“Kitabi-Dədə Qorqud” - milli-mənəvi sərvətimiz
Mədəniyyət

“Kitabi-Dədə Qorqud” - milli-mənəvi sərvətimiz

"Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi böyük tarixi abidəmiz var. Biz fəxr edirik ki, Dədə Qorqud övladlarıyıq. Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" bütün türkdilli dövlətlərə mənsub olaraq, eyni zamanda və birinci növbədə Azərbaycan xalqına mənsubdur. Fəxr edirik ki, biz "Kitabi-Dədə Qorqud"un sahibiyik, onu yaşadacağıq və gələcək nəsillərə daha da böyük töhfələr verəcəyik". Bu fikirləri ulu öndər Heydər Əliyev 2000-ci il aprelin 9-da "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə həsr olunmuş Gülüstan sarayında keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirib.

Ulu öndər bu eposa böyük dəyər verir

, onu "ana kitabımız" adlandırırdı. 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar fərman imzalandıqdan sonra yubiley çərçivəsində elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən böyük işlər görülmüş, "Kitabi-Dədə Qorqud" ensiklopediyası nəşr edilmişdir. 2000-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi ilə əlaqədar UNESCO çərçivəsində Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində tədbirlər təşkil olunmuş, bu tədbirlər həmin ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatmışdır.

"Kitabi-Dədə Qorqud" eposunun 1300 illik tarixini qeyd etmək Azərbaycan ədəbi dilinin 1300 illik tarixini qeyd etmək demək idi. Bu, həm də Azərbaycan ədəbiyyatında türkdilli ədəbi əsərlərin tarixinin ən azı VII əsrdən başladığını deməyə əsas var. Ümummilli lider heç də təsadüfən qeyd etmirdi ki, "Bu yubiley bizim üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan hadisədir... Bu, bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır".

Ulu öndər Heydər Əliyev müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında "Kitabi-Dədə Qorqud"un təlqinedici rolunu yüksək qiymətləndirir, bu eposun öyrənilməsində folklorşünasların qarşılaşdığı çətinliklərdən də bəhs edirdi. 1930-cu illərin sonlarında Əmin Abid kimi qorqudşünasların repressiya qurbanı olduğunu xatırladır, eposa qarşı siyasi hücumların 1940-cı illərin sonlarından etibarən yenidən kəskin şəkil aldığını xüsusi qeyd edirdi: "Ədəbiyyata və incəsənətə qarşı yönəldilmiş məşhur "Jdanov qərarları"nın ab-havasına uyğun olaraq, "Kitabi-Dədə Qorqud"a qarşı hücumlar başladı... "Kitabi-Dədə Qorqud" eposunun ümumən xalq eposu olmadığı bildirildi və bu eposu "yayanları amansızlıqla ifşa etmək və onlara divan tutmaq" şüarları səsləndi...". Ulu öndər bu siyasi kampaniyanın təkcə Azərbaycanda deyil, başqa türkdilli respublikalarda da aparıldığını vurğulayır və onun yasaq edilməsinin əsas səbəblərindən biri kimi bu eposun milli kimliyimizi doğru-dürüst nişan verməsini, türk xalqlarının mədəni birliyinə mühüm zəmin yaratmasını göstərirdi. Məhz türk xalqlarının özünüdərk prosesinə mane olmaq məqsədilə, onların mədəni birliyinə mühüm zəmin ola bilən "Kitabi-Dədə Qorqud" kimi ədəbi abidələrə "mürtəce əsər" damğası vurulduğunu, "pantürkizm" adı altında onların tədqiq və təbliğinin qarşısının alındığını deyirdi.

Bütün bunlara baxmayaraq, Heydər Əliyevin "əxlaq kodeksimiz", "milli estetikamızın mötəbər qaynağı" adlandırdığı "Kitabi-Dədə Qorqud" kimi ədəbi abidələrin hərtərəfli və dərindən öyrənilməsində dövlət qayğısı əvəzsiz rol oynayırdı. Bu mənada 1970-ci illər Azərbaycanın əvvəlki onilliklər tarixi ilə müqayisədə çox fərqlidir. Belə ki, məhz həmin illərdə "Kitabi-Dədə Qorqud" geniş müzakirə, tədqiqat predmeti oldu. Eposun ekran həyatı başladı. Bütün bu məsələlərə ulu öndər Heydər Əliyev bəzən açıq, bəzən də bir qədər gizli formada təsir göstərirdi. Bu qayğı hər bir halda açıq hiss olunurdu.

Sovet dövründə eposun tədqiq və təbliğinə hərtərəfli qayğı göstərən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin başçısı olarkən bu abidənin nəinki hərtərəfli öyrənilməsi və dünyada tanıdılması istiqamətində böyük işlər gördü, onunla bağlı görüləcək işlərə yeni-yeni yollar açdı. Bu sahədə çalışan alimlərimizə, yazıçılarımıza, hətta bütün vətəndaşlarımıza təşəkkürünü bildirən ulu öndər bundan sonra da alimlərimizin öz elmi işlərini davam etdirəcəklərinə əmin olduğunu bildirirdi: "...Kitabi-Dədə Qorqud" dastanının hələ açılmayan səhifələri, hələ bu günə qədər məlum olmayan fikirləri bundan sonra aşkar ediləcək...", - deyirdi. Bu istiqamətdə dövlət səviyyəsində atılan addımlar, 2015-ci ildə "Kitabi-Dədə Qorqud"un elm aləminə məlum olmasının, ilk tərcümə və nəşr edilməsinin 200 illiyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam bu eposa yenidən diqqət yetirmək və onu dünyaya tanıtmaqda müstəsna rol oynadı.

Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmana əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və "Dədə Qorqud Dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınmışdı. Dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, Prezident İlham Əliyev 2004-cü ildə Brüsseldə Dədə Qorqud abidəsinin açılışında iştirak edib. Dövlət başçısının 2007-ci ildə imzaladığı "Azərbaycandakı monumental heykəltaraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" Sərəncama əsasən, Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlər görülməsi haqqında tapşırıq verilmiş, Bakının Nərimanov rayonunda Dədə Qorqud parkı salınmış, burada "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılmışdır.

Açılış mərasimində Prezident İlham Əliyev deyib: "Bu abidənin ucaldılması böyük hadisədir. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur... Bir sözlə, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir".

Zümrüd QURBANQIZI,

"Respublika".