Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Güzgü effekti nədir?

Elə insanlar var ki, kiminsə xoşuna gəlmək üçün onu təqlid edir. Bu isə bəzi insanların özlərinə bənzəyənləri daha çox bəyənməsi və onlara güvənməsindən qaynaqlanır. Təqlid dedikdə ağılla ilkin olaraq sözsüz ki, aktyorlar, parodiya ustaları gəlir. Lakin normal həyatda da belələri çoxdur. Bu cür keyfiyyətə sahib olan insanlara ictimaiyyətdə "xamelyon", prosesə isə güzgü effekti deyilir.

Güzgü effekti beynin ön hissəsindəki güzgü neyronları tərəfindən həyata keçirilən neyrobioloji prosesdir. Bu da bizim münasibətdə olduğumuz insanın duyğularını, düşüncələrini anlamaq, proqnozlaşdırmaq və ya təqlid etməyə kömək edir.

Sadə misal ilə izah edək. Yəqin film izləyərkən aktyorun keçirdiyi sevinc, qorxu hissini və ya həyəcanını hiss etmisiniz? Bu zaman bizim də simamızda onun keçirdiyi duyğular əks olunur. O sevinirsə, biz də sevinir, o üzülürsə, biz də üzülürük. Yəni diqqətlə izlədiyimiz zaman avtomatik olaraq onun jest və mimikasını təqlid etmiş oluruq. Bax, buna güzgü effekti deyirlər. Bir növ güzgü neyronları empatiyanın neyrobioloji ekvivalentidir. Jak Lakanın nəzəriyyəsinə görə, güzgü effekti güzgü neyronları sayəsində empatiya qurmağın bir yolu olsa da müdafiə mexanizmi kimi də fəaliyyət göstərə bilər. Bu effekti anlamaq, ondan şüurlu şəkildə istifadə etmək gündəlik münasibətlərimizə əhəmiyyətli dərəcədə təsir edə bilər. Lakin bəzi insanların müsbət xüsusiyyətlərini özümüzə aşılamaq yaxşı bir hal olsa da hər kəsə ayrı-ayrılıqda uyğunlaşmaq, şəkildən-şəklə düşməklə kimlərisə yamsılayaraq özümüzü unutmaq ehtimalını da gözardı etməməliyik.

Bakteriyaların da yaddaşı var imiş

Texas Universitetinin alimləri bakteriyalarla bağlı maraqlı bir faktı ortaya çıxarıblar. Elm adamları onların da digər canlılar kimi yaddaşa malik olduğunu, hətta yaşadıqları hadisələrlə bağlı xatirələr yaradaraq sonrakı nəsillərə ötürə bildiyini müəyyən ediblər.

Təcrübə zamanı 10 mindən çox bakteriya növünün davranışları müşahidə edilib. Qida axtarışında olan mikroorqanizmlərin sürətlə bir nöqtədən digərinə getdiyi və daha çox dəmirlə zəngin olan mühitlərə toplandıqları müəyyənləşdirilib. Araşdırmanın digər diqqətçəkən cəhəti isə bakteriyaların əldə etdikləri məlumatları gələcək nəsillərə ötürməsi olub. Hətta bu bilgilərin ən azı dörd nəsil sonraya ötürüldüyü aşkar edilib. Tədqiqatın aparıcı müəllifi Souvik Bhattacharyya izah edib ki, bu mikroorqanizmlər insanlar kimi beyinə, ağıza, şüurlu yaddaşa və hisslərə malik olmasalar da, xatirələri gələcək nəsillərə ötürə bilirlər. Tədqiqatçılar bakteriyaların yaddaş sisteminin dəmir sayəsində yarandığını hesab edirlər. Onların fikrincə, bakteriyaların hərəkətləri və yaddaş mexanizmlərinin daha yaxşı başa düşülməsi gələcək tədqiqatlara böyük təsir göstərəcək. Beləliklə, bakteriyaların dərmanlara qarşı necə immunitet qazandığını üzə çıxarmaq mümkün olacaq.

Sən demə, insan öldükdən sonra...

Amerikanın Tennessee Universitetinin elm adamları tərəfindən insan öldükdən sonra bağırsaqlarındakı mikrobiomun sağ qaldığı müəyyən edilib. Araşdırmanın nəticələri "Ecological Processes" jurnalında dərc olunub.

Məlumdur ki, mikrobların əsas populyasiyası bağırsaqlarda olur, burada onlar müntəzəm qidalanma ilə sabit, isti mühitdə yaşayırlar. Tədqiqat nəticəsində məlum olub ki, insan öldükdən sonra da mikroblar mövcud olmağa davam edir və yeni həyatın yaranması üçün bədənimizin parçalanmasında mühüm rol oynayır.

Ölümdən sonra qan dövranı dayanır və hüceyrələr oksigen əldə etməkdən məhrum olur. Bu vəziyyətdə hüceyrələr özlərini parçalamağa başlayır. Avtoliz adlanan proses adətən canlı hüceyrələrdə enerji və ya böyümə üçün karbohidratları, zülalları və yağları həzm edən fermentlər tərəfindən həyata keçirilir. Oksigen olmadıqda, fermentlər hüceyrələrin strukturunu (membranlar, zülallar, DNT və digər komponentlər) məhv edir və hüceyrələr parçalanır. Mikroblar bu prosesə uyğunlaşır, insan öldükdən sonra orqanizmi tərk edərək ətraf mühitə yayılır.

Ovcumuzdakı bu cizgi taleyimizdən xəbər verə bilər

Deyirlər bəxtimiz alnımızda yazılıb. Amma taleyimiz əslində alnımızda deyil, ovcumuzun içində də yazıla bilər. Belə ki, əllərimizdəki cizgiləri öyrənən, xiromantiya kimi tanınan elm gələcəyinizlə bağlı mühüm ipucları verir.

Barmaq izimiz fərqli olduğu kimi, ovcumuzun içindəki izlər də fərqlidir. Mütəxəssislərin fikrincə ovcumuzdakı "M" hərfi cizgisi taleyimizdən xəbər verə bilər və o nə qədər qabarıq olarsa, bir o qədər yaxşıdır. Ovucun içindəki bu hərf 3 əsas xəttin birləşməsindən əmələ gəlir. Bu xətlər həyat, zəka və ürək xətti kimi bilinir və maddi aləmə, uğura, böyük imkanlara işarə edir. Hər iki ovucda görünən bu simvolun ən mühüm məqamı, sol və sağ ovuclarda eyni olmasıdır. Bu vəziyyət yaxşı bir əlamət olaraq görülsə də, insanın doğulduğu gün ilə dünyanı tərk edəcəyi günün eyni olacağına da işarə edə bilər.

Simvolun yalnız sağ əldə olması isə insanın həyatda çalışqan, iddialı olduğunu və hər şeyə nail olacağını göstərir. Bundan əlavə, bu işarə həm də qətiyyət və enerjini simvolizə edir.

Xiromantiyanın qədim Hindistanda yarandığı güman edilir. Qaraçı, yəhudi, yunan və romalılar arasında daha çox yayılan bu elmin Avropada vüsət alması XVI əsrə təsadüf edir. Çoxları elə hesab edir ki, xiromantiya bütün əl haqqında bir elmdir. Əslində isə xiromantiya əli əhatəli şəkildə öyrənən 4 elmdən biridir. Ümumiyyətlə, bu elm insanlar tərəfindən birmənalı qarşılanmır. Bəziləri bunu elm kimi qəbul etsə də, bəziləri sadəcə xürafat kimi baxır. Ancaq dünyanın bir çox ölkələrində xiromantiya ilə məşğul olan elm adamları var və bu elmlə bağlı müxtəlif araşdırmalar aparıblar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".