İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

Şuşanın voleybol komandası avrokubokda mübarizəyə başlayır

Kişi voleybolçulardan ibarət "Xarı Bülbül Şuşa" klubu avrokubokda mübarizəyə başlayır. Ölkəmizi Çağırış Kubokunda təmsil edən "Xarı Bülbül Şuşa" 1/32 final mərhələsində Slovakiyanın "TJ Spartak MYJAVA" komandası ilə üz-üzə gələcək.

Tərəflərin qarşılıqlı razılığına əsasən hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 25-də baş tutacaq oyunda təmsilçimiz ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək, qarşılaşmalar saat 18:00-da başlayacaq.

"Mingəçevir Reqatası-2023"

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək "Mingəçevir Reqatası-2023"də iştirak edəcək ölkələr müəyyənləşib.

25-27 oktyabr tarixlərində baş tutacaq turnir ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir. Yarışlar "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq və Azərbaycan, Gürcüstan, Qazaxıstan, Litva, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan ümumilikdə 14 komanda mübarizə aparacaq. Yarışda 2005-2010-cu il təvəllüdlü 100-dən artıq idmançı iştirak edəcək.

Cüdoçumuz bürünc medal qazanıb

Azərbaycanın qadın cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

48 kiloqram çəki dərəcəsində çıxış edən Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə italiyalı Françeska Milaniyə qalib gəlib. 66 kiloqramda yarışan Ruslan Paşayev isə bürünc medal qarşılaşmasına çıxmayıb. O, beşinci yerlə kifayətlənib.

Veteran güləşçilərimizdən bir dəst medal

Yunanıstanın Lutraki şəhərində veteranlar arasında dünya çempionatı keçirilib. Ölkəmizi sərbəst güləşdə Cəlal Süleymanov (62 kq), yunan-Roma güləşində isə Xalid Cəfərov (70 kq) və Elgiz Məmmədov (88 kq) təmsil edib.

Cəlal Süleymanov (62 kq) dünya çempionu olub. Xalid Cəfərov (70 kq) bürünc medala sahib çıxıb. Elgiz Məmmədov (88 kq) isə 2-ci dəfə dünya ikincisi olub. Beləliklə, güləşçilərimiz mundialda bir dəst medal qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".