Naftalan: SAHİBKARLIĞIN İNKİŞAFI PRİORİTET MƏSƏLƏDİR
Region

Naftalan: SAHİBKARLIĞIN İNKİŞAFI PRİORİTET MƏSƏLƏDİR

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ilə yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət-özəl tərəfdaşlığı formatında perspektiv investisiya layihələri barədə təkliflərin təqdim edilməsi, təhlili və həmin layihələrin ilkin texniki-iqtisadi əsaslandırmasının hazırlanması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

KOBİA adından görüşdə Anar Salmanov və Hamlet İsmayılov iştirak ediblər. İşgüzar görüşün gündəliyini Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Naftalan Şəhər İcra Hakimiyyəti arasında səmərəli investisiya layihələrinin müəyyən edilməsi və reallaşdırılması məsələsi təşkil etmişdir.

Şəhər rəhbəri, Naftalanın turizm potensialı, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində burada sahibkarlara yaradılan şərait barədə ətraflı məlumat vermişdir. Həmçinin, gələcəkdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən birini əhatə edən turizm sahəsi üzrə uyğun layihələrin həyata keçirilməsinin zəruriliyini xüsusi vurğulamış, yerli icra hakimiyyəti tərəfindən Naftalan şəhərində turizm (otel, ticarət, əyləncə mərkəzləri) nəqliyyat-logistika sektorları üzrə layihələrə dair təkliflər irəli sürmüşdür. Öz növbəsində KOBİA nümayəndələri də öz təkliflərini vermişlər.

Zabit XƏLİLOV,

"Respublika".