AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Anadolu Agentliyi": Otuz ildən sonra ərazilərimizdə mövcud olan "boz zona"nın aradan qaldırıl ması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciətində bildirib: "Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır".

"Eurasianet": Azərbaycan-İran münasibətləri normallaşır

"Eurasianet" xəbər saytı İran və Azərbaycanın münasibətlərinin gedişatı haqqında yazı paylaşıb. Xəbərdə qeyd edilir ki, uzun müddətdir münasibətləri gərgin olan iki ölkə indi tranzit dəhlizi üzərində birgə işləyir və münasibətlərinin normallaşdırılmasını müzakirə edir. Yazıda Prezident İlham Əliyevin oktyabrın 7-də İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşı qəbul etməsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi haqqında açıqlamaları da qeyd edilib.

"Asiatimes": Naxçıvana İran ərazisindən keçən yolun inşasına başlanılıb

Azərbaycanda Naxçıvana İran ərazisindən keçən yolun tikintisinə başlanılıb. Bu, "Zəngəzur dəhlizi" yolunun reallaşacağını göstərir.

Bu barədə "Asiatimes" xəbər saytı məlumat yayıb. Xatırladaq ki, Ermənistan 2020-ci ilin noyabrında üçtərəfli Bəyanatın 9-cu bəndində İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlara son qoyaraq belə bir yolun tikintisini öz üzərinə götürmüşdü. Lakin Ermənistan Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin blokunu açmaq və təhlükəsizliyinə təminat vermək, insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək öhdəliyini yerinə yetirmədi.

"Turkic World": Türk Dövlətləri Təşkilatının Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsi ilə bağlı Bakı Bəyannaməsi imzalanıb

"Turkic World" xəbər saytı TDT-nin Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsi ilə bağlı Bakı Bəyannəməsinin imzalanması barədə məlumat yayımlayıb. Məlumatda Bəyannamənin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın müvafiq qurumları arasında imzalandığı qeyd olunub. Bundan başqa, şəbəkənin yaradılmasında əsas məqsədin Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi statusunda olan ölkələrinin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi olduğu öz əksini tapıb.

Qeyd edək ki, 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı təşkilatın nəzdində Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılmasına dair qərar verilib və Sammitin Yekun Bəyannaməsinə daxil edilib. Sənəd oktyabrın 10-da "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans çərçivəsində imzalanıb.

"Hellenic Shipping News": Azərbaycan və Rusiya Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrasını müzakirə edirlər

Nazirlər Kabinetindən verilən məlumata görə, oktyabrın 9-da Baş nazirin müavini Şahin Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov ilə görüşüb.

Görüşdə nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivləri, o cümlədən "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi və gəmiqayırma sektorunda əməkdaşlıq məsələləri müzakirə edilib.

"Reuters": Rusiyanın Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfər edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya gəlib. Bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb. Qeyd olunub ki, Patruşev Rusiya və Azərbaycan arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparacaq.

Rusiyanın yüksək səviyyəli təhlükəsizlik rəsmisi Nikolay Patruşev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub. Görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının geniş spektri müzakirə edilib, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunmasına və möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib. Dövlət başçımız regional məsələlərin 3+3 formatı çərçivəsində region ölkələrinin iştirakı ilə həllinin və müvafiq səviyyədə görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. Qarşılıqlı təmaslarda həmçinin, Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub nəqliyyat layihəsinin inkişafı ilə bağlı fikir mübadiləsi də aparılıb.

"Respublika".