Karsda Azərbaycan İş Adamları Dərnəyi fəaliyyətə başlayıb
Diaspora

Karsda Azərbaycan İş Adamları Dərnəyi fəaliyyətə başlayıb

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Ümummilli Lider Heydər Əliyevin söylədiyi "Bir millət, iki dövlət" ifadəsi siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Beləliklə, bu gün dünya dövlətləri arasında səmimi dostluq münasibətləri necə olmalıdır sualına cavab axtararkən Azərbaycan-Türkiyə münasibətlərinə baxmaq yetərlidir.

Türkiyə və Azərbaycan arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən, bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər.

Türkiyə və Azərbaycan qardaşlığını daha da inkişaf etdirmək məqsədilə bu günlərdə Karsda Kars Azərbaycan İş Adamları Dərnəyi qurulub. Dərnək "Bir millət, iki dövlət" şüarıyla sosial, mədəni və iqtisadi sahələrdə fəaliyyətə başlayıb. Kars Azərbaycan İş Adamları Dərnəyinin rəhbəri Zekeriya Demiral təşkilatın rəsmi olaraq qurulduğunu və artıq dərnəyə üzv olmaq istəyənlərin qeydiyyatının başlandığını bildirib. O, Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", o cümlədən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin isə "Bir millət, iki dövlət" ifadələrini misal gətirərək qeyd edib ki, bu iki önəmli söz bizlərin bir candan olduğunun ən bariz nümunəsidir.

"Dərnəyimizin qapısı bütün Kars əhalisi ilə bərabər, azərbaycanlılara da açıq olacaq. Məqsədimiz və ümumi fəaliyyətimiz Azərbaycanın mədəniyyətini, incəsənətini, tarixini, ədəbiyyatını və adət-ənənələrini təbliğ etməkdir. Həmçinin buradakı azərbaycanlılara dövlət dairələrində dəstək olmaq və onların problemlərini həll edə bilməkdir. Bununla yanaşı, azərbaycanlı tələbələrə maddi və mənəvi şəkildə dəstək olmaq istəyirik", - deyə Z.Demiral vurğulayıb.

''Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu və birliyi bu gün də davam edir, yeni sınaqlardan çıxır, gündən-günə möhkəmlənir və yeni səviyyəyə yüksəlir. 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi də qardaşlığın rəmzidir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə, iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. Bəyannamə tarixə əsaslanır və möhkəm təmələ malikdir. Bu isə bizləri çox sevindirir'', - deyib dərnək rəhbəri. Onu da qeyd edək ki, Zekeriya Demiral uzun illər Kars Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin sədr müavini kimi fəaliyyət göstərib.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.