VƏTƏN FƏDAİLƏRİ
Sosial həyat

VƏTƏN FƏDAİLƏRİ

Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi əziz tutulur. Həm Birinci Qarabağ, həm də Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidələr tikilir, bulaqlar inşa edilir, şəhidlərin yaşamış olduqları binalara, fərdi evlərə barelyeflər vurulur, müqəddəs məzarları ziyarət olunur.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, dövlət rəsmiləri, rayonun digər rəhbər şəxsləri, bir qrup şəhid ailələri, müharibə iştirakçıları və ictimai fəallarla birgə Dəliməmmədli şəhəri Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarları üzərinə tər güllər qoyulub, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla anılıb.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələri ilə görüşməsi, onları dinləməsi, şəhid ailələrinin birdəfəlik müavinətlə təmin olunması haqqında fərman imzalaması dövlət başçısının bu məsələyə nə qədər həssas yanaşdığını nümayiş etdirir. Bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər bir daha təsdiq edir ki, dövlətimiz hər zaman bu kateqoriyadan olan insanların yanındadır. Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanımızın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən bərpa olunub.

Zabit XƏLİLOV,

"Respublika".