İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Beynəlxalq futzal turniri keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan beynəlxalq futzal turniri keçiriləcək. Turnirdə Azərbaycanın, Belarusun və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaqlar. Noyabrın 26-da start götürəcək turnir beş gün davam edəcək. Oyunlar Bakı İdman Sarayında təşkil olunacaq. Turnirin təqviminə əsasən görüşlər  noyabrın 26-da Azərbaycan-Belarus, noyabrın 28-də Azərbaycan-Mərakeş, noyabrın 30-da Mərakeş-Belarus yığmaları arasında baş tutacaq.

Premyer Liqa: "Qarabağ" liderliyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib. Açılış matçında "Qarabağ" "Sabah" klubunun qonağı olub. "Bank Respublika Arena"da keçirilən oyun Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1. Bu nəticədən sonra xallarını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. 16 xalı olan "Sabah" isə yeddinci pillədə qalıb.

Yığmamız Millətlər Liqasında

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kipr və Farer adalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Baş məşqçi Siyasət Əsgərov 23 futbolçuya dəvət göndərib. Qeyd edək ki, dekabrın 1-də Kipr seçməsinin qonağı olacaq yığma dörd gün sonra Bakıda Farer adalarının komandasını qəbul edəcək.

Ulu Öndərin xatirəsinə həsr olunmuş minifutbol turniri

Noyabrın 25-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinə start verilib. Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçiriləcək turnirdə 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparacaq. 2024-cü il mayın 6-dək davam edəcək oyunlar şənbə və bazar günləri olacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".