Mənim Tanrım gözəllikdir, sevgidir.
Mədəniyyət

Mənim Tanrım gözəllikdir, sevgidir.

Hər qulun cahanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var,

Hər kəsin bir eşqi, bir Allahı var,

Mənim Tanrım gözəllikdir, sevgidir.

Bu misralar sevgisinin, məhəbbətinin fövqündə Turan və türkçülük dayanan azadlıq aşiqi Hüseyn Cavidə məxsusdur. Daim yeni ideyalar axtarışında olan şair hələ sağlığında ülviləşib, aliləşib. Hüseyn Cavid ötən əsrin əvvəllərində inkişaf edən Azərbaycan romantizminin zirvəsində duran qələm sahiblərindəndir. Cavidin bütün ideya və düşüncələri yalnız bir istiqamətdə formalaşıb: dünyada türkçülüyün və turançılığın təbliği.

Hüseyn Abdulla oğlu Rasizadə-Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində ruhani ailəsində dünyaya gəlib. Şair ilk təhsilini doğma şəhərində molla məktəbində, orta təhsilini isə Məmmədtağı Sidqinin "Məktəbi-tərbiyə" mədrəsəsində alıb. 1899-1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. O, burada ərəb və fars dillərinə də yiyələnib. Dövrünün bir çox ziyalılarının ali təhsil üçün Avropa ölkələrinə üz tutmasına baxmayaraq, Cavid İstanbul Universitetinin ədəbiyyat şöbəsini seçir və 4 il burada təhsil alır. Həmin illər ərzində türk romantizminin o dövrdəki adlı-sanlı nümayəndələri olan Namik Kamal, Şəmsəddin Sami, Abdulhak Hamit, Rəcaizadə Mahmud Əkrəm, Rıza Tovfiq, Şinasi, Məhmət Akif Ərsoyla sıx yaradıcılıq əlaqəsi saxlayır. Bu isə, onun ədəbi yaradıcılığında və dünyaya baxışında mühüm rol oynayır. İstanbulda qaldığı müddətdə bir tərəfdən fikir adamlarından dərs alırsa, digər tərəfdən də mətbuat aləmində yaxından iştirak edir. Turançıların "Sırati-Müstəqim" jurnalı ilə yaradıcılıq əlaqələri quraraq üç şeirini nəşr etdirir.

Türkiyədə təhsilini başa vuran Hüseyn Cavid Naxçıvana qayıdaraq müəllimlik fəaliyyətinə başlayır. Lakin sonrakı həyat və fəaliyyətində dramaturq kimi daha çox şöhrət qazanır. Onun dramaturgiyasının əsasını dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri təşkil edirdi. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə hesab edilən "Şeyx Sənan" əsərində ədib xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid 1926-cı ildə müalicə üçün Almaniyada olarkən ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlər yazmışdı. Şairin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil hesab edilən poeması "Azər" əsəridir ki, onu da Almaniyada yaşadığı müddət ərzində yazmağa başlamış və 1928-ci ildə tamamlamışdı. Dramaturq "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi bir sıra dəyərli tarixi dramları isə 1920-1930-cu illər ərzində qələmə almışdı. Janr və forma cəhətdən olduqca zəngin yaradıcılığı olan Hüseyn Cavid külliyyatı bütün dövrlər üçün olduqca aktual və maraqlıdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan ədibin "Keçmiş günlər" adlı ilk şeirlər kitabı 1913-cü ildə çap olunmuşdu. Onun poeziyası əsasən romantik şeir və poemalardan ibarətdir. Hüseyn Cavid şeirlərini həm əruz, həm də heca vəznində yazmışdı. Əruz vəznindən heca vəzninə keçmək şeirdə yeni üslub axtarışının nəticəsi idi. Bu baxımdan, şairin heca vəzninə üstünlük verməsi poeziyamıza yeniliklər gətirməklə bərabər, həm də zənginləşdirmişdir. Onun yaradıcılığındakı üstün cəhətlərindən biri də, təbiət hadisələri ilə insan taleyini müqayisə edərək uyğun cəhətləri canlandırmasıdır. Məsələn, şair Qara dəniz sahillərində təsvir etdiyi nurani qocanın məğrurluğunu "ulu bir dağ"a bənzədir, şair təxəyyülünün qüdrətində qələmi rəssam fırçasına çevrilərək obrazın poetik rəsmini çəkir.

Bütün bunlarla yanaşı, Hüseyn Cavid deyəndə, ilk ağla gələn "İblis" mənzum faciəsi olur. Yaradıcılığında mühüm yer tutan bu mənzum faciədə yazıçı müharibələrin ağır nəticələrini göstərir. Külliyyatının əsasını təşkil edən türk tarixi türkçülük və bu aləmdəki mədəniyyət Cavid yaradıcılığının əsas mahiyyətini əks etdirir. Ədib "İblis"də həmin ideyaları və bağlılıqları belə izah edir:

Turana kılıçtan daha kəskin ulu küvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.

Bəli, bu, o dövr idi ki, Sovet hökuməti və Leninə dastanlar yazılırdı. Hüseyn Cavid yaradıcılığı isə bütünlüklə türkçülüyə və bütöv turan təbliğatına həsr olunurdu. O, türk gəncliyini Vətənə, bayrağa sevgi bəsləməyə və millətin yüksəlişi üçün haqlı mübarizəyə səsləyirdi. Onun türk fəlsəfəsi fonunda həm də bir əzəmət, qüdrət və güc tərənnüm olunurdu. Bu isə, öz işğalçı caynaqlarını digər dövlətlər kimi, Azərbaycana da uzadan Sovet hökuməti üçün ürəkaçan deyildi. Bütün qadağa və təqiblərə rəğmən, Cavid əfəndi heç bir təhlükədən qorxmadı. Nə də onu Turan ideya və məfkurəsindən heç nə çəkindirmədi. Lakin Dövlət Təhlükəsizliyi İdarəsinin 3 iyun 1937-ci il tarixli 509 nömrəli orderilə NKVD-nin 4-cü şöbəsi tərəfindən Hüseyn Cavidin evində axtarış aparıldı. Axtarış zamanı 1 səbət əlyazma, türk, ərəb və fars dillərində 115 nüsxə, nadir kitablar və 23 ədəd fotoşəkil, ona məxsus 549349 №li pasport və 5 ədəd dəftərçə müsadirə edilmişdir ki, həmin dəftərçədə Cavidin yazacağı əsərlər haqqında çoxlu qeydlər olub. 1939-cu il iyun ayının 9-da Hüseyn Cavid heç bir dəlil-sübut olmadan 8 il müddətinə azadlıqdan məhrum edilərək Sibirə sürgün edilir. Bir müddət sonra isə xəstəliyi ilə əlaqədar Maqadandan İrkutska, "Əlillər zonası"na göndərilən Cavid 1941-ci il dekabrın 5-də dünyasını dəyişir. 1953-cü ildə Stalinin vəfat etməsi ölkədə çox şeyləri dəyişdi. Eyni zamanda, Cavid kimi günahsız repressiya qurbanları ölümündən sonra bəraət aldı. 1962-ci ildə dövlət səviyyəsində H.Cavidin 80 illiyi təntənə ilə qeyd olunur, pyesləri səhnələrə qayıdır, kitabları yenidən nəşr olunur. Qeyd edək ki, ulu öndər Heydər Əliyev 1982-ci ildə - Hüseyn Cavidin anadan olmasının 100 illiyində onun İrkutskdakı məzarının aşkar edilməsinə və cənazəsinin qalıqlarının oktyabrın 26-da Azərbaycana gətirilməsinə nail olur.

Ramidə YAQUBQIZI,

"Respublika".