Qara qayalar Neft Daşlarına çevrildi
Tarix

Qara qayalar Neft Daşlarına çevrildi

7 noyabr 1949-cu il

Bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada neft sənayesi üçün tarixi hadisə olan açıq dənizdə ilk dəfə neft çıxarılmasının 74-cü ildönümüdür. 7 noyabr 1949-cu ildə ilk quyu 942 metr dərinlikdə gündəlik 100 ton debitlə neft fontanı vurdu və bununla da açıq dənizdə neftçıxarmanın əsası qoyuldu, "qara qızıl"ın vətəni Azərbaycanda neft sənayesinin yeni inkişaf mərhələsi başlandı.

Əslində dənizdə ilk platforma olan, Ginnesin Rekordlar Kitabına düşən Neft Daşlarının tarixi 1948-ci ildən başlayır. Həmin il noyabrın 14-də geoloq, Ağa Qurban Əliyev, qazma mütəxəssisi Yusif Səfərov və Sabit Orucov böyük çətinliklə indiki Neft Daşlarına gəldilər. 1949-cu il avqustun 24-də isə təcrübəli buruq ustası Mixail Kaveroçkinin briqadası dünyada ilk dəfə sahildən 40, Bakı şəhərindən isə 90 kilometr uzaqda, açıq dənizdə ilk quyu qazdı. Bununla da, Neft Daşlarında hasilat başladı. Estakadalar üzərində qurulan bugünkü Neft Daşlarının tarixi cəmi 14 kvadratmetr sahəsi olan kiçik evdən başlayıb. Keçən müddət ərzində platformanın ərazisində 2000-dən çox quyu qazılıb. Bu gün adaya ancaq gəmi və ya vertolyotla getmək mümkündür. Müasir hasilat və istehsalat texnologiyalarından istifadə nəticəsində ekologiyaya mənfi təsir sıfıra endirilmişdir. Neft Daşlarında salınan şəhər unikallığı ilə diqqəti cəlb edir.

Dünya neft tarixinə cığır açmış qara daşlar neft daşlarına çevrilmişdir. Neftçi Qurbanın və Mixail Kaveroçkinin briqadalarının qazdığı quyular 1951-ci il fevral ayının 18-də neftlə dolu ilk tankerin Neft Daşlarından göndərilməsi ilə öz bəhrəsini vermişdir. Bundan sonra Neft Daşlarında, estakadaların və estakadayanı meydançaların tikintisinə başlanmışdır. 1952-ci ildən etibarən qəsəbə kimi fəaliyyət göstərən Neft Daşları elmi-texniki intellektin möcüzəsi kimi beynəlxalq aləmin diqqət mərkəzində olmuşdur. Son illərdə "möcüzələr adası"nda olmuş Avropa Birliyinin, Böyük Britaniya Parlamentinin, Ümumdünya Həmkarlar Konfederasiyasının bir sıra aparıcı dövlətlərinin nümayəndə heyətləri Neft Daşlarını heyranlıqla seyr etmişlər.

Neft Daşlarının kəşfi dünyanın bütün dəniz və okean akvatoriyalarında axtarış-kəşfiyyat işlərinin inkişafına təkan verib. SSRİ dönəmində bütün metallurgiya sənayesində, raket-kosmik kompleksində məhz Azərbaycanda, xüsusən də Neft Daşlarında çıxarılan neftdən istifadə olunurdu. Həmin illərdə Neft Daşlarının şöhrəti o qədər geniş yayıldı ki, bu məkana səfər, hətta dövlət başçılarının səfər proqramlarına daxil edilirdi.

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın ilk hədəflərindən biri neft sənayesini daha da gücləndirmək olmuşdur. Dünya brendinə çevrilən Azərbaycan nefti ölkə iqtisadiyyatının önəmli bir hissəsini təşkil edirdi. Ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra neft sənayesi daha da təkminləşdirildi. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün tədbirlər görməyə başladı. Elə ilk günlərdən Azərbaycanda Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin əsasları qoyuldu. Onun bütün fəaliyyətinin mərkəzində belə bir möhkəm ideya dayanır: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir". Məhz xarici şirkətlərlə aparılan danışıqların ana xəttində elə bu məqam dayanırdı. Lakin qeyd etmək lazımdır ki,  "Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ildə İstanbul və Hyustondakı son mərhələləri gərgin keçmişdir. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlanmışdı. Artıq müstəqil Azərbaycanı günəşli gələcək gözləyirdi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə neftin hasilatı tarixində yeni mərhələ açmış, Neft Daşları dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Neft Daşlarını Azərbaycan neftçilərinin qəhrəmanlığına ucaldılmış möhtəşəm abidə adlandırmışdır. Neft Daşları əfsanəsi haqqında bir çox əsərlər yazılmış, kinofilmlər çəkilmiş, tablolarda əksini tapmışdır. Məşhur kinorejissor Karmen 1953-1959-cu illərdə burada "Xəzər neftçiləri haqqında dastan" və "Dəniz fatehləri" filmlərini çəkmişdir. Hər iki filmin ssenari müəllifi, xalq yazıçısı İmran Qasımov, bəstəkarı Qara Qarayevdir. Sonralar dəniz neftçilərinin çətin həyatından bəhs edən "Qara Daşlar", "Möcüzələr adası", "İnsan məskən salır" və s. filmlər ekranlaşdırılmışdır. Tanınmış rəssamlar Maral Rəhmanzadə və Tahir Salahov bir çox əsərlərini dəniz neftçilərinin qəhrəmanlığına həsr etmişlər.

Nurlan ABDALOV,

"Respublika".