İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

İdmançılarımızdan beş medal

Avstriyanın Vayts şəhərində keçirilən savat üzrə Dünya Kubokunda Azərbaycan idmançıları beş medal qazanıblar. Kiçik yaş qrupunda Ağamirzə Mahmudbəyli (30 kiloqram), gənc savatçıların mübarizəsində isə Ələkbər Xanməmmədov (56 kiloqram) qızıl medalın sahibi olublar. Gənclərdən Yasin İbrahimov (52 kiloqram) və Məhəmməd Süleymanov (+75 kiloqram) gümüş, böyüklərin yarışında isə Beyrək Bağırov (80 kiloqram) bürünc medala yiyələniblər.

Finala qatılacaq güləşçilərimiz

Türkiyənin Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində iştirak edəcək Azərbaycan idmançıları bəlli olub. Ölkəmizi Ramiz Həsənov (70 kiloqram), İbrahim Yusubov (90 kiloqram) və Oyan Nəzəriani (+90 kiloqram) təmsil edəcək.  Yarış bitdikdən sonra seriyanın il ərzində baş tutan 5 mərhələsində toplanan xallar hesablanacaq və hər çəkidə ümumilikdə ən çox xal yığan güləşçi dünya çempionu olacaq.

Yığmamızın üzvü triatlon üzrə üçüncüdür

Çinin Çendu şəhərində keçirilən Triatlon üzrə Dünya Kubokunda Azərbaycan yığmasının üzvü Rostislav Pevtsov bürünc medal qazanıb. Yarışda finişə eyni göstəricilərlə çatan ikinci və üçüncü yerlərin qalibləri "Foto finish" ilə təyin olunub. Qeyd edək ki, Rostislav Pevtsov yarışın qalibindən cəmi 6 saniyə geri qalıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".