DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VİKTOR ORBAN: AVROPA ITTIFAQININ RƏHBƏRLİYİ DƏYİŞDIRILMƏLIDIR

“Yaranmış problemlərin öhdəsindən gələ bilmədiyi üçün Avropa İttifaqının rəhbərliyi dəyişdirilməlidir”. Bunu Macarıstanın baş naziri Viktor Orban “Radio Kossuth” un efirində bəyan edib.

Baş nazirin sözlərinə görə, Brüsseldə dəyişikliklərə ciddi ehtiyac var, çünki Avropa İttifaqının rəhbərliyi birliyə yalnız “sülh dövründə, sular durğun olanda” başçılıq edə bilir.

“Hazıda, fırtına zamanı, nəhəng dalğalar və pirat gəmiləri olduğu dövrdə bu rəhbərliklə uğur qazana bilməyəcəyik. Bu, dəqiqdir”, - deyə Viktor Orban vurğulayıb.

Eyni zamanda, Macarıstanın baş naziri qeyd edib ki, 2024-cü ilin iyununda Avropa Parlamentinə keçiriləcək seçkilər çətin vaxtlarda Aİ-yə üzv dövlətlərin başçılarının işini koordinasiya edə biləcək liderlərin dəyişdirilməsi və yeniləri ilə əvəzlənməsi üçün əla fürsət ola bilər.

Bununla yanaşı, Avropanın yüksək rütbəli rəsmisi “The Guardian” nəşrinə verdiyi açıqlamada bildirib ki, Macarıstanın Rusiya ilə əlaqələri Aİ-yə üzv dövlətlərin strateji əhəmiyyətli məsələlərlə bağlı ümumi qərarlarını getdikcə təhlükə altına alır.

İSRAİLİN ÖLƏN VƏ GİROV GÖTÜRÜLƏN HƏRBÇİLƏRİNİN SAYI AÇIQLANIB

Müharibə başlayandan bəri İsrail Müdafiə Ordusunun 312 hərbçisi həlak olub, 239 hərbçi isə girov götürülüb. “Report” agentliyinin xəbərinə görə, bunu İsrail Müdafiə Ordusunun briqada generalı Daniel Xaqari bəyan edib.

Bununla yanaşı, general girov götürülənlərin qaytarılmasını başlıca missiya saydıqlarını vurğulayıb. Daniel Xaqari Qəzza zolağında quru əməliyyatlarının miqyasını genişləndirəcəklərini də açıqlayıb.

Eyni zamanda, “France-Press” agentliyinin xəbərinə görə, artıq İsrail Silahlı Qüvvələrinə məxsus tanklar Qəzza şəhəri ətrafında görünüb. Bildirilib ki, zirehli texnika Qəzza zolağının şimal hissəsini cənubla birləşdirən yolu bağlayıb.

Məlumata əsasən, İsrail Müdafiə Ordusu ötən sutka ərzində HƏMAS qruplaşmasının təxminən 600 hədəfinə, o cümlədən sursat anbarları, sığınacaqları, habelə tank əleyhinə mövqelərinə zərbələr endirib.

Qeyd edək ki, HƏMAS qruplaşması ilə İsrail arasında müharibə oktyabrın 7-dən davam edir.

ERMƏNİSTAN MÜXALİFƏTİ BÜDCƏ MÜZAKİRƏLƏRİNDƏ İŞTİRAKDAN İMTİNA EDİB

Ermənistan müxalifəti Milli Yığıncağın dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə iclasında iştirakdan imtina edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, Ermənistanın “Şərəf duyuram” müxalifət fraksiyasının nümayəndəsi Tiqran Abramyan bildirib ki, mövcud hakimiyyətlə müzakirə ediləsi heç nə yoxdur.

Eyni zamanda, Tiqran Abramyanın sözlərinə görə, fraksiyasının Milli Yığıncağın nümayəndələri ilə edəcəyi büdcə müzakirəsi aktual deyil.

Qeyd edək ki, Ermənistan parlamentində oktyabrın 30-da Milli Yığıncağın daimi komissiyalarının birgə iclası keçirilib. İclasda Ermənistan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsi müzakirə olunub. İclasda ölkənin baş naziri Nikol Paşinyan da iştirak edib.

Məlumata əsasən, “Ermənistan” müxalifət partiyasından olan deputat Arsvik Minasyan da fraksiyasının bu müzakirələrdə iştirak etmək istəmədiyini bildirib. Lakin müxalifət nümayəndələri parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitənin iclasında təmsil olunacaqlar.

ABŞ-IN SUALTI QAYIQLARININ EHTİYAT HİSSƏLƏRİ ARTIQ 3D PRİNTERDƏ

HAZIRLANIR

ABŞ-da 3D printerlərdən istifadə etməklə nüvə sualtı qayıqları üçün ehtiyat hissələri çap etməyə başlanılıb. Bu barədə “Report” agentliyi “Defence One” nəşrinə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri sualtı qayıqların istehsalını, təmiri və texniki xidmətini vaxtında yerinə yetirmək üçün bu addımı dəstəkləyib.

Sözügedən texnologiya ilə istehsal olunan hissələr artıq sualtı qayıqlarda quraşdırılmağa başlanıb. Qitələrarası ballistik raketlərə malik “Kolumbiya” və “Ohayo” sualtı qayıqları da bu siyahıya daxildir.

Pentaqonda sualtı qayıqların alınmasına cavabdeh olan kontr-admiral Conatan Ruker deyib: “Bizə tamamilə yeni texnologiyalar lazımdır. 3D çapa keçmədən ehtiyac duyduğumuz sualtı qayıqların yaradılması və onların istismarını dəstəkləmək tələbini ödəyə bilmərik”.

LİVANIN BAŞ NAZİRİ İSRAİLLƏ MÜHARİBƏYƏ MÜNASİBƏT BİLDİRİB

Livanın baş naziri Nəcib Mikati ölkəsinin İsrail və HƏMAS qruplaşması arasında davam edən müharibəyə qoşulmaması üçün əlindən gələni etdiyini açıqlayıb. Bu barədə baş nazir “Frans-Press” agentliyinə müsahibəsində bəyan edib.

Məlumata əsasən, baş nazir eskalasiyadan çəkindiyini və sərhəddəki münaqişənin “Hizbullah” hərəkatının İsraillə yeni cəbhə aça biləcəyinə dair narahatlıqları artırdığını dilə gətirib.

Eyni zamanda, Nəcib Mikati ölkəsinin “fırtınanın ortasında” olduğunu, bu səbəbdən çətin vəziyyətlə üz-üzə qaldığını bəyan edib.

“Hizbullah”la yaxşı münasibətlərinin olduğuna diqqət çəkən baş nazir, müharibənin gözlənilən olub-olmaması ilə bağlı suala aydın cavabının olmadığını və bunun regional inkişafdan asılı olduğunu vurğulayıb.

“Hazırki şəraitdə “Hizbullah” vəziyyəti məqsədəuyğun, eləcə də müdrik şəkildə idarə edir və oyun qaydaları müəyyən çərçivədə məhdudlaşıb. Lakin mən livanlıları arxayın edə bilməyəcəyəm, çünki vəziyyət hələ də inkişaf edir”, - deyə baş nazir bildirib.

NİDERLANDIN BAŞ NAZİRİ NATO-YA RƏHBƏRLİK ETMƏK İSTƏYİR

Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte NATO-nun baş katibi olmaqda maraqlıdır, lakin o, bu vəzifəni tutmaq şansının heç də yüksək olmadığı qənaətindədir. Bu barədə baş nazir “Den Haag FM” radiosuna müsahibəsində bəyan edib.

“Belə bir rol çox maraqlı ola bilərdi. Çünki o, bir neçə il ərzində ciddi qlobal dəyişikliklər dövründə beynəlxalq arenada vəziyyətin inkişafına töhfə vermək imkanı qazandırardı”, - deyə Mark Rutte vurğulayıb.

Eyni zamanda, baş nazirin sözlərinə görə, alyansın yeni baş katibi postunun qadın olması ehtimalı yüksəkdir.

Məlumat üçün qeyd edək ki, Mark Rutte 2010-cu il oktyabrın 14-dən Niderland hökumətinə rəhbərlik edir. İyul ayında o və hökumət hakim koalisiyada miqrasiya siyasəti ilə bağlı fikir ayrılığına görə istefa verib. O, seçkilər keçirilənə və yeni koalisiya hökuməti qurulana qədər baş nazir vəzifəsini icra edəcək.

ÇİN PAYTAXTINDA HAVA ÇİRKLƏNMƏSİ İLƏ BAĞLI “NARINCI” XƏBƏRDARLIQ

Çin hökuməti hava çirklənməsi səbəbindən paytaxt Pekində “narıncı” təhlükə xəbərdarlığı elan edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bir çox məhdudiyyəti əhatə edən xəbərdarlıq oktyabrın 30-da günortadan sonra qüvvəyə minib.

Qeyd edilir ki, dördpilləli sistem üzrə ən yuxarı ikinci səviyyədə olan “narıncı” xəbərdarlıq adətən üç ardıcıl orta və iki ardıcıl yüksək səviyyədə hava çirklənməsi səbəbindən elan edilir.

Məlumata görə, noyabrın 4-dək davam edəcək xəbərdarlıq müddətində atmosferi nisbətən çox kirlədən avtomobillərin şəhərdə hərəkəti qadağan edilib.

Bununla yanaşı, Pekinin ekologiya və ətraf mühit bürosu uşaqlara, yaşlılara, respirator xəstəliklərdən əziyyət çəkənlərə və ürək xəstəliyi olanlara açıq havaya çıxmamağı, şəhər sakinlərinə ümumilikdə açıq havada az olmağı tövsiyə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.