Azərbaycanın cümhuriyyət dövrü siyasi elitasının patriarxı
Tarixi şəxsiyyətlər

Azərbaycanın cümhuriyyət dövrü siyasi elitasının patriarxı

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Cümhuriyyət Parlamentinin ilk sədri, xalqımızın diplomatiya tarixində müstəsna xidmətləri olmuş Əlimərdan bəy Topçubaşov 1862-ci il may ayının 4-də Tiflisdə  doğulmuşdur. O, ibtidai təhsilini birinci Tiflis gimnaziyasında almış, buranı  müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Ali təhsilini  başa vurduqdan  sonra Tiflisdə hakim köməkçisi, vəkil işləmiş, sonralar  isə Bakıda "Kaspi" qəzetinə rəhbərlik etmişdir. Ötən əsrin əvvəllərində Bakı şəhər Dumasının sədri, 1907-ci ildə  Bakı qəzasından Rusiya Dövlət Dumasına deputat seçilmişdir. 

Əlimərdan bəyin təşəbbüsü ilə iyun ayının 21-də müsəlman deputatlar Dumanın "Müsəlman fraksiyası"nı  və  7 nəfərdən ibarət bürosunu yaratmışlar. Rusiyada yaşayan azsaylı  müsəlman xalqlarının müstəqilliyini tələb edən, kapitalist siyasətinə qarşı çıxan fraksiyanın rəhbəri  Əlimərdan bəy Topçubaşov polis tərəfindən məxfi nəzarətə götürülmüş və həbs olunmuşdur. Bununla da o, Dövlət Dumasına deputat seçilmək hüququndan məhrum edilmiş, hətta Dumanın üzvlüyündən xaric olunmuş, "Kaspi" qəzetinə rəhbərlikdən də uzaqlaşdırılmışdır.

"Tərcüman" qəzetinin sahibi və naşiri, görkəmli şəxsiyyət İsmayıl bəy Qaspirinski 1908-ci il aprel ayının 11-də Baxçasaraydan Ə.Topçubaşova göndərdiyi məktubda yazırdı: "Əzizim Mərdan! Bizim birlikdə əzab çəkdiyimiz və başladığımız işin vəziyyəti, fraksiyanın vəziyyəti, bizim komitənin işi sənin şəxsində mənə məlumdur. Ona görə də sualı birbaşa verirəm: Sonra nə? Necə olsun? Doğrudanmı hər şey bitdi… heç vaxt! Hər şeydən əvvəl sən Peterburqda qalmalısan… Bax, küt və yaramazlar istisna olmaqla, sağlam düşüncəli bütün insanlar sənin Peterburqda olmağının əhəmiyyətini anlayır. Ona görə də sənə lazımdır ki, orada qalasan və yaşayasan. Sonra hər hansı hadisə baş verərsə belə səni, sənin biliyini, təcrübəni və ürəyini xalqdan heç kim məhrum edə bilməz və bunu sən bilməlisən ki, sən xalqa daha çox lazımsan". "İttifaq" partiyası üzvləri Moskvada "Daimi təmsilçilik" bürosu açaraq Ə.Topçubaşovun burada  fəaliyyət  göstərməsi üçün imkan yaratsalar da o, 1910-cu ildə Moskvanı tərk edərək Bakıya dönməyə məcbur olmuşdur. Bundan sonra  Əlimərdan bəy Tiflisdə Qafqaz millətləri yığıncağında respublikamızı təmsil etmiş, Bakıda və Moskvada keçirilən müsəlmanların qurultayına sədr seçilmişdir. Dövlət Şurasının müşavirəsində isə   müsəlmanların 8 demokratik təşkilatın mövqeyini bildirmişdir: "Onlar  əmindirlər ki, azad, demokratik Rusiyanın özündə bütün xalqların, o cümlədən də müsəlman xalqlarının bərabərlik və qardaşlığının bərqərar ediləcəyi gün uzaqda deyil… O vaxt biz də bir səslə sevinclə deyəcəyik: Günəş Şərqdən doğur!"

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin  tanıdılmasında Əlimərdan bəyin əvəzsiz xidmətləri olmuş, o, ikinci hökumətdə əvvəlcə portfelsiz nazir, sonra isə xarici işlər naziri təyin edilmişdir. Azərbaycan Cümhuriyyətinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbulda siyasi fəaliyyətə başlayan Əlimərdan bəy İngiltərə, ABŞ, İtaliya, Hollandiya, İsveç, İran və Ukraynanın İstanbulda olan səlahiyyətli nümayəndələri,  o cümlədən İranın xarici işlər naziri, Rusiyanın keçmiş xarici işlər nazirləri, Ermənistanın Paris Sülh Konfransına gedən nümayəndə heyətinin rəhbəri ilə görüşmüş və diplomatik danışıqlar aparmışdır. İstanbulda "Azərbaycan mətbuat bürosu"nu yaradan Ə.Topçubaşov bu büro vasitəsilə ölkəmiz  haqqında məlumatların yayılmasında və Azərbaycanın dünyada tanıdılmasında da mühüm xidmətlər göstərmişdir.

1918-ci il dekabr ayının 7-də  öz işinə başlayan  Parlamentin M.Ə.Rəsulzadənin təklifi ilə qiyabi sədri seçildikdən bir neçə gün sonra Paris Sülh Konfransına göndəriləcək nümayəndə heyətinə rəhbər təyin olunan Ə.Topçubaşov İstanbuldan birbaşa Parisə yola düşmüş və Azərbaycanın konfransda iştirakına çox çətinliklə nail olmuşdur. Konfransda  ölkəmizin  beynəlxalq aləmdə tanıdılmasına böyük  səy göstərmiş nümayəndə heyəti  1920-ci il yanvarın 15-də  Fransa Xarici İşlər Nazirliyinə dəvət olunmuş, Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən Azərbaycanın de-fakto tanındığı bildirilmiş və Ə.Topçubaşova Paris Sülh Konfransının rəsmi sənədi verilmişdir. Bu isə sözün əsl mənasında böyük qələbə idi. Bu barədə Əlimərdan bəy baş nazir Nəsib bəy Yusifbəyova yazırdı: "Bizim də azad və müstəqil yaşamaq ümidlərimizin  möhkəmləndiyi bir dövr başlanır... Biz bu səadətə bərabər olan heç nə tanımırıq".

Lakin  müstəqilliyi yenicə tanınmış respublikamızın  1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən işğalı bütün səyləri puç etdi, Azərbaycanın müstəqilliyinə son qoyuldu, milli hökumətin üzvləri mühacir həyatı yaşamağa məcbur oldular. O vaxt  M.Ə.Rəsulzadənin "Avropa və Türkiyədə Azərbaycan Milli Mərkəzi" adı altında yaratdığı mühacir təşkilatına qoşularaq Əlimərdan bəy Topçubaşov  ölkəsinin müstəqilliyi uğrunda  mübarizəsini davam etdirmişdi. Ömrünün sonuna qədər xalqının  azadlığı, istiqlalı uğrunda mübarizə aparan, öz ideallarına sadiq qalaraq milli dövlətçiliyimizi yaratmaq yolunda qətiyyətli addımlar atan, Şərqin ilk demokratik dövlətinin xarici siyasətinin formalaşmasına və dünyada tanınmasına  ömrünü həsr edən Ə.Topçubaşov Parisdə siyasi fəaliyyətini dayandırmamış, 1920-ci ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevrə toplantısında, həmin ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında iştirak etmiş, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğu və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında geniş məzmunlu çıxışlar etmişdir. Ə.Topçubaşov siyasi fəaliyyətini Qafqaz respublikaları nümayəndələrinin fəaliyyəti ilə də əlaqələndirmişdir. Onlar 1921-ci il mayın 8-də Parisdə  Qafqaz Konfederasiyasının yaradılması məsələsini müzakirə etmiş, iyunun 10-da isə Qafqaz respublikasının  üç səlahiyyətli nümayəndəsi Ə.Topçubaşovun sədrliyi ilə keçirilən iclasda siyasi və iqtisadi ittifaq yaratmaq haqqında razılığa gəlmişdilər. Əlimərdan bəy Topçubaşov 1934-cü ildə  Gürcüstan və Şimali Qafqaz xalqları təmsilçilərinin iştirakı ilə Brüsseldə "Qafqaz Konfederasiyası Bəyannaməsi"ni imzalamışdı.

Azərbaycanın azadlıq hərəkatı salnaməsini yazan Ə.Topçubaşov ömrünü xalqına, millətinə həsr etmişdir. Onun siyasi fəaliyyətinin qayəsini  xalqının milli şüurunun oyanması, müstəqillik uğrunda mübarizə, dövlətçilik məfkurəsinin formalaşması təşkil edirdi.

Mehparə ƏLİYEVA,

"Respublika".