BÖLGƏ XƏBƏRLƏRİ
Region

BÖLGƏ XƏBƏRLƏRİ

Yüzüncü ürək əməliyyatı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Şirvan Regional Ürək Mərkəzində 100-cü angioqrafiya əməliyyatı həyata keçirilib.

Əməliyyatı invaziv-kardioloq Nicat İbrahimov aparıb. O, "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram" çərçivəsində dövlət tibb müəssisələrində işə cəlb olunan xarici ölkədə çalışmış həkimlərdəndir.

Şirvan Regional Ürək Mərkəzi bu ilin oktyabr ayından fəaliyyətə başlayıb. Müasir avadanlıqlar, dərman və dərman vasitələri ilə təchiz olunan Mərkəz 6 rayon - Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlı və Neftçala üzrə kardioloji xəstələrə xidmət göstərir.

Şirvan Regional Ürək Mərkəzində vətəndaşlara təqdim olunan xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.

Stadion yarışlara hazırdır

Sabirabad şəhər stadionu günü-gündən gözəlləşir, abadlaşır. Yenidən qurulan stadiona ilin sonuna kimi 4 böyük işıq paneli quraşdırmaq nəzərdə tutulub. Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev deyir:

- Stadion yarışlara tam hazırdır. Artıq burada ilk idman tədbirlərinə start verilib. Mini futbol üzrə şəhər məktəbliləri arasında "Zəfər Kuboku" uğrunda gedən yarışlar buna misaldır. Yarışdan əvvəl Azərbaycan Milli Qəhrəmanı Mübariz Əhmədovun bacısı Nüşabə xanım Əhmədova, birinci Vətən Müharibəsi qazisi Faiq Hüseynov çıxış edərək idmançılara uğurlar arzuladılar. Yarışda 6 komanda iştirak etdi.

Qeyd edim ki, maraqlı keçən, hətta unudulmaqda olan idman yarışına xeyli tamaşaçı toplaşmışdı. Yaxın vaxtlarda yaşıl stadionda daha maraqlı idman yarışları keçirmək nəzərdə tutulur.

Məşğulluğun təmin olunması prioritetdir

Hacıqabulda Dövlət Məşğulluq Agentliyi Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçirildi. Tədbirdə rayon sakinləri iştirak etdilər.

Əmək yarmarkasında 10 işəgötürən tərəfindən 158 vakansiya təqdim olundu. Şirvan-Salyan Regional Məşğulluq filialının Hacıqabul rayon xidmət şöbəsi tərəfindən işsiz kimi qeydiyyata alınmış 318 nəfər yarmarkada iştirak edirdi. İş axtaran rayon sakinlərinə vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında məlumat verildi, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirildi, uyğun namizədlərin qeydiyyatı aparıldı.

İmişlidə qış fəslinə uyğun meliorasiya tədbirləri

Qış mövsümündə bölgələrdə fəsilə uyğun meliorasiya tədbirləri davam etdirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilir ki, İmişli rayonunda yerləşən yerli idarəsi tərəfindən təsərrüfatdaxili suvarma və kollektor-drenaj sistemlərinin lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması, o cümlədən torpaq məcralı kanalların beton üzlüyə alınması işləri həyata keçirilir. Bundan başqa, idarə tərəfindən su itkisinin qarşısının alınması, suyun maneəsiz olaraq istifadəçilərə çatdırılması üçün nov kanalların quraşdırılması işləri də aparılır. Bu işlər rayonun Ağammədli kəndinə xidmət edən kanalda davam edir. Ümumi uzunluğu 2300 metr olan kanalın əvvəlki illərdə 1340 metri nov kanalla əvəzlənib. Hazırda isə qalan 960 metrlik hissəyə nov kanallar düzülür.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İmişli rayonunda yerləşən yerli idarəsi bu rayonla bərabər, Füzuli və Neftçala rayonlarında da işlərini davam etdirir. Görülən işlər ardıcıllıqla yekunlaşdırılır. Nəticədə torpaqların şoranlaşmasının qarşısı alınır, su itkisi minimuma endirilir və əkin sahələrinin suvarılması yaxşılaşdırılır.

"Respublika".