İdman: daim zirvələrdə
İdman

İdman: daim zirvələrdə

Şahmatçılarımız növbəti mərhələyə vəsiqə qazanıblar

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda birinci raundun cavab görüşləri keçirilib. Azərbaycan təmsilçilərindən Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov cavab görüşündə də qələbə qazanmaqla mübarizəni davam etdirmək imkanı əldə ediblər. Vasif Durarbəyli ilk oyunu heç-heçə etsə də, ikinci partiyada qalib olub və növbəti mərhələyə vəsiqə qazanıb. Qadın şahmatçılardan Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Gövhər Beydullayeva cavab görüşlərini qələbə ilə başa vuraraq adını ikinci raunda yazdırıb.

 

Universiadada bürünc medal

Azərbaycanın cüdo yığması Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb. Bürünc medal uğrunda mübarizədə Kənan İsmayılov, Rəşid Məmmədəliyev, Məhərrəm İmamverdiyev, Elcan Hacıyev və Ruslan Nəsirlidən ibarət komandamız Monqolustankomandasına 3:1 hesabı ilə qalib gəlib.

 

Güləşçimiz finala yüksəlib

Türkiyənin İstanbul şəhərində U-17 dünya çempionatına start verilib.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənləşib.

Elnar Ziyadov (48 kq) təsəlliverici görüşdə gücünü sınayacaq. U-15 Avropa çempionatının qalibi olan Yusif Əhmədlinin (65 kq) debütü uğurlu alınıb. O, finalda rusiyalı Zaur Beslekoyevlə qarşılaşacaq.

 

Beynəlxalq turnir yekunlaşıb

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə beynəlxalq turnirə yekun vurulub. Yarışın son günündə sərbəst güləş üzrə yığmanın 6 üzvü mübarizə aparıb və hamısı fəxri kürsüyə qalxıb. Əliabbas Rzazadə (61 kq) və Hacı Əliyev (65 kq) bürünc medala sahib çıxıblar. Maqomed-Başir Xaniyev gümüş medalla kifayətlənib. Turan Bayramov (74 kq) və Xadjimurad Qadjiyev (74 kq) ilk 2 görüşdə qalib olublar. Üçüncü mərhələdə millimizin üzvləri bir-biri ilə qarşılaşıb. Turan Bayramov Xadjimurad Qadjiyeva qalib gələrək finala yüksəlib. Yunanıstanlı rəqibi xalçaya çıxmadığı üçün Xadjimurad Qadjiyev üçüncü yeri tutub. Azərbaycan finalında Cəbrayıl Qadjiyevə sonuncu xal prinsipinə əsasən (2:2) qalib gələn Turan Bayramov Polşada çempion olub. Beləliklə, güləşçilərimiz ənənəvi turniri 3 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurublar. Xatırladaq ki, öncəki günlərdə Mariya Stadniklə (50 kq) Osman Nurmaqomedov (92 kq) qızıl, Georgi Meşvildişvili (125 kq) isə gümüş medal qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".