Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Eureporter": Azərbaycan COP29-u dayanıqlı sülh platformasına çevirəcək

Eureporter xəbər saytı Milli Məclisin deputatı Məzahir Əfəndiyevin yazısına geniş yer verib. Yazıda qeyd edilir ki, son dövrlərdə bütün dünyada sivilizasiya və davamlı inkişaf üçün müəyyən çətinliklər yaradan iqlim dəyişikliyi problemi, eyni zamanda planetin biomüxtəlifliyi üçün ciddi təhlükədir. Buzlaqların əriməsi, bitkilərin vaxtından əvvəl çiçəkləməsi, atmosfer havasının temperaturunun yüksəlməsi, quraqlıqlar, yanğınlar, təbii fəlakətlər və s. əsas əlamətləri hesab edilir. Xüsusilə, dördüncü sənaye inqilabının gətirdiyi yeniliklər nəticəsində böyük sənaye mərkəzlərinə malik olan əksər ölkələrdə atmosferə atılan karbon qazının həcmi iqlim dəyişikliyi ilə mübarizəyə ciddi şəkildə əngəl törədir.

Onun sözlərinə görə, bu aktual problem hələ ötən əsrin sonlarında özünü büruzə verməyə başlayıb. Bu tip qlobal siyasi problemlərin həllində eko-dialoqun aparılması iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm addımlardan biri hesab olunurdu. Bu baxımdan, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasını qəbul edərək dünya dövlətləri, hökumətlər gələcəkdə daha fəal tədbirlərini həyata keçirilməsinə qərar verdilər. Daimi informasiya mübadiləsi, araşdırma və müzakirələri nəzərdə tutan bu Konvensiya həm də elmi biliklərin inkişafı nəzərə alınmaqla, əlavə öhdəliklər götürməyi zəruri etdi.

"Rossotrudniçestvo": Azərbaycanda üçüncü resurs mərkəzi açılıb

"Rossotrudniçestvo" saytı yazır ki, dekabrın 16-da Bakıda Rus Evində Azərbaycanda rus dilinin tədrisi üzrə üçüncü resurs mərkəzi açılıb. Qeyd edilir ki, artıq mərkəzdə rus dili və ədəbiyyatı müəllimləri üçün seminar keçirilib. İştirakçılar rus dili və ədəbiyyatının tədrisinin təkmilləşdirilməsində oyun texnologiyaları, şagirdlərin intellektual səviyyəsinin inkişafında müasir rus ədəbiyyatının rolu, rus dili və ədəbiyyatının tədrisi kontekstində onun Azərbaycan dilinə bədii tərcüməsi məsələlərini müzakirə ediblər. Bundan əvvəl "Rossotrudniçestvo"nun xaricdə rus dilində əlavə təhsil sisteminə dəstək üzrə genişmiqyaslı layihəsi çərçivəsində Xaçmaz və Sumqayıtda resurs mərkəzləri fəaliyyətə başlayıb.

"Vestnik Kavkaza": Azərbaycan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı bütün müraciətlərə baxacaq

"Azərbaycanla Ermənistan arasında diplomatik səviyyədə danışıqlar aparılır".

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "BBC World"ə müsahibəsində deyib.

"Bütün işğal dövrü ərzində Ermənistan azər

baycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Bir milyon azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətindədir. Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün öz evlərinə qaytarılması prosesi gedir və onlar 30 ildən artıq bu hüquqdan məhrum ediliblər. Lakin bu arada, biz onları qalmağa çağırmağımıza baxmayaraq, Qarabağı tərk etmək qərarına gələn ermənilər də oldu. Azərbaycan onların geri qayıtması üçün bütün imkanları, o cümlədən təhlükəsizliyi təmin edir. Bu səbəbdən biz vətəndaşlıq üçün ərizələrin verilməsi üçün xüsusi elektron portal yaratmışıq. Birincisi, biz müəyyən etməliyik ki, ermənilərin geri qayıtması üçün müvafiq qanunvericilik bazası olmalıdır. Burada əsas ilkin şərtlərdən biri də Azərbaycan qanunlarına və qaydalarına uyğun olaraq Azərbaycan vətəndaşlığının və yaşayış yerinin qəbul edilməsidir. Bu səbəbdən və biz aydın şəkildə bildirdik ki, hər bir konkret hal əsasında bütün müvafiq hüquqi müraciətləri nəzərdən keçirməyə və baxmağa hazırıq", - deyə o bildirib.

"Anadolu Agentliyi": Qarabağ bölgəsinin erməni işğalından azad edilməsi Azərbaycan tarixində mühüm hadisədir

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz çərşənbə axşamı bildirib ki, son illərdə Azərbaycanda baş verən ən mühüm tarixi hadisələrdən biri Qarabağın işğaldan azad edilməsidir. Azərbaycanda keçirilən "İş Dünyasının Görüşü" tədbirində çıxış edən vitse-prezident: "İndi işğaldan azad edilmiş bu torpaqların yenidən qurulması və dirçəldilməsi zamanıdır", - deyib: "Biz Qarabağın daha güclü və inkişaf etmiş regiona çevrilməsi üçün Azərbaycanla əməkdaşlığımızı ən yüksək səviyyədə davam etdirəcəyik... Bizim əməkdaşlığımız turizmdən kənd təsərrüfatına və mədən sənayesinə qədər bu bölgədə infrastruktur və üst quruluş investisiyalarında davam edəcək. Digər sahələrdə isə inşallah Qarabağ daha güclü və inkişaf etmiş şəkildə gələcəyə doğru irəliləyəcək.

"Armenpress": Gürcüstanın Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə vasitəçiliyi yüksək qiymətləndirilir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başçılıq etdiyi hökumətin Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitliyin yaradılmasında maraqlı olduğunu bildirib. O qeyd edib ki, hazırda regiondakı tərəfdaşları - Azərbaycan, Türkiyə və Ermənistan ilə sıx dostluq münasibətləri saxlayır.

"Qeyd etmək istərdim ki, bir müddət əvvəl Azərbaycan və Ermənistanın Baş nazirləri Gürcüstana səfər etmişdilər. Hər üç ölkənin Baş nazirləri olaraq görüşü birlikdə keçirmək üçün unikal imkanımız oldu. Düşünürəm ki, bu, yaratdığımız çox maraqlı bir presedent idi", - deyə İraklı Qaribaşvili qeyd edib.

"Respublika".