SAĞLAM HƏYAT
Səhiyyə

SAĞLAM HƏYAT

Miqrendən əziyyət çəkənlər oxusun

Amerikalı elm adamları miqrenlə bağlı diqqətçəkən nəticələr ortaya çıxarıblar. Belə ki, Harvard Universitetinin alimləri araşdırma nəticəsində miqrendən əziyyət çəkən qadınlarda bu problemi olmayanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinin daha tez-tez inkişaf etdiyini aşkar ediblər.

Məlumat üçün qeyd edək ki, miqren daha çox birtərəfli və şiddətli başağrıları olub, ürəkbulanma-qusma, səsə və işığa həssaslıq əlamətləri ilə müşayiət olunan ciddi bir xəstəlik hesab edilir. Miqren ağrısı dözülməz olduğu üçün həyat keyfiyyətini aşağı salır və bu tutmalar saatlar hətta günlərlə davam edə bilir. Dünyada hər 4 qadından biri miqrendən əziyyət çəkir. Bu ağrılara səbəb üçlü sinir ucluqlarının qıcıqlanması, iltihab mediatorların qanda artması, bədəni idarə edən vegetativ sinir sistemindəki dəyişikliklərdir.

"LiveScience" veb saytının yaydığı məlumata görə, araşdırmaya 115 min qadın cəlb edilib və onların 15 faizi miqrendən əziyyət çəkənlər olub. Araşdırma nəticəsində baş ağrılarından əziyyət çəkən qadınlarda ürək-damar sistemi xəstəlikləri riskinin 2 dəfə çox olduğu ortaya çıxıb. Mütəxəssislər belə qənaətə gəliblər ki, sözügedən problemi olan qadınlarda infarkt və stenokardiya kimi pozulmalara daha tez-tez rast gəlinir. Onu da qeyd edək ki, bundan əvvəl aparılan araşdırmaların nəticələri isə miqrenin insult riskini artırdığını göstərir. Məhz bu səbəbdən elm adamları qadınlara miqrendən passiv şəkildə əziyyət çəkməyi deyil, onu müalicə etməyi tövsiyə edirlər.

Alaq bitkisi kimi tanınsa da...

Qədimdən nənələrimizin türkəçarə kimi istifadə etdiyi bir çox reseptlər müasir təbabətdə qəbul edilməsə də, artıq bəzi araşdırmaların nəticələri onların doğru olduğunu göstərir. Belə ki, bu yaxınlarda aparılan araşdırmalar alaq bitkisi kimi tanıdığımız bağayarpağının əslində bir çox xəstəliklərin dərmanı olduğunu sübut edir.

Rusiyalı alimlər dovşanlar üzərində apardıqları təcrübədə bağayarpağının yarpaqlarında yaranı təmizləyən maddələr olduğunu təsdiqləyiblər. Məlum olub ki, sözügedən bitkinin tərkibində olan polisaxaridlər, vitaminlər və bəzi fermentlərin birlikdə təsiri dəri toxumasının bərpasını sürətləndirir. Bundan əlavə bitkinin tərkibindəki benzoy və salisil isə dəriyə antiseptik təsir edir. Meksikalı alimlər isə bağayarpağının antimikrob və antigöbələk təsirini sübut ediblər. Həmçinin elm adamları bitkinin tərkibindəki nadir tapılan metilmetionin (U vitamini) adlı maddənin mədə və 12 barmaq bağırsaqda xoraları sağaltdığını ortaya çıxarıblar.

Məlumat üçün qeyd edək ki, bağayarpağının xalq arasında bir çox adları mövcuddur. Ona çiban, sinir və damar otu da deyilir. Ondan payız və qış aylarında istifadə etmək tövsiyə edilir. Yaz-yay fəsillərində öz təsirini adətən çox göstərmir. Müalicə məqsədilə bağayarpağının yarpaqlarından, bəzi hallarda isə kökündən və toxumlarından istifadə edilir. Bağayarpağı şirəsi ağrıkəsici, antidepressant təsirə malikdir, iştahanın artmasına səbəb olur. Onun şirəsi mədənin fəaliyyətini yaxşılaşdırır, turşuluğunu normallaşdırır. Bağayarpağının suda dəmləməsi isə yaraların sağalmasını sürətləndirir. Bu səbəbdən yaraların tez sağalması üçün ondan kompres kimi istifadə edilir. Kəsiklər, yanıqlar, xroniki yaraların sağalmasında onun rolu böyükdür.

Qaçmaq heç də çıxış yolu deyil...

Adətən artıq çəkili insanlar arıqlamağa qərar verdikdə çıxış yolunu qaçmaqda görürlər. Lakin mütəxəssislər bu metodun onların sağlamlıqları üçün çox təhlükəli olduğunu söyləyirlər. Mütəxəssislərin fikrincə, qaçarkən onurğa və ayaq oynaqları əziyyət çəkir ki, bu da insanlarda artroz, artrit və oynaqlararası qığırdaq problemləri kimi müxtəlif xəstəliklərin inkişafına yol açır.

İndiyə qədər aparılan araşdırmaların nəticələri göstərir ki, arıqlamaq üçün qaçışın köməyinə inanmağa dəyməz. Belə ki, bədən 40 dəqiqə ərzində dəqiqədə 120-130 döyüntü səviyyəsinə çatdıqdan sonra yağ yandırmağa başlayır. Bu isə sürətli gəzinti zamanı da əldə edilə bilər. İnsan qaçanda və nəbzi yüksəldikdə bədən enerji istehsalı üçün yağ deyil, digər mənbələrdən istifadə edir. Bu səbəbdən də mütəxəssislər artıq çəkili insanlara qaçmaq yerinə alternativ olaraq "addım qaçış" texnikasından istifadə etməyi tövsiyə edirlər.

Vacib olan isə düzgün qaçmağı öyrənməli, qaçış texnikasını peşəkar məşqçi təyin etməlidir. Hətta qaçış belə ideal idman proqramı, düzgün, balanslaşdırılmış qidalanma olmadan çəki azaltmağa kömək etməyəcək. Bunun üçün tərkibi proteinlə zəngin olan qidalar və məşq zamanı kifayət qədər su qəbul edilməlidir.

Bu cür qəhvə növlərindən uzaq durun!

Tərkibinə nəzər yetirdikdə qəhvə orqanizmimiz üçün çox faydalı içki hesab edilir. Əsl qəhvənin tərkibində orqanik turşular, B qrup vitaminləri, maqnezium, kofein kimi bir çox vacib elementlər var. Lakin mütəxəssislər son zamanlar qəhvə adı altında satılan bəzi qəhvə növlərinin nəinki faydasız olduğunu, hətta orqanizmimiz üçün ciddi təhlükə yaratdığını xəbərdar edirlər.

Əslində qəhvə dənələri emal edilərkən öncə qızardılır, daha sonra isə xüsusi termiki işlənmədən keçir. Nəticədə dənəcikdən efir yağları ayrılır. Məhz bu efir yağları güclü antioksidantdır və qəhvəni faydalı edir. Antioksidantlar orqanizmdə stresi azaldır, metabolizmi yaxşılaşdırır, sərbəst radikalları zərərsizləşdirir, qaraciyəri bərpa edir. Amma son zamanlar qəhvə adı ilə satılan, toz kimi tez həll olan paket qəhvələr təhlükəli və faydasızdır. Nə qədər rahat və asan hazırlansa, ucuz olsa da, bu qəhvələrdə teobromin adlı maddə var. O kofeinə zidd maddədir. Belə qəhvələrdə əsas maddə olan kofein demək olar yox dərəcəsindədir. İnsanlar onu qəbul edib enerji almaq əvəzinə yuxu problemi ilə üzləşirlər. Belə ki, indiyə qədər aparılan araşdırmaların nəticələri sözügedən qəhvədən istehlak edən sürücülərin sükan arxasında yuxuladığını göstərir. Məhz bu səbəbdən belə qəhvələrin yanacaqdoldurma stansiyalarında satışı qadağan olunub. Bu cür qəhvələr kofeinsizdir, quru tozdan başqa bir şey deyil. Əgər insan hər gün bu içkini qəbul edərsə, orqanizmini təhlükə altına qoymuş olur.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".