XX əsrin bəlası – Deportasiya
Digər xəbərlər

XX əsrin bəlası – Deportasiya

Qərbi Azərbaycana qayıdış haqqımızdır

Ermənilər tarixən türk xalqlarına qarşı düşmənçilik mövqeyində olmuşlar. 1872-1881-ci illərdə Türkiyədə gizli erməni təşkilatı, 1887-ci ildə "Hnçaq", 1890-cı ildə "Daşnaksütyun" partiyası yaradılıb. Ermənilər "böyük Ermənistan" yaratmaq üçün Türkiyə və İrana qarşı müharibə aparan Rusiya hökumətinə müxtəlif yollarla kömək edib, Türkiyənin məğlubiyyətinə çalışıblar.

1812-ci ildə Krımın ruslar tərəfindən zəbt edilməsinə fəal kömək edən ermənilər Rusiya hökuməti yanında özlərinə böyük etibar qazandılar. Rusiya dövləti 1853-1856, 1877-1878-ci illərdə Türkiyə və 1826-1828-ci illərdə İranla müharibələrdə də ermənilərə arxalandı. Ermənilərin bu "xidməti"nin əvəzində Rusiya hökuməti 1828-ci ildə İrandan 40 min, 1829-cu ildə Türkiyədən 90 min ermənini İrəvan-Naxçıvan xanlığı ərazisinə yerləşdirdi. Müsəlmanların Novruz bayramı günündə - 20 mart 1828-ci ildə həmin xanlıqların ərazilərində erməni vilayəti elan edildi. Halbuki o vaxta qədər bu vilayətlərdə 1114 kənddən ancaq 62-də ermənilər yaşayırdı. Onlar qəsdən dağıdılmış, əhalisi qırılmış 359 müsəlman kəndində erməniləri məskunlaşdırdı. 1918-ci ildə bu ərazidə yaşayan ermənilərin sayı 775 min, azərbaycanlıların sayı 575 min təşkil edirdi.

Sayları artan ermənilər Qərbi Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı analoqu olmayan terror hadisələri törədir, onları ata-baba torpaqlarından zorla qovub çıxarırdılar. Müsəlmanlar erməni zülmündən qurtarmaq üçün çox çətinliklə İran və Türkiyəyə üz tuturdular.

Müsəlmanların pərakəndə qırğınları ilə kifayətlənməyən ermənilər 1917-ci ilin may ayında Qarsda 35 min nəfərlik qoşun korpusu yaradaraq onları üç diviziyaya böldülər. Bir neçə polkdan ibarət diviziyalara Arisyan başçı təyin olundu. Arisyan İrəvan ətrafı rayonları, Silikyan Göyçə gölü ətrafını, Andranik isə Zəngəzur və digər əraziləri zəbt etməli idi. Ermənilər qeyd olunan ərazilərin kəndlərini dağıdıb, əhalisini qılınca çəkib qırmağa, damlara doldurub yandırmağa başladılar. Andranikin diviziyası Zəngəzurda və digər ərazilərdə 130 kəndi dağıdıb, 21 kəndin əhalisini xüsusi amansızlıqla qətlə yetirdi.

İrəvanda 20 min müsəlman əhali məhv edildi. Ətraf rayonlarda 150 kənd darmadağın edildi. Tək Vedi rayonunda 45 kəndi dağıdıb qırmaqla kifayətlənməyən erməni vandalları rayonun Millidərə, Çanaxçıdərə zonalarında 17 kəndin əhalisini damlara doldurub yandırdılar. Göyçə gölü ətrafı rayonlarda 150 müsəlman kəndinin əhalisini qırdılar.

Haylar Bayazit rayonunun Bığlı, Ağ qala, Ağzıbir kəndlərinin əhalisini qışın qarlı-boranlı günlərində Göyçə gölünə tökdülər.

1918-ci ildə Qərbi Azərbaycanda 575 min nəfər müsəlman əhalisi olduğu halda, 1920-ci ilin noyabrında burada cəmi 12 min nəfər azərbaycanlı qalmışdı.

Sovetləşmədən sonra da ermənilər Qərbi Azərbaycandakı müsəlman əhalisini xan, ağa, bəy, molla, millətçi və sair adlarla şərləyərək məhv etdilər. Sovetləşmədən sonra Qərbi Azərbaycanın Martuni, Bayazit, Qərni, Əştərək, Talin, Cəlaloğlu və bir neçə ərazilərin qaçqın düşmüş azərbaycanlıları öz əzəli yurdlarına buraxılmadılar. Qayıdanların kəndini əhatəyə alıb axtarışlar aparırdılar ki, guya özləri ilə silah-sursat gətirmişlər, onların çoxu həbs edildi. 1932-ci ildə Bayazit qəzasındakı həbsxana şərlənmiş azərbaycanlılarla dolu idi.

Kollektivləşmə zamanı kolxoza yazılmaqdan boyun qaçırdıqlarına görə və digər bəhanələrlə Basarkeçər rayonundan 25, Vedi rayonundan isə 28 azərbaycanlı ermənilər tərəfindən güllələnmişdi. Vedi rayonunun Alməmməd kəndində yaşayan 80 ailə 1932-ci ildə bir gecədə erməni zülmündən özlərini Araz çayına vurub Türkiyəyə qaçarkən çoxları çayda boğulmuşlar.

1937-ci ildə bir gecədə Göyçənin Basarkeçər rayonunda 157 nəfər yalandan həbs edilmişdir.

Erməni daşnakları 1948-1953-cü illərdə bir çox tədbirlər görsələr də, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın kəskin mübarizəsi nəticəsində azərbaycanlıların kökünü Ermənistandan kəsə bilmədilər. Ermənilərin xaç dostu Moskva həmişə haylara arxa-dayaq olmuşdur. İ.Stalin, Molotov və digər ermənipərəst qüvvələrin xəyanəti sayəsində daşnakların təkidi ilə 1948-1953-cü illərdə 150 min soydaşımız Qərbi Azərbaycandan zorla köçürülmüşdür. 1969-cu ilə qədər Basarkeçər rayonunda partiya komitələrinin birinci katibləri Talıb Musayev və SSRİ Ali Sovetinin deputatı Yunis Rzayev olmuşdur. Həmin müddətdə rəhbər postda azərbaycanlı olduğuna görə qorxudan səslərini çıxara bilməmişlər. Qeyri-qanuni olaraq 1969-cu ildə rayon partiya komitəsinin birinci katibi vəzifəsinə erməni seçildikdən sonra faşist xislətli haylar daha da azğınlaşmış, mərkəzin göstərişi ilə azərbaycanlılara qarşı xəyanət toru hazırlamışlar.

Nəhayət, 1988-ci ildə ermənilər yenidənqurmanın qanadları altına sığınaraq Qərbi azərbaycanlılara qarşı mənfur daşnak siyasətinin ən qəddar variantını həyata keçirdilər. 1988-ci ilin fevralından noyabr ayınadək 300 minə yaxın soydaşımız Ermənistan adlandırılan ərazidən deportasiya olundu. İnsanların hüquqlarının pozulmasına ermənipərəst Mixail Qorbaçov göz yumdu. Ermənilər Raisanı daş-qaşla bəzədilər...

Qərbi azərbaycanlılar yarım əsrə yaxındır ki, doğma ata-baba yurdlarından ayrı düşüblər. Hamı Oğuz elləri üçün darıxır, ancaq ümidlə yaşayırlar. Əmindirlər ki, Vətən müharibəsində, antiterror tədbirlərində ermənilərin başına "dəmir yumruq" endirən qəhrəman, cəsarətli oğullar günlərin birində Amasiyaya, Zəngəzura, Göyçə mahalına, Dərələyəzə, Vediyə, Zəngibasara, Dilican dərəsinə və işğal altında olan digər yurd yerlərimizə dönəcəklər.

Vaxt, zaman bizim xeyrimizə işləyir. Əminik ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası reallaşacaq, çox keçmədən yurd yerlərimizdə çal-çağırlı günlərimiz başlayacaq.

Xəyyam HÜSEYNZADƏ,

neftçi.