Fransanın Cənubi Qafqaz xülyası
Siyasət

Fransanın Cənubi Qafqaz xülyası

Fransa qərəzli mövqedən çıxış etməyə və regionda narahatlıq yaratmağa davam edir. Rəsmi Paris Qərb qonşumuzu Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa təşviq etmək və bölgədə böyük sülhə töhfə vermək əvəzinə, onu yeni hərbi avantüraya hazırlayır. Belə ki, son günlər Fransanın Ermənistana silah satacağı ilə əlaqədar xarici mediada xəbərlər yayımlanıb. Bildirilib ki, buraya hərbi texnika, o cümlədən radar və hava hücumundan müdafiə sistemləri daxildir.

Ötən gün Fransanın müdafiə naziri Sebastyan Lekornu paytaxt Parisdə erməni həmkarı Suren Papikyanla birgə mətbuat konfransı keçirib. Fransalı nazir bildirib ki, texnikalar guya müdafiə xarakteri daşıyır və yalnız "Ermənistan ərazisinə təcavüzə" cavab olaraq istifadə üçün nəzərdə tutulub. Həmçinin o açıqlayıb ki, Ermənistan Fransanın "Thales" müdafiə qrupundan üç "Ground Master 200 (GM200)" radar sistemi alacaq. Daha sonra nazirlər "Thales" və Avropanın raket istehsalçısı "MBDA" şirkətlərinin iştirakı ilə Ermənistanın hava hücumundan müdafiə sistemləri almasına dair niyyət protokolu imzalayıblar.

Ermənistan müdafiə naziri Suren Papikyan görüş barədə öz rəsmi sosial media hesabında paylaşım edərək, müdafiə sahəsində əməkdaşlığın inkişafına hərtərəfli dəstəyə görə Fransa tərəfinə minnətdarlığını bildirib: "Əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin əldə edilməsi, hərbi təhsil, təlim, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər sahələr qeyd edilib. Əməkdaşlığımızın hazırkı vəziyyəti yüksək qiymətləndirilib".

Şübhəsiz ki, Fransanın Ermənistana hərbi yardım göndərmək qərarı yeni münaqişə baş verəcəyi təqdirdə Parisi məsuliyyət daşıyacaq tərəfə çevirəcək. Ermənistanın daxilində isə məsələyə bir neçə aspektdən yanaşılıb. Ermənistan Respublikaçılar Partiyasının idarə heyətinin üzvü Eduard Şarmazanov bildirib ki, ölkənin əlində atom silahı olsa belə hər zaman uduzacağıq. Belə ki, "nikolasizm" erməni millətinin rüsvayçı fəlakətinə səbəb olur. Ümumiyyətlə, İrəvanda Fransa və Ermənistan hərbi əməkdaşlığına elə də isti münasibət yoxdur. Əksər qüvvələr bunu Fransanın öz maraqları üçün etdiyini düşünür. Qərb qonşumuz üçün Nikol Paşinyanın başçılıq etdiyi hökumətdə güclü silahlar almağın bir əhəmiyyəti də yoxdur. Çünki onun dəstəsinin əlində həmin silahlar "Troya atı"na çevriləcək. Fransa öz silahlarını "yardım" adı altında ölkəyə salacaq. Nəticədə Ermənistan da Afrika və bir sıra ölkələr kimi, Fransanın neokolonizm siyasətinin qurbanı olacaq:

"Sensasiya! Fransa, Hindistan Ermənistana silah satmağa hazırdır. Sadəlövhlər! Məğlubiyyətimizin səbəbi silah çatışmazlığı deyil. O qədər silah-sursatımız var idi ki, Bakıdakı qələbə paradında 40 dəqiqə nümayiş etdirildi.

Məğlubiyyətimizin səbəbi səhlənkar, nadan, populist və demaqoq idarəçilikdir", - deyə Eduard Şarmazanov bildirib.

Görünür, ermənilər də vəziyyətin mahiyyətindən xəbərdardır. İrəvanda bir çox insan şəxsi heyətin hər hansı hərbi əməliyyatda bu silahlardan istifadə etməyəcəyi və nəticə etibarilə bu dəstəyin boş yerə olduğu qənaətindədir. Elə Vətən müharibəsi və antiterror tədbirləri zamanı da ermənilərin texnikaları meydanda atıb getməsi əslində həmin fikirlərin əbəs yerə olmadığını sübut edir.

Fransanın atdığı bu addımlar Ermənistanın yanında olduğu görüntüsü yaratsa da, Parisin İrəvana qarşılıqsız can yandırdığını demək sadəlövhlük olar. Fransanın əsl hədəfi Cənubi Qafqazda yenidən qarşıdurmalar yaratmaq və İrəvanın əli ilə regionda mövcud olmaqdır. Fransızlar üçün bu məqsədin icrasında ən uğurlu vasitə məhz Ermənistandır. Amma Parisin planlarının asan başa gələcəyini demək çətindir. Danılmaz faktdır ki, hələ də Ermənistan ərazisində Rusiya ordusunun varlığı hökm sürür. Buna görə də, Fransanın rahatlıqla gəlib Ermənistanda və dolayısı ilə regionda hegemonluq etməsi xülyadan idarətdir. Fransa buna qarşı müqavimət göstərə bilər. Bu da regionda vəziyyətin gərginləşdirilməsinə gətirib çıxaracaq.

Digər bir tərəfdən də Rusiya məsələsi ön plana çıxır. Şübhəsiz ki, Ermənistan-Rusiya münasibətləri artıq əvvəlki kimi deyil. Ermənistanın Milli müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryanın açıqlamasında isə Rusiyanın İrəvan üçün prioritet tərəfdaş olmadığı bildirilib. Bununla da Qərb qonşumuz açıq formada Rusiyadan üz döndərib, Fransaya yönəldiyini etiraf edir. Ermənistan Fransanın vədlərinə inanır, unudur ki, tarix boyu haylar Rusiyanın himayəsi altında olub. Rusiyanın regionda mövcud olduğu müddətdə Fransanın rəsmi olaraq Ermənistanda hegemonluq etməsi qeyri-mümkündür. Azərbaycanla Ermənistan arasındakı münasibətlər isə gec-tez öz məcrasına düşəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".