İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Gimnastlarımız qızıl və gümüş medal qazanıblar

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər. Sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova qızıl medal qazanıblar.

Fərhad Mustafayev və Ömər Qasımlı isə fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Ölkə çempionatında

Kişi və qadın cüdoçular arasında Azərbaycan çempionatına start verilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsindəki İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın ilk günündə 4 çəki dərəcəsində 104 cüdoçu tatamiyə çıxıb. Qadınlar arasında 48 kiloqramda Şəfəq Həmidova, Ramilə Əliyeva, Xumar Qasımzadə, Leyla Dəmirova, 63 kiloqramda Leyla Əliyeva, Kamilla Töhöliyeva, Diana Şoranova, Leyla Atayeva, kişilər arasında isə 60 kiloqramda Nazir Talıbov, Babarəhim Mirzəyev, Hüseyn Allahyarov, Kənan Hüseynov və 81 kiloqramda Məmmədrza Hacızadə, Kərim Allahverdiyev,  Ömər Rəcəbli, Qədir Hüseynov qalib olublar. Üç gün davam edəcək çempionatda ümumilikdə 14 çəki dərəcəsində 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparır.

Şahmatçımız turnirə qələbə ilə başlayıb

Azərbaycan şahmatçısı Rauf Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə rapid və blits üzrə keçirilən Avropa çempionatına uğurlu start verib. İsveçrə sistemi ilə keçirilən turnirin ilk altı turunda 5 qələbə qazanıb, bir dəfə heç-heçə edən qrosmeyster liderlər qrupunda qərarlaşıb. O, hazırda 5,5 xalla 2-5-ci yerləri bölüşdürür. Azərbaycanın digər təmsilçisi Eltac Səfərli isə 4,5 xalla 39-cu sırada yer alıb. Qitə çempionatına bu gün keçiriləcək beş blits partiyası ilə yekun vurulacaq. Qalib rapid və blits üzrə toplanan xalların cəminə əsasən müəyyənləşəcək. Qeyd edək ki, Avropa çempionatında 500-ə yaxın şahmatçı mübarizə aparır.

Çövkən üzrə Prezident

Kubokunda ilk günün qalibləri

Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokuna start verilib. Turnirin açılış günündə dörd oyun keçirilib. İlk qarşılaşmada "Köhlən" komandası "Şirvan"ı 5-1 hesabı ilə məğlub edib. İkinci matçda "Embavood" "Zəfər" komandasına 3 cavabsız qolla qalib gəlib. Üçüncü görüşdə "Sərhədçi-Dilbaz" - 3-1 hesabı ilə "Omar"ı üstələyib. Günün mərkəzi oyununda isə "Polad" və "Sərhədçi-Qarabağ" üz-üzə gəlib. Oyun "Polad" komandasının 3-1 hesablı qələbəsi ilə yekunlaşıb. Prezident Kubokuna dekabrın 23-də yekun vurulacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".