əyləncə məclisində isə gövhər yağdıran bulud idi. Son dərəcə səxavətli olduğu üçün tam əyarlı qızıl və dəyərsiz daş onun gözündə eyni şey idi... Ova çıxmağı çox sevərdi və təkbaşına aslan öldürərdi".

Şah İsmayılın fiziki və döyüş keyfiyyətlərinin formalaşmasında onun etnik mənsubiyyətinin təsirini qiymətləndirməmək doğru olmazdı. Döyüşçü kimi doğulmaq və yaşamaq dövrün hər bir türkü üçün ayrılmaz mövcudluq şərti idi. Türk həyatında igidlik, döyüşkənlik ənənələri əsrlərdən bəri davam etməklə Şah İsmayılın dövründə də öz aktuallığını qoruyub saxlamaqda idi. Onun hərəkata başlaması ərəfəsində də Azərbaycan ərazisində türk dövlətlərinin meydana gəlməsi məhz türk tayfalarının döyüşkənliyi ilə şərtlənirdi. Normal sağlamlıq durumuna malik olan hər bir türk həyatını at belində keçirməklə bir döyüşçü kimi yaşayırdı. Bir sözlə döyüşçü olmaq hər bir türk üçün dövrün zəruri tələbi idi və bu tələbdən kənarda qalmaq zamanın tələbləri ilə ayaqlaşmamaq kimi qəbul edilə bilərdi. Mənsub olduğu türk mühiti Şah İsmayılın babasını, atasını, onun qardaşlarını da və eləcə də özünü bir döyüşçü kimi formalaşdırmışdı. Təsadüfi deyil ki, Şah İsmayılın döyüşçü kimi formalaşmasına təsir göstərə biləcək yaxın ətrafı da türk-qızılbaş əmirləri idi.

Potensial düşmənlərin döyüş qabiliyyətinin də Şah İsmayılın fiziki keyfiyyətlərinin və döyüş vərdişlərinin formalaşmasına təsiri diqqətdən kənarda qalmamalıdır. Şah İsmayıl bilirdi ki, hərəkatının sona çatdırılması və yeni bir dövlətin əsasının qoyulması üçün hansı qüvvələrlə qarşılaşmalı olacaqdır. Bu qüvvələr arasında Şirvanşahlar dövlətinin, Ağqoyunlu Əlvənd Mirzənin qoşunları kimi güclü qoşunlar var idi. Həmin qüvvələrin böyük potensiala malik olmasının nəticəsi idi ki, babası Şeyx Cüneyd, atası Şeyx Heydər və qardaşı Sultan Əli Mirzə həyatları ilə vidalaşmalı olmuşdular. Şah İsmayıl bu qoşunlara o zaman qalib gələ bilərdi ki, həm də fiziki baxımdan öz düşmənlərindən güclü olsun. Yəni qarşı tərəfin döyüş potensialı Şah İsmayılı də məcbur edirdi ki, uyğun fiziki keyfiyyətlərə malik olsun.

Şah İsmayıl fiziki və mənəvi keyfiyyətlərinin mükəmməlliyi ilə də heyrət yaradırdı. Məhz bu keyfiyyətlərin qarşılıqlı vəhdəti və dialektikası Şah İsmayılın bir fenomen kimi tarix səhnəsinə çıxmasına zəmin yaratmışdı. 12-13 yaşlarında ətrafında real qüvvə olmadan yeni dövlət yaradılması uğrunda mübarizəyə başlaması da bu fenomenin əyani nümayişi idi.

Şah İsmayılın dini etiqadı və Mürşidi-kamilliyi onun siyasi əqidəsinin də formalaşmasına öz təsirini göstərirdi. Ümumiyyətlə, Şah İsmayılın bütün mənəvi, dini-ideoloji keyfiyyətləri bir-biri ilə sıx qarşılıqlı təsirə malikdir və onların hər hansı birini digərindən təcrid edilmiş halda baxılması qeyri-obyektiv qənaətlərə gətirib çıxara bilər.

Siyasi təfəkkürü, duyumu və qabiliyyəti Şah İsmayıl fenomeninin ayrılmaz tərkib hissəsi idi. Öz hərəkatına başlamaqla Şah İsmayıl təriqət liderliyi ilə bərabər, həm də siyasi liderliyi öz üzərinə götürdü, çox böyük qüvvələri başladığı siyasi mübarizəyə səfərbər etdi və onlara rəhbərliyi də uğurla başa çatdırdı. Hələ kifayət qədər azyaşlı olmasına baxmayaraq, ətrafında cərəyan edən siyasi prosesləri öz hərəkatının maraqları çərçivəsində dəqiqliklə dəyərləndirməsi, hərəkata başlaması üçün münasib anın düzgün müəyyənləşdirilməsi, real siyasi məqsədlər ortaya qoyması Şah İsmayıl fenomeninin başqa bir təsdiqidir. 14 yaşında ikən öz siyasi mübarizəsini Səfəvi dövlətinin əsasının qoyulması ilə başa çatdırması isə Şah İsmayılın həm də dövlətçilik təfəkkürünün əyani nümayişi idi.

Şah İsmayıl öz siyasi təfəkkürü ilə həm Azərbaycan torpaqlarını, həm də Azərbaycan ətrafında olan torpaqları vahid dövlət daxilində birləşdirdi, siyasi parçalanmalara, silahlı çəkişmələrə son qoydu, səltənət tərkibində olan xalqların sabit və inkişafda olan həyatına təminat yaratdı. Bununla, Şah İsmayıl bir tərəfdən özünün siyasi liderlik keyfiyyətlərini, digər tərəfdən də dövlət idarəçiliyi keyfiyyətlərini nümayiş etdirdi.

Xalqımızın görkəmli dövlət xadimi Şah İsmayıl ana dilinə hörmət edir və bu dildə yazan şairləri, ozanları sevir, onları himayə edirdi. Elə buna görə də dilinə, vətəninə bağlı el şairləri, aşıqları da onu sevir və onun doğma dilinə, xalqına bağlılığını əsərlərində tərənnüm edirdilər. Onlardan Şah İsmayılla eyni dövrdə yaşamış və onu özünün Mürşidi-kamili adlandıran Dirili Qurbaninin "Şah Xətai" gəraylısında "Qoy var olsun türki zəban, Şah Xətai, Şah Xətai misraları", onunla eyni dövrdə yaşamış Tüfeylinin Şah İsmayıla xitabən "Qılmazam, vallahi, türki-tacidarım tərkini" deməsi Şah İsmayılın kimliyinin bəlli aynası olub, doğma türk dilinə sevgisinin də parlaq təzahürüdür.

Şah İsmayılın Azərbaycan dilinin və ədəbiyyatının inkişafında son dərəcə böyük xidmətləri vardır. O, Azərbaycan dilinin saray (rəsmi) statusunu daha da möhkəmləndirdi, Səfəvi dövlətinin rəsmi dilinə çevirdi. Bununla, Şah İsmayıl Azərbaycan (türk) dilinin inkişafına yeni bir təkan verdi, Azərbaycan dilinə yeni bir münasibət formalaşdırdı.

Şah İsmayılın hakimiyyət illəri Azərbaycan dilində yaranan ədəbiyyatın da yeni bir səhifəsi sayıla bilər. O özü azərbaycandilli ədəbiyyatın ən gözəl nümunələrini yaratdı və bununla Azərbaycan dilində olan ədəbiyyatın da inkişafına yeni bir nəfəs verdi. Özü xalq həyatından və yaradıcılığından irəli gələn şeir janrlarında son dərəcə sadə və anlaşıqlı dildə əsərlər yaratmaqla bərabər, Şah İsmayıl çoxlu sayda şairlərin səmərəli yaradıcılığına geniş meydan açdı. Bicən "Tarixi-Şah İsmayıl Səfəvi" salnaməsində yazırdı: "O, həzrət elm və fəzilət sahiblərini hər cəhətdən himayə edirdi və çox gözəl şeirlər yazırdı. Türkcə və farsca divanları var... o zamanın əksər şairləri bu şəhriyarın şərəfinə çoxlu qəsidələr yazmışdır".

Şah İsmayıl Xətainin öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır, onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Azərbaycan şairlərinin başqa dillərdə yazıb-yaratması ənənəsinə birdəfəlik son qoyuldu. Müasirlərinin dediyinə görə, Şərq miniatür sənətinin inkişafının ən parlaq zirvələrindən biri məhz həmin dövrə təsadüf edir. Elm, sənət xiridarı olan Şah İsmayılın sarayında yaradıcılıq üçün əlverişli şəraitdə diqqət, qayğı, hörmətlə əhatə olunmuş mühitdə böyük rəssam Behzad, habelə bir çox digər istedadlı heykəltaraş, xəttat, musiqiçi yaşayırdı. Hətta məşum Çaldıran döyüşü ərəfəsində belə Şah İsmayıl ilk növbədə, istedadlı rəssam və alimlərə qayğı göstərir, onları təhlükəsiz yerdə gizlətməyi, qorumağı əmr edirdi.

Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli imperiya yaradan Şah İsmayıl həm də Qərbi Avropada Papalıq, Fransa, İspaniya, Venesiya, Genuya və s. ilə səmərəli qarşılıqlı münasibətlərin möhkəm bünövrəsini qurmuşdu.

Çuxursəd bəylərbəyliyinin mərkəzi kimi İrəvan qala-şəhərini inşa etdirmiş və onun idarəsini tanınmış qızılbaş əmirlərinin idarəsinə vermişdir.

Şah İsmayıl məğrur, azadfikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi. O, milli mənliyimizin qürur və şərəf tağı kimi xalqımız qarşısında özünün tarixi missiyasını şərəflə yerinə yetirərək Azərbaycanımıza, dövlətçilik irsimizə, şanlı tariximizə öz adını əbədi yazdıraraq, millətinin, dövlətinin və ana dilinin dünya vətəndaşlığını beş yüz iyirmi iki il əvvəl təsdiq etdirmişdir. O, bunu nəyin bahasına və necə etdisə, tarix üçün elə də böyük əhəmiyyəti yoxdur. Dəyərli olan odur ki, bu gün onun vətəndaşlıq qazandırdığı Azərbaycan dövləti, Azərbaycan dili və Azərbaycan xalqı vardır.

Tofiq NƏCƏFLİ,

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun

Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin müdiri, t.e.d., dos.

 

Mehman SÜLEYMANOV,

Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun

Adyunktura və elm şöbəsinin dosenti, t.e.d.